"Sabah"dan etiraz: "Oxşar epizodlar, fərqli qərarlar"

"Sabah" Premyer Liqanın 12-ci turunda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, Masazır təmsilçisi matçda hakim idarəçiliyindən narazı qalıb. Klub sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edib:

"Oxşar epizodlar, fərqli qərarlar... Son oyunumuzda hakim idarəçiliyi. Sizcə, hakim ədalətli idi? 

- Rəqib komandanın futbolçusu Pyer Zerbi futbolçumuz Emmanuel Apehə qarşı kobudluq edir, lakin hakim nəinki hər hansı vərəqə, hətta cərimə zərbəsi belə təyin etmir. Oxşar epizod yenə Pyer Zerbi tərəfindən “Zirə” – “Sumqayıt” oyununda da yaşanmışdı. Həmin vaxt matçın baş hakiminin qərarı birbaşa qırmızı vərəqə olur. 

- Oyunun 33-cü dəqiqəsində rəqibin futbolçusu Ruan Renato komandamızın üzvü Namik Ələskərovun üzünə zərbə endirsə də, matçın baş hakimi nə hər hansı vərəqə, nə də cərimə zərbəsi təyin edir. Cəmi 9 dəqiqə sonra oxşar qayda pozuntusuna yol verən futbolçumuz Emmanuel Apeh isə sarı vərəqə ilə cəzalandırılır. 

- Hakim haqsızlığı ilə üzləşmiş Emmanuel Apeh bu qərara bir qədər sərt reaksiya göstərir. Hakimin bu reaksiya üçün qərarı ikinci sarı vərəqə və meydandan qovulma olur.

Maraqlıdır ki, bu matçdan cəmi bir gün öncə keçirilmiş “Səbail” – “Turan Tovuz” oyununda futbolçunun oxşar etirazı heç bir vərəqə ilə dəyərləndirilmir. 

“Sabah” – “Zirə” oyununun gedişində “Zirə” klubunun oyunçusu Abbas İbrahim hakimə sərt etiraz bildirsə də, Apehin epizodundan fərqli olaraq hakim heç bir vərəqə göstərməyə ehtiyac görmür. Əvəzində futbolçuya yaxınlaşaraq ona təskinlik verir və sakitləşdirir.  

- Oyunun 90-cı dəqiqəsində, düz hakimin gözü qarşısında rəqibin hücumçusu Vladislav Kulaçla komandamızın müdafiəçisi Maruan Hadudi arasında müəyyən gərginlik yaşanır. Matçın baş hakimi sonradan bu oyunçular arasında olan mübarizəni diqqətdən kənarda saxlayır. Cəmi bir neçə saniyə sonra isə Kulaç komandamızın müdafiəçisi Hadudinin ayağına topsuz zonada aşkar zərbə endirir. Maraqlıdır ki, bu epizod VAR hakimlərinin də diqqətini cəlb etmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right