Bu gün AFFA İntizam Komitəsinin iclası keçirlib.
Newsport.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
İclasda Misli Premyer Liqası 11-ci turunun oyunlarında yaşanan bəzi hadisələrlə bağlı qərarlar verilib.
“Turan Tovuz” – “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra “Kəpəz”in analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.
“Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt” 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” 700 manat cərimələnib. Oyunun 90+3-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat, “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Ağdam təmsilçisi 700 manat cərimə edilib.