Reallığı görməyəndə...

Hər il eyni ssenari təkrarlanır. "Qarabağ" avrokuboklarda büdrəyən kimi bu klubun və baş məşqçisinin bəzi tənqidçiləri əllərini bir-birinə sürtüb, yağışdan sonra boy atan göbələklər kimi üzə çıxırlar. Tənqidlər də artıq şablonlaşıb. Klubun yarıtmaz transfer siyasəti, Qurban Qurbanovun tükənməsi və s. və i. Artıq bütün bunlara o qədər alışmışıq ki, sanki hər ilin qışında dejavu yaşayırıq. 
 
Əslində belələri üçün fərqi yoxdur. "Qarabağ" necə oynayıb, kimə uduzub, hansı səbəblərə görə məğlub olub. Bunlar üçün ortada yalnız komandanın mübarizəni dayandırması faktı var. Vəssalam. Başqa ölkənin vətəndaşları bizim bu facebook tənqidçilərimizin yazılarını oxusa, düşünər ki, Azərbaycan elit futbol ölkəsidir, hər il böyük uğurlar qazanır, bircə Qurban və onun komandası futbolumuzda qara ləkədir, üz qarasıdır.
 
Halbuki araşdırsalar görərlər ki, son 10 ildə bu ölkənin əmsalına "Qarabağ"dan çox xal yazan klub olmayıb. Haqqına qalsa, bu komanda Azərbaycan futbolu adlı səhrada açan çiçəkdir. Sadəcə, xəbislik və paxıllıq bəzi şəxslərə bu reallığı etiraf etməyə imkan vermir. 
 
Əşşi, kimə deyirsən axı. Belələri üçün reallıq deyə anlayış yoxdur axı. Olsaydı, Azərbaycan futbolunun əsl gücünün avrokuboklarda heç qrup mərhələsinə yüksəlməyə belə çatmadığını qəbul edərdilər.
 
80 faiz "Qarabağ"ın sayəsində əmsallara görə ölkəmiz demək olar ki, Avropa ölkələrinin yarısını qabaqlayıb. Amma reallıqda Azərbaycan futbolu əmsalda geridə qoyduğumuz Sloveniya, Gürcüstan və Ermənistan kimi ölkələrin futbolundan öndə deyil. Əksinə, həm uşaq futbolunun vəziyyətinə görə, həm yerli oyunçuların gücünə görə, həm də milli səviyyəsinə görə bu ölkələrdən geridəyik. Yerli çempionatın səviyyəsi, azarkeş marağı da bir ayrı dərddi.
 
Belə bir bataqlıqdan "Qarabağ" çıxıb az-çox üzümüzü güldürürsə, bu kluba da, onunla tarix yazan baş məşqçiyə də "çox sağ ol" deməli, xoş günündə olduğu kimi, dar günündə də dayaq olmalıyıq. Yaxşı dost dar gündə tanınar!
 
P.S. Belə tənqidçilərə Elçin Cəlilov, Kənan Məstəliyev və Nurlan İbrahimovun yazıları da gözəl cavabdır.
Hacı Mərdan




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right