"Neftci'nin qələbəsi hər iki klubun yeni başlanğıcının cığırı idi

`Neftçi` çempion oldu. Dünən də yazdığım kimi bizə çempionu təbrik etmək düşər. Məsiyev? Baş hakim əlbəttə epizodlarından ən azından 1-nin penalti olduğunu dəqiq bilirdi (görürdü). Dünən 5 dəfə də Xaymeni yıxsaydılar `nöqtə`ni göstərməyəcəkdi, o ayrı məsələ.
 
Amma dünən Məsiyevin verdiyi qərarlardan da daha önəmli olan hiss `Neftçi`nin inamı və ya bunu istəməsi idi.   3 gün bundan öncə Rüstəm mənə 2014-də ilk çempionluğumuz zamanı çəkilmiş videomu göndərib mən də bu hissləri yaşamaq istəyirəm yazmışdı. O qədər içdən yazmışdı ki, inamın uğurun yarısını olduğunu hiss etdirdi. `Neftçi`dən çox Rüstəmə inanmışdım o zaman.
 
Dünən inamın və inanmaq hissinin mübarizəsi idi. Ki, bu ölkədə 3 klubunun avrokuboklarda qrup oynamasına baxmayaraq `aldı-satdı-verdi` damğasıyla daim ucuzlaşdırılan, haqq etdiyi dəyəri almayan klubların 2-sinin mübarizəsi böyük haqsızlığa, aşağılanmağa rəğmən bu Liqa üçün yeni çağırış idi. 
 
Necə? Nə qədər paradoksal səslənsə də dünənki `Neftçi`nin qələbəsi hər 2 klubun yeni başlanğıcının cığırı idi. 
Dünənki qarşılaşma Samir Abasovla Qurban Qurbanovun cəsarətinin təcəllisi idi.
 
Samir Abasov meydana 5 müdafiəçi buraxsa da əslində cəsarətinə inanırdı. Ki, özündən daha güclü, `oturuşmuş` komandaya qarşı açıq oynayıb `va banka` getməkdənsə sona qədər gözləyib ağır artilleriyasının 1 dəqiq atəşiylə zəfərə qovuşmaq istəyirdi. Alındı. Olmaya da bilərdi. Amma futbolun gözəlliyi budu. Səni üzür, yıxır, qaldırır və bu emosiyaların heç də əbədi olmur. Və `Neftçi` çempiondu. Oynadı və qazandı. Əsas rəqibi üzərində  3 qələbə varsa bu çempionluğun taclandırılmasıdı. 
 
Qurban Qurbanov isə mövsüm ərzində daha önəmli çempionluq qazanmışdı. Bəlkə `Qarabağ` FK tarixinin keşməkeşli ilində komandanın qazandıqları `qızıl` əyarından daha önəmli idi. `Qarabağ` çətin şərt altında başladı mövsümə. Komadanın `onurğa sütunu` Rəşad Sadıqov karyerasını bitirdi. `Molde`ylə oyunda Kiprə `sürgün` edildi, son anda ÇL-in qapısından döndü. Ardınca Vətən müharibəsi başladı. `Legiya` ilə Polşda mübham oyun.. Savaşın 4-cü günündə Qurbanovun komandası ilahi missiyanı öz üzərinə götürdü, növbəti dəfə `layihə komandası` ucuzluğunu tarimar etdi, 3:0-lıq qələbə bizi bir daha illər sonra torpaqlarımızın hürriyyətinə inam aşıladı. 
 
Bununla yetmədi, zədələr ard-arda gəldi,  qışda Donald yola salındı. Qurbanov yenə də ölkə futboluna yeni nəsil qazandırmaq üçün riskə gedib oyunçu almadı. Elvin Cəfərquliyevə sol cinahı əmanət etdi, Xaymedən formanı alıb gənc Torala verdi. İsmayıl Matiçi `ehtiyat`a göndərdi. Bu gənclər bəlkə də bu il `qızıl` almadılar. Amma `qızıl` üçün yetişdilər, böyüdülər. 
 
Qurbanov yeni məğrurluğunu qorudu, rəqibi təbrik etdi,1 kəlimə də əlavə söz demədi.  Yəqin, geyinib-soyunma otağında  futbolçularına da 1-1 təşəkkür edib onlara bu oyunu unudub sabah üçün hazırlaşmağı söyləyib.
 
Ümumiyyətlə, bu `Qarabağ` epopeyasının təməl prinsipidi. Kimisə itttiham etməmək, üzüntüsünü kədərə çevirməmək, yeni çağırışlara köklənmək. Əminəm ki, Tahir Gözəl oyunda sonra gəlib `Hoca`sını qucaqlayıb, futbolçularına da ənənəvi alicənablığı ilə təşəkkür edib, əməkdaşlara da `keçmiş olsun` deyib gedib. 
 
İllərin sabitliyi, təcrübəsi, fəlsəfəsi, peşəkar heyəti ilə `Qarabağ` bu məğlubiyyəti unutmağı öyrənəcək qədər böyüyüb. Xüsusi nəsə olmasa `Qarabağ`ın növbəti 5 illik çempionluğu üçün zəmin yaranıb.  
İndi sıra `Neftçi`dədi. Cari mövsüm klişe pafosdan kənar, işini sevən, dəyər verən kadrlarla yola çıxan klub `Qarabağ`a iliş(dir)mək istəyirsə 1 güllə baharın olmayacağına inanmalı, hər qışa yazın hərarətiylə girməməlidi. 
 
Belə olacağı halda, həm `Qarabağ`, həm də Neftçi` yəni Azərbaycan futbolu qazanacaq. Bütün çempionatların daimi (yeganə) 2 iştirakçısının güclənməsi, söz yox öz mübarizəsi dünyanın ən populyar `branç`ına yeni nəfəs gətirəcək.
 
Nurlan İbrahimov




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right