Rəvayət KÖŞƏ

AFFA-nın baş katibi Elxan Məmmədov dünyanın ən böyük azərbaycançılarından biridi. Elxan müəllim bu ideologiyanın inkişafı naminə gecə-gündüz çalışan insanlardandı. Bəzi qara qüvvələri başa düşmürəm. Özbəkistanla oyunda milliyə dəvət almış futbolçuların nənələrinin milliyyətinə xor baxan qüvvələri deyirəm. Guya hansısa futbolçunun nənəsinin azərbaycanlı olmasına şübhələri varmış.

O futbolçunun adını xatırlamıram, (üzrlü sayın, öyrənib, növbəti yazıda xüsusi qeyd edəcəm) amma dəqiq bilirəm ki, onun nənəsi, dırnaqdan deyə bilmərəm,  təpədən Azərbaycana bağlıdı.

Deməli ki, bu futbolçunun nənəsi qədim zamanlarda Kür çayının Türkiyə ərazisindən keçən hissəsində yerləşən kənddə yaşayırmış. Həmin vaxt ömrünün baharını yaşayan nənə Kür çayında saçını yuyurmuş. Nənənin saçından 3 tel qopur, qarışır Kürün suyuna. Kürün dəli-dolu olmasına baxmayın,  sədaqətli çaydı. Türk qızının saçından qopan 3 teli gətirib çıxardır Azərbaycan ərazisinə. Nənənin saçlarından 3 tel qopan günün axşamı Azərbaycanın Qazax mahalında bir igid yuxu görür. Yuxuda ona türk gözəlinin saçından qopmuş həmin 3 tel  buta kimi verilir. Üstündən bir müddət keçəndən sonra igid  Kürdə atını suvararkən suyun üzərində üzən  saç tellərini görür. Əl atıb üçünü də Kürün sularından alır. Bu hadisə xalq arasında rəvayətə çevrilir. Çox-çox sonralar, Azərbaycanda kommunist rejimin kəshakəs vaxtında böyük azərbaycançılardan olan xalq rəssamı Salhab Məmmədov bu rəvayətə həsr olunmuş unikal portret işləyir. Həmin portret (portretin təsvirini qəsdən vermirəm, zəhmət çəkib ömrünüzdə bir dəfə də sərgi salonuna gedin, özünüz baxın) dünyanın ünlü sərgi salonlarında dəfələrlə nümayiş olunub. Deyirlər o vaxtlar uşaq olan Elxan Məmmədov tez-tez bu portretin qarşısında dayanıb fikrə dalarmış.

Balaca Elxan hələ o vaxt özünə söz veribmiş ki, böyüyəndə o saç tellərinin sahibi olan gözəlin nəsl-nəcabətini axtaracaq.

Hallal olsun, axtardı və tapdı. Saçının 3 teli Kürə qarışıb Azərbaycana gələn o gözəli biz necə azərbaycanlı hesab etməyə bilərik? Məndə olan məlumata görə, Mikayıl Nərimanoğlu bu hadisədən necə təsirlənibsə, povest yazmağa başlayıb.

Azərbaycan millisi sərgi salonudu. Futbolçuların sərgi salonu. Böyük azərbaycançı Elxan Məmmədov bütün dünyaya səpələnmiş azərbaycanlıları axtarıb tapır, onları millinin sərgi salonunda nümayiş etdirir. Obrazlı desək, bizimkiləri bizə tanıtdırır, özümüzü özümüzə qaytarır.

Bəzi qara qüvvələr də futbolçuların nənəsinin, babasının azərbaycanlı olmasına şübhə ilə yanaşır. Özünüzə qayıdın və ya gəlin, yoxsa Kür kükrəyər...

P.S. Azərbaycanın ünlü meyxanaçılarına müraciət edirəm ki, bu rəvayəti nəzmə çəksinlər. Xalqımız son vaxtlar povest-zad oxumur. Güman ki, Mikayıl müəllimin povestini də oxumayacaqlar. Amma meyxana... Qulaq asın cəmaət, mən danışım rəvayət...  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right