Kateqoriya: Yazarlar | Tarix: 05.03.2018 14:00
“Qəbələ”nin ardıcıl uğursuzluğu komanda üçün ciddi siqnal olmalıdır.
Ötən tur “Səbail”ə məğlub olan əyalət təmsilçisi bu dəfə “Neftçi” qarşısında “ağ bayraq qaldırdı”. Oyuna sönük başlayan Roman Qriqorçukun yetirmələrinin həvəssiz oyunu matçın startından hiss olunurdu. Ev sahiblərinin meydandakı mübarizə ehtirasının zəifliyi sürpriz nəticənin olacağı üçün kiçik işarə idi. Sönük başlayan matçda paytaxt təmsilçisi də xüsusi oyun tərzi ilə seçilmirdi. Meydanın mərkəzində gedən mübarizədəki səssizliyi 31-ci dəqiqədə Namiq Ələsgərovun tirə dəyən zərbəsinin səsi pozdu. 3 dəqiqə sonra isə Yusif Nəbiyevin sol cinahdan ötürməsindən sonra rəqib müdafiəçilərin lüzumsuz səhvindən Elvin Məmmədov yararlanıb “Qəbələ”ni önə keçirdi. Çətin də olsa, meydan sahibləri ilk hissəni üstün tamamlaya bildi. İkinci hissənin startından isə “Neftçi”nin qol üçün irəli atılması gözlənilən idi ki, bu da baş verdi. Lakin heç də yaxşı dövrünü yaşamayan, son zaman ətrafında bir çox söz-söhbətlər gəzən, yeni prezident dəyişikliyinə gedən paytaxt təsmilçisi ideal oyun göstərə bilmirdi. Yeni transferlərin də özünü göstər bilmədiyi komanda tutarlı hücumlar qura bilmirdi. Gedişat matçın “Qəbələ”nin minimal üstünlüyü ilə tamamlanacağına işarə vururdu.
Fikrimcə, vurduğu qoldan sonra “qırmızı-qaralar” da matçında axarından narazı deyildi. Sakit və meydanın mərkəzində gedən mübarizə. Lakin sükutu ötən tur “Səbail”lə matçda komandasını çətin vəziyyətə salan Vitali Vernidub pozdu. Ukraynalının Emin Mahmudovla mübarizədə inamsız oyunu Mirabdulla Abbasovun taboldakı rəqəmləri eyniləşdirməsinə gətirib çıxardı. Bundan sonra “Qəbələ”nin irəli atılacağını gözlənilən olsa da, “Neftçi” daha yaxşı təsir bağışlayırdı. Müdafiə xəttindəki səliqəli oyun meydan sahiblərinin təhlükəli hücum yarada bilməməsinə gətirib çıxarırdı.
“Qəbələ”nin lideri Filip Ozobiçin özünü göstərə bilməməsi, komanda üçün çətinlik yaradırdı. Cavid Hüseynovun da yoxluğu hücumçuların topla təmin edilməsində də problemlər ortaya çıxarmışdı. Baqaliy Dabo və Famussa Konenin müdafiə xəttinə qədər gəlib top götürməsi bunun sübutu idi. Belə vəziyyət ön xəttdəki “dişsizlik” özünü aşkar biruzə verdi. Qol vəziyyətləri yaratmaq çətinlik çəkən “Qəbələ” 73-cü dəqiqədə növbəti dəfə müdafiəçilərin səhvinin əziyyətini çəkdi. Cavidin yoxluğunda kapitan sarğısını daşıyan Ürfan Abbasovun ani diqqətisizliyi qolla nəticələndi. Ürfandan ustalıqla sıyrılan Errera Bezotosnı ilə təkbətək dueldən qalib ayrıldı. Bundan sonra da matçda qeyri-adi heç nə baş vermədi. Yalnız Yusif Nəbiyev qırmızı vərəqə almaqla “fərqləndi”. Bezotosnı topa çatacağı halda Namiq Ələsgərovu köynəyindən tutub saxlayan gənc futbolçu “rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə” meydandan qovuldu.
Beləliklə “Qəbələ” çempionluq yarışında ağır zərbə aldı və “Qarabağ”la aralarındakı xal fərqli 10-a yüksəldi. Onsuz da ötən tur “Səbail”lə matçda əyalət klubu Ağdam klubun ardıcıl 5-ci çempionluğu qazanmaq şansını artırmağa “kömək etmişdi”. Ardıcıl ikinci uğursuzluq isə “Qəbələ” üçün çempionluq son notları idi. “Qırmızı qaralar” bu məğlubiyyətlə çətin ki, “köhlən atlar”a çata bilə.
Bundan başqa Roman Qriqorçukun yetirmələri təkcə məğlubiyyətlə deyil oynadığı futbolla müzakirə mövzusuna çevrilib. Heç də özünə bənzəməyən komandanın qış fasiləsindən sonrakı inamsız çıxışı heç də yaxşı gələcək vəd etmir. Heyətdən göndərdiyi bəzi oyunçuların yerini doldura bilməyən ukraynalı mütəxəssis hücum xəttində də əməlli-başlı problemlə üz-üzə qalıb. Kone və Monrozdan istədiyini ala bilməyən Qriqorçuk üçün çempionluq yarışını bitmiş saymaq olar.
Yalnız “Qəbələ” mövsümdə tarix yaza bilər. Belə ki, Qriqorçukun komandası ilk dəfə Azərbaycan kubokunu başı üzərinə qaldıra bilər. Lakin bu yolda da onların rəqibi “Neftçi”dir. “Qəbələ”nin “Neftçi”yə uduzması, paytaxt təmsilçisi üçün kubokda da motivasiya ola bilər. Yalnız əzmkarlıq və futbolçuların fərdi keyfiyyəti hesabına səfərdə qələbə qazanan Tərlan Əhmədovun komandası bu qalibiyyətdən sonra kubokda motivasiya ilə mərhələni adlaya bilər. “Qarabağ”ın kubokdan kənarda qalması, 4 komandanın da şanslarını artırır. Amma görünən odur ki, bu mərhələdə ən maraqlı duel elə finala bərabər – “Qəbələ” – “Neftçi” oyunları olacaq.
Mərdan HƏSƏNOV/ Qəbələ