Gedirsizsə, bəhanəsiz gedin!

"Araz Naxçıvan” rəhbərliyinin səbr kasası niyə daşdı?

Amal Abuşov

"Xatırlayırsızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi.” Bu cümlələr Naxçıvan klubunun sonuncu bəyanatından seçdiyim kiçik bir hissədi. 

Sizin "səbr kasanız” nə dayaz imiş? Şəxsən mən "Araz Naxçıvan” rəhbərliyinin xatırlatmağa çalışdığı oyunları unutmamışam. Qəbələdəki oyunda hakim təyin etməli olduğu penaltini gözündən qaçırmış, əvəzində nisbətən yumşaq epizodda "nöqtə”ni göstərmişdi. Bununla belə "Araz Naxçıvan”ın "Qəbələ”yə məhz hakim səhvi ucbatından uduzduğunu iddia etmək üçün əsas yoxdu. Ən azından ona görə ki, bu komandaların Naxçıvandakı görüşündə də birinci dövrədə olduğu kimi Muntyanunun yetirmələri minimal hesabla qalib gəldi. Deməli, "Qəbələ”nin Muxtar Respublika təmsilçisini məğlub etməsi üçün heç də hakimlərin köməyinə ehtiyac yoxdu. 

"Sumqayıt”la oyundakı mübahisəli epizodlar da yadımdadı. Bu cür hallarla üzləşməyən peşəkar komanda axtarsan, dünyanın heç bir yerində tapılmaz. Bütün bunlar bir tərəfə. Laysman Azər Əsgərovun israrlarından sonra Vüsal Əliyevin təyin etdiyi penaltini bəhanə gətirib Premyer-Liqada mübarizə aparmaqdan imtina etmək, klub rəhbərliyinin futbolla bağlı təsəvvürlərini bütün çılpaqlığı ilə aşkara çıxarır. Yəqin ki, hörmətli oxucularımız da həmin epizodun videotəkrarına dəfələrlə baxmağa imkan tapıblar. "Qarabağ” 3:0 hesabıyla irəlidədi, oyunun gedişatı da rəqibin müqavimət imkanlarının məhdud olduğundan, meydan sahiblərinin böyük üstünlüklə qalib gələcəyindən xəbər verir. Hansı hakim belə bir məqamda kobud səhvə yol verib, özünü oda atar? 

Həm Azər Əsgərov, həm də Vüsal Əliyev kifayət qədər təcrübəli hakimlərdi. Hər ikisinin başı daşdan daşa dəyib. Belə olan halda yan xətt hakiminin əmin olmadığı penaltiyə görə israr edib, oyunun baş hakimini də səhvə məcbur etməyə cürəti də çatmaz. Düşünər ki, onsuz da meydan sahibləri qələbə qazanır, penalti təyin olunmasa belə kimsə bizi "asıb-kəsməyəcək”. Deməli, Əsgərov qayda pozuntusunun olduğuna zərrə qədər də şübhə etməyib. Necə ki, biz özümüz də həm oyunun gedişində və sonradan baxdığımız görüntülərdə də topun cərimə meydançasının daxilində "Araz Naxçıvan”ın futbolçusunun əlinə dəyib, istiqamətini dəyişdirdiyini gördük. 

Hər penalti qərarına görə komandalar küsüb, çempionatda iştirakdan imtina etsəydilər, gərək ötən mövsüm birinci diviziondakı əksər komandalar "Araz Naxçıvan”la oyundan sonra eyni cür davranaydılar. Keçən ilin bu vaxtlarında az qala hər tur "Araz Naxçıvan”a rəqib olan komandaların qapısına 11 metrəlik cərimə zərbəsi təyin olunurdu. 

Uzun sözün qısası, elitayla birinci dvizionun arasındakı ciddi fərqi görəndən sonra "Araz Naxçıvan”ın başbilənləri hara düşdüklərinin fərqinə vardılar. Burda başqa şərtlər, başqa standartlar olduğunu görən kimi bəhanə axtarmağa başladılar. Komandanın çalışdırıcısı Əsgər Abdullayev hər məğlubiyyətdən sonra "əlimizdəki heyətlə bundan artığına nail olmaq mümkün deyil, gücümüz ancaq buna çatır. Qışda seleksiyaya başlamalıyıq, yeni transferlərlə güclənməliyik” deyirdisə, əlavə sözə nə gərək var? 

Başqalarından küsməyin, özünüzdən küsün. Məhşur bir şeirdə deyildiyi kimi: getmək istəyirsizsə, bəhanəsiz gedin!

Sport7.Az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right