Qızınmadıq istisinə... -YAZI

Dədələrimizdən bizə zəngin bir miras qalıb. Dünyanın indiki qarmaqarışıq zamanında bu mirasın heç misli yoxdur. Mənim kitab-dəftərimə görə, hətta Azərbaycan neftindən də bahadı.
Bu zəngin xəzinəyə bəzən atalar sözü də deyirik. Başqa məsələləri dəqiq deyə bilmərəm, amma dədələrimizdən qalan bu xəzinəni heç də pis qorumuruq. Elə hər birimiz bir nəfəsə azından 15-20 atalar sözü deyə bilərik, özü də əzbərdən. Adam tanıyıram ki, hər iki kəlməsindən biri atalar sözüdü. Lakin yazımın qəhrəmanı o deyil. Belə götürəndə, bu köşəmin qəhrəmanı yoxdur. Çünki...
Dədələrimizin zəngin xəzinəsinə daxil olan sözlərdən biri də belədir - "Qızınmadıq istisinə, kor olduq tüstüsünə”. Bu atalar sözünün yaranma tarixini bilmirəm, lakin müəyyən təxminlərim var. Dəqiq bildiyim odur ki, bu müdrik atalar sözü yarananda ingilislər heç futbolu icad etməmişdilər. İngiltərədə futbol yaranmamışdısa, deməli, Azərbaycanda da bu oyun barədə heç kim heç nə bilmirdi. Bizdə futbol yaranmamışdısa, deməli Rauf Əliyev də hələ "Qarabağ” klubunda top qovmurdu. Rauf hələ "Qarabağ”da oynamırdısa, bu məntiqlə heç "Bakı”ya da transfer olunmamışdı. Kabab iyinə "Bakı”ya getməmişdisə, deməli, eşşəyin dağlandığını da hələ görə bilməzdi. 
Nə isə... "Qızınmadıq istisinə, kor olduq tüstüsünə” atalar sözünün tarixi çox qədimlərə gedib çıxır. Bu məsələni alimlərimizin ixtiyarına buraxaq, qoy onlar öz işlərini görsünlər.  
Biz də öz işimizlə məşğul olaq. Araşdıraq görək bir zamanlar "Qarabağ”dakı oyunu ilə adından söz etdirən, perspektiv vəd edən futbolçumuz Rauf Əliyev indi haradadır? Dəyərli oxuculardan bəzisi deyəcək ki, bu müəllif heç futbola baxmır. "Xəzər Lənkəran”ın 15 min nəfərlik stadionunun ot örtüyünə and olsun ki, futbola baxmağı xoşlayıram və hətta arada-sırada baxıram da... Hətta bilirəm ki, Rauf Əliyev millimizin düşərgəsindədi, İtaliya yığmasına qarşı meydançada gəzişənlərin arasında o da vardı. Canım sizə desin, həmin oyunda Rauf əfsanəvi Buffonun yanından keçməsəydi, heç İtaliya futbolçuları öz qapılarına top vurmayacaqdılar. Onu da dəqiq bilirəm ki, xorvatlarla oyunda da Rauf meydana çıxıb gəzəcək və qayıdacaq Lənkərana. 
Qardaşlar, görürsüz də, mən Rauf Əliyevin "Xəzər Lənkəran”da oynadığından da xəbərdaram. Hələ onu da bilirəm ki, Rauf Lənkəran tərəflərə gəlməzdən öncə "Bakı”ya transfer olunmuşdu, paytaxt klubu pul-para sarıdan sıxıntı keçirdiyindən bütün futbolçular kimi o da acından günorta dururdu. Bildiklərimin hamısını yazmaq istəmirəm...
Həmişə çempionluğa oynayan, son illər tərslikdən bu istəyi Xəzər dənizinin dibinə düşən cənub klubu Rauf Əliyevi böyük ümidlərlə transfer etdi. Dədələrimiz demişkən, istisinə qızınmaq istədi, amma indi Raufun tüstüsündən "Xəzər Lənkəran” turnir cədvəlində özündən öndəki klubları görə bilmir. Düzdür, "ağ-yaşılların” çempionata belə uğursuz başlamalarını yalnız Raufla bağlamaq fikrində deyiləm, bu bir az insafsızlıq olar. Amma digər qiymətli atalar sözündə deyildiyi kimi, uman yerdən küsərlər. 
Milli çempionatımız analıq məzuniyyətinə çıxıb, bir aya yaxındı oyunlar olmur. Geridə qalan 7 turda "Xəzər Lənkəran”ın əsas qol silahı sayılan Rauf Əliyev cəmi 1 dəfə fərqlənib, o da AZAL ilə matçda. Həmin görüşün ilk turda keçirildiyini nəzərə alsaq, Raufun necə məhsuldar oyun sərgilədiyinin şahidi ola bilərik. Belə görünür ki, Rauf "Bakı”da maaşsız qaldığı ayların xiffətini çəkir, ona görə də başı və ayağı top tutmur. 
Yazımın əvvəlində sözarası bildirmişdim ki, bu köşənin qəhrəmanı yoxdur. "Xəzər Lənkəran”a böyük ümidlərlə gətirilən, hər günü filan qədər pula başa gələn, amma bütün bunların qarşılığında 7 oyuna cəmi bircə dənə qol vuran hücumçu qəhrəman sayıla bilərmi?

Atalarımız demişkən... Yox, yazmıram, qalsın başqa vaxta. Dədələrimizdən bizə əmanət qalan qiymətsiz sözlərdən daha dəyərli futbolçular barədəki yazımda istifadə edərəm...  

Etibar Cəbrayıloğlu
"Het-trik news” qəzeti





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right