Keçən il dekabrın 16-da idman mətbuatı dəhşətli xəbərlə günü açdı. Ağdam – Xankəndi yolunda Peşəkar Futbol Liqasının (PFL) rəhbər şəxslərini daşıyan maşın ağır qəzaya məruz qalmışdı. PFL-in prezidenti Elxan Səmədov, vitseprezidenti Aslan Şahgəldiyev, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov, mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev və digər şəxslər ciddi xəsarət almışdılar. Qurumun sütunları sayılan bu şəxslər elə həmin gün “Liv Bona Dea” hospitalına yerləşdirildi. Nisbətən yüngül xəsarət alan
Abbasovla Abdullayev bir müddət sonra işlərinin başına döndülər. Ancaq Şahgəldiyevlə Səmədovun müalicəsi bu gün də davam edir. Şükürlər olsun, artıq
Aslan bəy də ayağa qalxıb və ölkə kubokunun finalına da təşrif buyurmaqla ictimaiyyəti sevindirdi. Ancaq Elxan bəy də hələ də yataq şəraitində müalicə olunur.
Ancaq ağır qəza PFL-in işini axsatmadı. Bu qurum 2023/24 mövsümünün əvvəlindən çiyninə götürdüyü ağır işin öhdəsindən layiqincə gəldi. Adı çəkilənlərlə yanaşı, qələm əhli kimi tanıdığımız digər gənc və enerjili əməkdaşların fədakarlığı nəticəsində bütün təşkilati məsələlər demək olar ki, qüsursuz şəkildə yerinə yetirildi. Zərərçəkənlər müsahibələrində dəfələrlə qeyd edib ki, ağır qəza onları işdən
soyutmayıb. Məhz bu qəzadan bir müddət sonra Xankəndi stadionunda “Qarabağ” və MOİK arasında görüş yüksək səviyyədə keçirildi ki, bunda da PFLin böyük rolu var. Xəstəxanada daim bir-biriylə işlə bağlı müzakirələr aparıblar, Elxan bəyin təlimatlarını alaraq böyük məsuliyyətlə yerinə yetiriblər.
Zarafat deyil, mövsüm ərzində 720 oyun (180 premyer liqa, 180 əvəzedicilər liqası, 182 II liqa, 135 I liqa, 39 kubok, 4 pley-off) təşkil edilib. I və II liqanın oyunları PFL-in yutub kanalı vasitəsilə yayımlanıb. Az sayda operatorla həftə ərzində onlarla oyunun
işıqlandırılmasını təmin ediblər.
Əlbəttə, bütün bunlar hələ bizim gördüklərimizdir. Ölkə futbolunda boydan olan problemlərin fonunda PFL-in böyük əmək sərf edərək ortaya qoyduğu işin bir qiyməti var - fantastika!
Elxan Səmədov və onun dürüst, vicdanlı və işgüzar komandasının belə bir nəticə ortaya qoyması Azərbaycan futbolunun gələcəyinə ümid yaradır. Hər nə qədər bir çox hallarda qeyri-mütərəqqi addımlar atsa da, uşaq futbolundan tutmuş milli komandaya qədər çatışmazlıqlar N qədər olsa da, PFL-in işıq saçan, yorulmaq bilməyən fədakarlar “ordusu” bizə zamanla hər şeyin daha yaxşı olacağına inam bəxş edir. Nə qədər ki onlar iş başındadır, deməli, narahat olmağa dəyməz. Əminəm ki, növbəti mövsüm bizi başqa xoş sürprizlərlə sevindirməyə
davam edəcəklər.