Azərbaycan şahmatçıları “İpək Yolu Kuboku”nda oynayacaqlar

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də SOCAR-ın təşkilatçılığı ilə internet üzərindən blits şahmat üzrə beynəlxalq İpək Yolu Kuboku keçiriləcək.

Newsport.az xəbər verir ki, turnir Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə 26 mayda Gürcüstanda Müstəqillik gününə, 28 mayda isə Azərbaycanda Respublika gününə həsr ediləcək.

Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının saxlanılması eləcə də şahmatın təbliği ilə bağlıdır.

Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirdə ümumilikdə 50 iştirakçı olacaq. İpək Yolu Kubokunda AŞF və GŞF tərəfindən FİDE əmsalına görə (01.05.2020 tarixinə) kişilərdə ilk 12, qadınlarda ilk 8 şahmatçı və 16 yaşa qədər gənclər arasında (01.01.2020 tarixinə 16 yaşı tamam olmamış) ilk 3 şahmatçı mübarizə aparacaq. Federasiyalar yarışa “wild card” ilə 2 şahmatçı dəvət etmək hüququna malikdir.

Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaq. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 15 turdan ibarət olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right