Transfer bazarında kim daha fəaldır? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 13-cü yazıs

Layihəmizin sonuncu yazısı transferlə bağlı olacaq. Komandaların yeni mövsüm ərəfəsində heyətini necə gücləndirməsi önəmli məsələdir. Çünki mövsümdəki çıxışda əsas rolu yay hazırlığı və bu aylarda gerçəkləşdirilən transferlərdən asılıdır. İlk baxışdan növbəti 2017/18 mövsümünün gərgin mübarizə şəraitində keçəcəyini gözləmək olar. Çünki elita iştirakçıları transferdə yetərincə fəallıq nümayiş etdirir. Unutmayaq ki, hələ onların ixtiyarında 1 ay yarım vaxt var. Çünki sentyabrın 1-dək – “transfer pəncərəsi” bağlananadək futbolçu almaq olar. Premyer Liqada son mövsümdəki sıralamaya uyğun olaraq komandaların transfer fəaliyyətini incələyək.

Qarabağ

Gələnlər: Abbas Hüseynov (İnter), Anton Kanibolotski (“Şaxtyor”, Ukrayna), Yakub Rzejniçak ("Legiya", Polşa), Vild-Donald Gerye ("Alanyaspor", Türkiyə)

Gedənlər: İlyas Səfərzadə (Kəpəz), Azər Salahlı (Sumqayıt), Vüqar Mustafayev (Zirə), İlqar Qurbanov (Qəbələ), Vüqar Nadirov (Səbail), Boyan Şaranov, Muarem Muarem (“Aktobe”, Qazaxıstan).

Çempion transfer sarıdan tələsməyə lüzum görmür. “Qarabağ”da suyu üfürə-üfürə içirlər. Yanlış transfer olmasın deyə yüz ölçüb, bir biçirlər. Baş məşqçisindən tutmuş klubun baş direktoruna kimi. Gedənlərdən ikisi ictimaiyyəti təəccübləndirdi. Nə İlqar Qurbanovun, nə də Muarem Muaremin komandanı tərk edəcəyi gözlənilirdi. Ancaq nədənsə Qurban Qurbanov onların xidmətinə ehtiyac durmadı. Hələ mövsüm başa çatmamış Abbas Hüseynovun “Qarabağ”la anlaşdığını hamı bilirdi. Gənc müdafiəçinin keçidi gələcəyə hesablanmış addımdır. Qalanları legionerlərdir. Anton Kanibolotski İbrahim Şehiçin əvəzləyicisi funksiyasını yerinə yetirəcək. Görünür, Qurbanov 2-ci qapıçı kimi Şahruddin Məhəmmədəliyevə o qədər də güvənmir. Yakub Rzejniçak təcrübəli mərkəz müdafiəçisi kimi istənilən anda Bədavi Hüseynovu və ya Rəşad Sadıqovu əvəzləyə bilər. Elvin Yunuszadənin “Fiorentina” ilə Florensiyadakı oyunda etdiyi səhvi unutmamışıq. Stopper mövqeyi risklidir. Bu üzdən polşalı futbolçunun keçidini doğru addım saymaq olar. Vild-Donald Geryenin hücumda məhsuldar olub-olmayacağını zaman göstərəcək. Haitili forvard texnikası və sürətiylə seçilir. Bircə qalır qara dərili futbolçunun komandaya qısa müddətə uyğunlaşması. Ancaq yarımmüdafiənin cinahına keyfiyyətli bir futbolçu da alınsa, pis olmaz.

Qəbələ

Gələnlər: Elvin Məmmədov (Zirə), İlqar Qurbanov (Qarabağ), Aqil Məmmədov (AZAL), Xavi Ernandes ("Qurnik Lençna", Polşa), Stiven Jozef-Monroz (“Brest”, Fransa), Dion Malone ("Den Haaq", Hollandiya), Endi Hallidey ("Reyncers", Şotlandiya), Famussa Kone ("Göztəpə", Türkiyə), Deyv Bultuis ("Nürnberq", Almaniya)

Gedənlər: Teo Uiks (“Ermis”, Cənubi Kipr), Rəşad Eyubov (Sumqayıt), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Rəşad Sadiqov (Zirə), Məhəmməd Mirzəbəyov (Neftçi), Sergey Zenyov ("Krakoviya", Polşa), Daniel Subotiç, Rafael Santos, Murad Musayev, David Petrzkeviç, Rikardinyo, Ramin Həsənov (Sumqayıt)

Hər zaman olduğu kimi, “Qəbələ” yenə sökülüb-yığıldı. Son 2 mövsümdə transfer siyasəti uğurlu alındı. Bu dəfə də belə olacağı görünür. Ən azı ilk baxışdan belə təəssürat yaranır. Çünki əcnəbi transferlər futbol ənənələri olan ölkələrdəndir. İspaniya, Fransa, Hollandiyada və Şotlandiyadan futbolçular alan “qırmızı-qaralar”ın yerli transferləri də kifayət qədər təcrübəlidir. Elvin Məmmədov, İlqar Qurbanov və Aqil Məmmədov ən azı Premyer Liqada istənilən komandada start heyətində yer ala bilər. Ancaq Roman Qriqorçuk çox güman, onlardan daha çox çempionatda (limitə görə) yararlanacaq. Bu mövsüm çempionluq uğrunda “Qarabağ”ın çox güclü rəqibi olacağını söyləyə bilərik. Müdafiə və yarımmüdafiə xəttində güclü rəqabət olacaq. Əsas sual hücumla bağlıdır. Baqali Dabonun nəyə qadir olduğunu bilirik. Famussa Kone də məhsuldarlıq nümayiş etdirə bilsə, “Qəbələ”nin işləri yağ kimi gedəcək.  

İnter

Gələn: yoxdur

Gedənlər: Abbas Hüseynov (Qarabağ), Səlahət Ağayev (Neftçi), Zurab Xizanişvili (karyerasını bitirib)

Transfer qadağası olduğu üçün “İnter” ardıcıl 3-cü “transfer pəncərəsi”ni boşa vermək məcburiyyətində qaldı. Bu qadağa qışda aradan qalxacaq. Zaur Svanadzenin komandası 2017/18 mövsümünün ilk yarısını mövcud heyətlə yola vermək məcburiyyətindədir. Qış fasiləsində isə heyəti gücləndirmək olar. Yayda qan itirdilər. Ancaq itki böyük olmadı. Zurab Xizanişvili karyerasını bitirdi, Abbas Hüseynov “Qarabağ”a, Səlahət Ağayev isə “Neftçi”yə keçdi. Ancaq flaqman jest edib qolkiperin Avroliqada “İnter”in heyətində meydana çıxmasına razılaşdı. Komanda qrupa yüksəlsə, bu jestin davam edib-etməyəcəyini isə bilmirik.

Zirə

Gələnlər: Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Kəpəz"), Vüqar Mustafayev (Qarabağ), Rəşad Sadiqov (Qəbələ), David Manqa ("Hapoel", Aşkelon, İsrail), Kervens Belfort ("Surinska", İsveç), Jozef Bum ("Qaziantep BB", Türkiyə), Qabriel Matey ("Qurnik", Polşa), Yusif Nəbiyev (Qəbələ)

Gedənlər: Migel Lorenso (“Vitoriya”, Portuqaliya), Tural Cəlilov (Kəpəz), Nurlan Novruzov, Yamin Ağakərimzadə (hər ikisi “Səbail”), Elvin Məmmədov (Qəbələ), Cavid Tağıyev (Sumqayıt), Amadu Ben Sanqar, Akim Latifu

“Zirə”də də əsaslı dəyişikliklər baş verib. Ayxan Abbasovun komandasına əsasən qara dərili futbolçular transfer edilib. Xüsusən David Manqa və Kervens Belfortun bakılılar üçün fayda olacağını proqnozlaşdıra bilərik. Yerlilərdən Rəşad Sadiqov təcrübəsi hesabına orta xətdə liderlik edə bilər. Bir qədər müdafiədə daşların oturmasına ehtiyac var. Hücumda vəziyyət pis deyil. Qışda heyətə qatılan Riçard Qadze yaxşı formadadır. Orta sahə oyunçularının anlaşmasının da yüksək səviyyədə olduğunu söyləyə bilərik. “Zirə” də medallar uğrunda mübarizə aparacaq. Qeyri adi bir şey baş verməsə, bakılılar növbəti dəfə Avroliqada iştirak etmək şansı qazanacaq.

Kəpəz

Gələnlər: İlyas Səfərzadə (Qarabağ), Kamran Abdullazadə (Sumqayıt), İlkin Sadıqov (Turan Tovuz), Tural Cəlilov (Zirə), Azər Məmmədov (Turan Tovuz), Ruzi Qiyaslı (Neftçi), Aydın Qasımov (MOİK)

Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Zirə"), Renan Silva ("Voyvodina", Serbiya), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Tadas Simaitis, Julien Ebah, Serjinyo

Ancaq “Kəpəz” haqqında nikbin proqnoz verə bilmirik. Çünki hazırki transfer siyasəti bizi bədbin düşüncələrə qərq edir. Xüsusən Dario Federiko, Renan Silva, Jülien Ebah, Tural Axundov və Vüqar Bəybalayev kimi əsas heyət üzvlərinin komandadan ayrılması Şahin Diniyevi çətin vəziyyətə salıb. Ümid yalnız təcrübəli mütəxəssisin bacarğınadır. Onsuz da Diniyev bu vəziyyətə alışıb. Şahin bəy istənilən klubda o qədər də güclü olmayan heyətlə məzmunlu futbol sərgiləməyi bacaran baş məşqçilərdəndir. Bu mövsüm maliyyə daha çox Gəncə şəhər stadionunun ot örtüyünün bərpasına xərcləndiyindən transferlərə az pul ayrılıb. Ona görə də “Kəpəz” aşağı diviziondan futbolçular almağa məcbur oldu. Çətin ki, “Kəpəz” mövcud heyətlə ilk “5-lik”də yer ala bilsin. Ancaq Cənubi Amerikadan bir neçə legionerin alınacağı haqqında söz-söhbətlər gəzir. Bu transferlər baş tutsa və yeni gələnlər səviyyəli olsa, o zaman mövsümün sonunda orta sıralarda yer almaq mümkündür. 

Sumqayıt

Gələnlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (Neftçi), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov (Qəbələ), Azər Salahlı (Qarabağ), Cavid Tağıyev ("Zirə"), Ramin Həsənov (Qəbələ)

Gedənlər: Mirabdulla Abbasov (Neftçi), Kamran Abdullazadə (Kəpəz), Yusif Nəbiyev (Zirə), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov

Ötən mövsüm son anda Avroliqaya vəsiqəni əldən verən “Sumqayıt” qarşıdakı mövsüm bu hədəfinə nail olmağa çalışacaq. İldən-ilə pillə-pillə yüksələn gənclik şəhərinin təmsilçisinin istedadlı baş məşqçisi və rəqabətədavamlı heyəti var. Düzdür, yenə də klub ənənəvi siyasətindən əl çəkmədi və əcnəbi futbolçu almadı. Ancaq yerli transferlər təcrübəli oyunçulardır və indi “Sumqayıt”ın gənc komanda olduğunu söyləyə bilmərik. Samir Abasovun komandası bu mövsüm istənilən komandaya başağrı ola bilər.

Neftçi

Gələnlər: Səlahət Ağayev (İnter), Mirabdulla Abbasov (Sumqayıt), Məhəmməd Mirzəbəyov (Qəbələ), Rəşad Əzizli (Səbail), Elnur Cəfərov ("Duqopolye", Xorvatiya)

Gedənlər: Cavid İmamverdiyev (Sumqayıt), Mahir Şükürov (karyerasını bitirib), Ruzi Qiyaslı (Kəpəz), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Səbail"), Zdenek Folprext ("Slovan", Çexiya), Jairo Rodriges, Maksim Vaylo, Boban Baykoviç, Elvin Bədəlov

Ötən mövsüm tarixinin ən ağır dönəmini yaşayan “Neftçi” toparlanmaq istəyir. Klubun strukturunda dəyişiklik olub və yenidən prezidentli idarəçiliyə keçilib. Əməkdaşlar da yenilənib. Struktur dəyişikliyinin komandanın çıxışına elə bir təsiri olmasa belə ab-havanın yenilənməsi üçün vacib rol oynaya bilər. Rəhbərlik Elxan Abdullayevlə yoluna davam edir. Ancaq hələ ki transfer sarıdan passivlik hökm sürür. Səlahət Ağayev ən uğurlu transfer sayıla bilər. Mirabdulla Abbasov “Sumqayıt”da təcrübə yığıb qayıdıb. Yetirməsi olduğu klubda necə çıxış edəcəyi maraqla gözlənilir. Məhəmməd Mirzəbəyov yığma üzvüdür və çempionatda az faydası dəyməyəcək. Rəşad Əzizli isə ehtiyat qapıçı kimi transfer edilib. Gedənlərdən Zdenek Folprextin yeri daha çox görünəcək. Qalanlarını ciddi itki saymaq olmaz. Hələ ki əcnəbi futbolçu alınmıyıb. İndi hamı maraqla “Neftçi”nin yeni legionerlərinin kimlər olacağını gözləyir.

Səbail

Gələnlər: Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Neftçi"), Yamin Ağakərimzadə (Zirə), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi "Zaqatala"), Aqşin Muxtaroğlu (Turan Tovuz), Emin Cəfərquliyev (AZAL), Vüqar Nadirov (Qarabağ), Nurlan Novruzov (Bakı), Elman Taqayev ("Altın Asır", Türkmənistan), Maudo Lamine Jarjue ("Jil Visente", Portuqaliya)

Gedənlər: -

AZAL-ın yerinə Premyer Liqada çıxış edəcək “Səbail”in debüt ilində sensasiyaya imza atacağına inanmaq sadəlövhlük olar. Əsasən elita klublarının gənc oyunçuları ilə güclənən Bakı klubunu Samir Əliyev çalışdıracaq. Perspektivi böyük olan məşqçi və yeni transferləri üçün özünü göstərmək şansıdır bu il. Gedənlərin yerini nahaq yerə boş qoymamışıq. Çünki demək olar ki, komandanın ötən mövsüm 1-ci dəstədə çıxış edən bütün futbolçuları ilə yollar ayrılıb. “Səbail” hələ ki2 əcnəbi transfer edib. Ardı gəlsə, nəyəsə ümid etmək olar. Əks halda, “Kəpəz”lə autsayder olmamaq uğrunda mübarizə aparacaqlar...

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz