Yığmanın uğurunu “Qarabağ” davam etdirdi Təhlil

Dünən Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirildi. Bu dəfə “Qarabağ” evdə, “Qəbələ” isə səfərdə meydana çıxdı. Çempionumuz ot örtüyü bərpa edilən Tofiq Bəhramov adına Respublika stadionunda PAOK-u qəbul etdi. “Qırmızı-qaralar” isə “Joffrua Qişar” stadionunda “Sent-Etyen”in qonağı oldu. Təəssüf ki, hər iki komandamız meydana itkilərlə çıxmışdı. Qurban Qurbanov Reynaldo və Miçelin, Roman Qriqorçuk isə Nika Kvekveskiri, Baqali Dabo və Rəşad Sadiqovun xidmətindən məhrum olmuşdu...

 

“Qarabağ” ikinci hissədə ayıldı

Neçə gün idi ki, Bakının üzərini qara buludlar almışdı. Yağış kəsmək bilmirdi. Hamını bu sual düşündürürdü: yenicə bərpa olunan Respublika stadionunun ot örtüyü bu yağışa görə sıradan çıxmayacaqmı? Şükür Allaha, oyun zamanı qazonla bağlı ciddi problem yaşanmadı. Yağışın azarkeş sayına da təsir göstərəcəyi gözlənilirdi. Çünki oyundan bir gün əvvəl cəmi 10 min bilet satılmışdı. Yağışlı və soyuq hava biletlərə marağı azaltmışdı. Lakin “Qarabağ”sevərlər dünən kassalara axışdı. Nəticədə tribunalara 25 mindən artıq azarkeş toplaşdı. Qələbədə “12-ci oyunçu”nun dəstəyinin də böyük rolu olduğunu söyləməsək, insafsızlıq etmiş olarıq.

Qurban Qurbanov ənənəvi müdafiə “4-lüy”ünü meydana buraxmışdı. Ansi Aqolli sol, Maksim Medvedev sağ cinahda qərarlaşmışdı. Müdafiənin mərkəzində Rəşad Sadıqov və Bədavi Hüseynov yer almışdı. Onlar qapını qoruyan İbrahim Şehiçə mümkün qədər az topun gəlməsini təmin etməliydi. Müdafiəçilərin önündə Qara Qarayevlə Rahid Əmirquliyev qərarlaşmışdı. Riçar Almeyda bu dəfə pleymeyker funksiyasını yerinə yetirirdi. Reynaldonun yoxluğunda yarımmüdafiənin solu Muarem Muaremə tapşırılmışdı. Dani Kintana hücumlara sağ cinahdan dəstək verməliydi. Son vaxtlar ayağı açılan Dino Ndlovunun hamıdan öndə yer alacağı da gözlənilən idi.

İlk hissədə “Qarabağ” PAOK-un güclü pressinqiylə üzləşdi. Adətən, rəqib öndə pressinq edəndə ağdamlılar istədiyi kimi oynaya bilmir. Biz bunu dəfələrlə görmüşük. Axı belə olan halda hücum qurmaq çətin olur. “Qarabağ” isə hücumlara aramla, müdafiədən başlamağı sevir. Bu səbəbdən ilk yarıda oyun istədiyimiz kimi alınmadı. Bir neçə epizodda top itkiləri oldu. Ancaq buna baxmayaraq ilk hissədə hesabı açmaq olardı. Muarem Muarem və Dino Ndlovu əlverişli fürsəti qaçırdı. İkinci yarıda sanki yunanlar yoruldu. Ya da “Qarabağ” rəqiblə oynamağın yolunu tapdı. 56-cı dəqiqədə əks-hücuma çıxan təmsilçimiz həmləni qolla tamamladı. Maksim Medvedev müdafiəçilərin nəzarətsiz qoyduğu Dani Kintananı vaxtında gördü. Bir qədər irəliləyən ispaniyalı yarımmüdafiəçi uzaq küncü dəqiq nişan aldı.Onu da qeyd edək ki, Dani komandasının ən yaxşılarından idi. PAOK sanki bu qola hazır deyildi. Onlar yalnız bir dəfə komandamızın qarşısında təhlükəli vəziyyət yarada bildi. Əvəzində “Qarabağ” 2-ci dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur etdi. Muarem Muaremin mükəmməl ara ötürməsini Rahid Əmirquliyev boşa vermədi. Bu, Əmirquliyevin “Qarabağ”da ilk avrokubok qolu kimi tarixə düşdü. Beləliklə, Qurbanovun komandası ilk dəfə qrup mərhələsində 2 top fərqli qələbəyə sevindi.

“Qəbələ”yə nə çatmadı?

Yuxarıda qeyd etdiyimiz kimi, “qırmızı-qaralar” Fransaya ciddi itkilərlə yollanmışdı. Bu səbəbdən Roman Qriqorçukun “Sent-Etyen”lə oyunda hansı taktiki dəyişikliklərə əl atacağı maraqla gözlənilirdi. Fransızlar 4-4-2, qonaqlar isə 4-5-1 taktiki düzülüşüylə meydana çıxmışdı. Dmitri Bezotosnı ilk dəfə kapitan sarğısını qoluna taxmışdı. Müdafiənin solunda Ürfan Abbasov, sağında Məhəmməd Mirzəbəyov, mərkəzində isə Vojislav Stankoviçlə Vitali Vernidub yer almışdı. Müdafiənin solunda görməyə alışdığımız Rikardinyo bu dəfə dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirirdi. Onunla yanaşı, Teo Uiks də müdafiəyə dəstək verməliydi. Yarımmüdafiənin solu Sergey Zenyova, sağı Asif Məmmədova etibar edilmişdi. Hücumları əsasən, Filip Ozobiç qurmalıydı. Ön xətdə isə Ruslan Qurbanov qol axtarışına çıxmalıydı. Bu oyunda “Qəbələ”nin bəzi futbolçuları çox yaxşı, bəziləri isə bərbad oynadı. Stankoviçlə Verniduba alqış düşür. Oyunboyu stopperlər rəqibin çoxsaylı asmalarını dəf etdi. Rikardinyo da müdafiəyə az yardım etmirdi. Ön xətdə Asif çox fəal idi. Çəkinmədən mübarizələrə girir, bir çox hallarda topu itirmədən hücumu davam etdirə bilirdi. Bir sözlə, onun faydalı iş əmsalı Ruslan Qurbanov və Sergey Zenyovla müqayisədə daha çox idi. Ancaq eyni sözləri Filip Ozobiç haqda söyləyə bilməyəcəyik. Sanki “Lill”in, “Qarabağ”ın qapısına möhtəşəm qollar vuran futbolçunun meydanda qalan yalnızca quru adı idi. Demək olar ki, Sent-Etyendə komandaya heç bir faydası dəymədi. Ancaq nədənsə Qriqorçuk 90 dəqiqə boyunca onu meydanda saxladı.

Əslində “Sent-Etyen” qeyri-adi, fövqəladə gücə malik komanda deyil. Nə olsun ki, Fransanın ən çox çempion olmuş klubudu? Dünən sərgilədiyi futbolla əlahiddə bir şey nümayiş etdirmədi. Kristof Qaltyenin yetirmələri cərimə meydançasına soxulmağa çətinlik çəkirdi. Daha çox cinah asmalarıyla nəsə etməyə çalışırdılar. Bir də uzaqdan zərbələrə bel bağlayırdılar. Ancaq 2-ci yarıda hücumları daha tutarlı alınırdı. Bunda “Qəbələ”nin futbolçularının yorğunluğu da sözünü deyirdi. Amma qolu fransızlar yox, Rikardinyo vurdu. Qrupdakı ardıcıl 3-cü oyunda da “qırmızı-qaralar” öz müdafiəçisinin güdazına getdi. Bu dəfə Rafael Santosu Rikardinyo anti-qəhrəman rolunda əvəzləmişdi. Qriqorçuk Rəşad Eyyubovla Petar Franyiçi meydana buraxdı. Franyiçdən danışmağa dəyməz. “Qəbələ” kimi komandaya kömək edəcək səviyyədə futbolçu olmadığını bir daha gördük. Eyyubov isə heç də pis təsir bağışlamadı. “Qırmızı-qaralar” son dəqiqələrdə ələ düşən kornerlərdən birindən faydalana bilsəydi, 1 xal əldə olunacaqdı. Çünki “Sent-Etyen”ə yenidən hesabda önə keçmək üçün vaxt qalmayacaqdı.

İndi ümidlər “Qarabağ”adı

Son 1 ayda futbolumuzda dirçəliş yaşanır. Yığmamızın heç kimin gözləmədiyi halda 7 xal qazanması bizə hədsiz sevinc bəxş etdi. Bu uğurun davamını “Qarabağ” gətirdi. İndi 4 xalı olan çempionumuz 3-cü pillədə qərarlaşıb. PAOK-u bu oyunla səfərdə də məğlub etmək olar. Qrupun autsayderi “Slovan”a da səfərdə qalib gəlmək mümkündür. Heç “Fiorentina” da keçilməz rəqib deyil. Elvin Yunuszadənin qırmızı vərəqəsi olmasaydı, Florensiyadakı qarşılaşmanın necə bitəcəyini heç kim deyə bilməzdi. Eybi yox, italyanlardan Bakıda qisas almaq olar. Əlbəttə, güclü azarkeş dəstəyi sayəsində. “Qarabağ” qrupdan çıxmaq istəyirsə, ikinci dövrədə də ən azı bu qədər – 4 xal toplamalıdı.

Zədələrlə boğuşan “Qəbələ” isə tarixində ilk dəfə qrup mərhələsində qələbə qazana bilər. Ötən mövsüm 2 xal qazanan bölgə təmsilçisi bu dəfə ən azı 3 xal üçün döyüşməlidir. “Sent-Etyen”i də, “Anderlext”i də Bakıda məğlub etmək olar. Ancaq etiraf edək ki, qrupdan çıxmaq şansları çox azdır.  

Hacı Mərdan

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah