Zəriflərimizin güclü yapon rəqibləri Layihə

Yunan-Roma güləşçilərimizin ardınca qadın güləşçilərimiz mübarizəyə qoşulur. Bu gün artıq yığmamızın 2 üzvü döşəyə çıxacaq. Digər güləş komandalarımızla yanaşı, zərif cinsin nümayəndələrinin sayı azdı. Ancaq Semyon Çterevin baş məşqçi olduğu komandanın hər bir üzvünün fəxri kürsüyə qalxmaq şansı yetərincə güclüdür. 

Mariya Stadnik


O, bütün növlər üzrə “milliləşdirilən” idmançıların ən sevimlisidir. Bu günə qədər əldə etdiyi nəticələr, gülərüzlüyü, səmimiliyi və mehribanlığı ona Azərbaycanda böyük sevgi qazandırıb. 1988-ci ildə Ukraynanın Lvov şəhərində dünyaya gələn Mariya ilk dəfə 18 yaşında böyüklər arasında Avropa çempionu olub. Ancaq Stadnikdə dopinq aşkarlandığından bir illik diskvalifikasiya ilə üzləşib. 2007-də döşəyə qayıdan Mariya əsas komandaya düşə bilməyib. Buna səbəb 48 kq-da Afina-2004-ün qalibi İrina Merleninin yer almasıdır. Stadnik ondan daha gənc və güclü olmasına baxmayaraq, titullu rəqibinin hörməti daha çox idi. Məşqçilər korpusundan “nə qədər ki, Merleni var, əsas komandada olmayacaqsan” cavabını alan Mariya ölkəmizdən gələn təklifi fikirləşmədən qəbul etdi. Stadnik nəyə qadir olduğunu Pekin-2008-də sübut etdi. Startda kanadalı Kerol Hyuna uduzsa da, digər rəqiblərinə qalib gələrək olimpiya üçüncüsü oldu. 4 il sonra Londonda daha parlaq çıxış etdi. Amerikalı və polşalı rəqiblərini üstələyən Mariya yarımfinalda ölkəsindən didərgin düşməsinə səbəb olan İrinayla qarşılaşdı. Stadnik Merlenini üstələyərək 5 il öncə ona haqsızlıq etdiklərini ukraynalı məşqçilərə əyani surətdə sübut etdi. Finaldakı rəqib 8 qat dünya çempionu Hitomi Obara idi. Hər şey təmsilçimiz üçün yaxşı başlamışdı. Olimpiyaçımız ilk hissəni 4:0 öndə tamamladı. Ancaq bu hissədə böyük qüvvə sərf etməsi onu “yandırdı”. İkinci və üçüncü hissələri hesabına yazan yapon olimpiya çempionu oldu. Belədə Stadnik gümüş medalla kifayətləndi. Mariya qadın güləşinin incilərindən biri hesab olunur. 5 dəfə Avropa çempionu olan, Bakı-2015-in “qızıl”ını boynundan asan ukraynalı idmançı 2009-da dünyanın da ən güclüsü ünvanını qazanıb. Daha üç mundialda fəxri kürsüyə qalxan (2 “gümüş”, 1 “bürünc”) 28 yaşlı güləşçinin dəyərini artıran məqamlardan biri iki dəfə ana olmasına baxmayaraq, sabit çıxış edə bilməsidi. Bu Olimpiadada həm Xetaq Qazyumov, həm də Stadnik 3-cü olimpiya medalını qazanaraq Azərbaycan rekorduna imza ata bilər. Hər ikisi Rio-2016-dan sonra karyerasını başa vurmağı planlaşdırır. Və hər ikisi olimpiya çempionu kimi döşəkdən ayrılmaq istəyir. Mariyanın texnikasına söz ola bilməz. Amma onun əsas üstünlüyü sürətindədi. Bu mənada Stadnik yalnız yaponlardan geri qalır. Bu çəkidə 20 güləşçi çıxış edəcək ki, onların da yeddisi dünya çempionatlarında fəxri kürsüyə qalxıb. Ancaq Mariya üçün ən təhlükəlisi son 3 mundialın qalibi Eri Tosakadı. Yapon həm də Stadnik üçün prinsipial rəqib sayılır. Axı son DÇ-də təmsilçimizi “qızıl”dan Tosaka məhrum etdi. Mariya üçün bundan gözəl stimul ola bilərmi?

Natalya Sinişin


Əslində daha öncə 53 kq-da Anjela Doroqanın ölkəmizi təmsil edəcəyi gözlənilirdi. Ancaq sonradan məşqçilər korpusu təcrübəli Natalya Sinişinə üstünlük verdi. O iki dəfə Ukrayna yığmasına dünya çempionatının “bürünc”ünü qazandırıb. Avropa çempionatında uğurları isə daha çoxdu. 2007-də Sofiyada yalnız finalda uduzan, bir il sonra Tamperede 3-cü yeri tutan Sinişin 2009 və 2012-də qitənin ən güclüsü olub. 2014-dən “milliləşdirilən” Natalya ötən il 55 kq-da Avropa Oyunlarının “bürünc”ünü boynundan asdısa, bu il Riqada 58 kq-da Avropa çempionluğunu qeyd etdi. Çəkisalmanın onun çıxışına necə təsir edəcəyini proqnozlaşdırmaq çətindi. Bir şey dəqiqdi ki, bu çəkidə yetərincə ciddi rəqiblərlə ağır mübarizəyə girməlidi. Sofia Matson (İsveç) Yuliya Blaqinina (Ukrayna), Erdeneçimeqin Sumiya (Monqolustan) və Helen Marulisin (ABŞ) bu günə kimi qazandığı uğurlar hər şeyi deyir. Ancaq bu çəkinin şəksiz “1 nömrə”si qadın güləşinin brilyantı hesab olunan Saori Yoşidadı. Yapon 3 qat olimpiya və 13 dünya çempionudusa, başqa şərhə ehtiyac yoxdu. Düzdü, hazırda Yoşidanın 33 yaşı var. Ancaq Saori bunun problem olmadığını ötən il növbəti mundial titulunu hesabına yazaraq sübuta yetirib. Bu kateqoriyada çıxış edəcək 19 güləşçi avqustun 18-də qalibi müəyyənləşdirəcək.

Yuliya Ratkeviç


 

1985-ci ildə Minskdə doğulan Ratkeviç 20 yaşında Belarus bayrağı altında Avropa üçüncüsü olub. Pekin Olimpiadasından sonra yarışlara Azərbaycan bayrağı altında çıxan Yuliya 2009-da 59 kq-da dünya çempionu olaraq çoxlarını təəccübləndirdi. Bir il sonra analoji yarışda 55 kq-da gümüş medala sevindi. Növbəti 3 mundialda hesabına 2 “bürünc” və 1 “gümüş” yazan belaruslu güləşçi 2011-də Avropa çempionu olub. London-2012-ni də onun üçün uğurlu saymaq olar. 1/4 finalda Yoşidayla bacarmasa da, digər rəqiblərini məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Böyük ehtimalla, Ratkeviç üçün də Rio-2016 son yarış olacaq. Ancaq Mariyadan fərqli, Yuliyanın qızıl medal ümidi yox dərəcəsindədi. 58 kq-da da yapon dominantlıq edir. Söhbət 3 qat olimpiya və 10 qat dünya çempionu Kaori İçodan gedir. Ratkeviç arzulamalıdı ki, finala qədər İçoyla üz-üzə gəlməsin. Amma Petra Olli (Finlandiya) Elif Jale Yeşilırmak (Türkiyə), Jaklin Renterya (Kolumbiya), Oksana Herhel (Ukrayna) və Valeriya Koblova (Rusiya) da təmsilçimizi məyus edəcək gücdədir.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right