“Dövlət Təhlükəsizlik Xidməti böyük əməliyyat keçirib”

Azərbaycan Ailli Antidopinq Agentliyi (AMADA) anabolik steroidlərin necə əldə olunduğuna dair sorğu keçirib.

Newsport.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli açıqlama verib.

O qeyd edib ki, anabolik steroidlər bir neçə yolla əldə olunur. 60 faiz dopinqdən istifadə edənlər buna idman zallarındakı məşqçilər tərəfindən sövq edilib.

28 faiz dopinq istifadəçiləri bunu sosial media reklamları vasitəsi ilə alıb, 12 faiz isə məşqçi və həkimlər tərəfindən yanlış bilgi sayəsində dopinqdən istifadə ediblər.

Dopinqdən istifadəyə meyilli olanların 52 faizi 19-28 yaş aralığındakı insanlardır. Hüseynli müvafiq qurumlarla əməkdaşlıq etdiklərini bildirib.

Lakin onun fikrincə, bu məsələdə vətəndaşlar da yaxından iştirak etməlidirlər. O, yalnız səyləri birləşdirməklə bu mübarizədə uğur əldə etməyin mümkünlüyünü vurğulayıb.

AMADA rəhbəri problemin həlli üçün bütün qurumların birləşərək koordinasiya formasında iş görmələrinin gərəkliyini vurğulayıb:

“Ötən həftə Dövlət Təhlükəsizlik Xidməti böyük əməliyyat keçirib. Yəni, bu istiqamətdə iş gedir. Qaçaqmalçılıqla gətirilən dərmanlar qanunsuz dövriyyə sayılır. Biz bir-birimizə kömək etməliyik”.

TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva bildirib ki, steroidlərdən istifadə mədə-sinir sistemindən başlayaraq psixiatrik və ürək-damar problemlərinədək bir çox fəsadlar törədir. O, həvəskar idmanda da steroid istifadəçilərinin sayının artdığını diqqətə çatdırıb.

Ağayeva Səhiyyə Nazirliyinin dövlət qeydiyyatında olan dərmanların həkim nəzarəti ilə tətbiqini mümkün sayıb. Əks halda, o, “qara bazar”dan alınan, mənşəyi bilinməyən keyfiyyətsiz dərmanların orqanizmə mənfi təsir göstərməsinin mümkünlüyünü vurğulayıb:

“Bu zaman kişilərdə qadınlaşma, qadınlarda isə kişiləşmə, immun sisteminin zəifləməsi, cinsi sferaya təsirlər, orqanizmdə pozuntular, narkotiklərə meyllilik, xərçəng yarana bilər.

Araşdırmalar onu göstərir ki, təsirlər həmin insandan sonra bir neçə nəslin korlanmasına gətirə bilər. Steroid qəbul edənlərin xərçəng riski adi insanlardan 4-6 dəfə çoxdur”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah