“Sabah” necə dəyişilir?

Ötən mövsüm Premyer Liqada debüt edən “Sabah”ın ilk il üçün hədəfi elitada yerini qorumaq idi. Sonda 7-ci pilləyə qədər düşsələr də, debütant üçün heç də pis nəticələri olmadı və ən əsası qoyulan tapşırıq yerinə yetirildi.

İndi isə hədəflər böyüyüb, məqsəd başqadı. “Sabah” medalçılar sırasına düşməli, avrokuboklarda çıxış etməlidi. Elə ötən mövsümdən klubdan edilən açıqlamalar bu minvalda idi ki, biz diqqətimizi gələn çempionata yönəltmişik.

Bu yay klub 8 futbolçunu yola salıb: Elgün Nəbiyev “Sumqayıt”a, Eltun Turabov Albaniyanın “Biliş” klubuna icarəyə verilib, Bəxtiyar Soltanov əvəzedici komandada köməkçi-məşqçi təyin edilibsə, Tərlan Əhmədli, Eltun Turabov Vanderson Silva, Novruz Məmmədov, Tərzin Cahangirov və Erik Ramos birdəfəlik gedib. Bizdə olan məlumata görə, Marko Deviç də səssizcə komandanı tərk edib. O, karyerasını bitirmək niyyətindədi.

Gedən 9 oyunçunun əvəzinə nə az, nə çox düz 11 nəfər gətirilib: Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Amadu Diallo, Hendrik Eksteyn, Abbas Ağazadə, Anar Panayev, Oleq Karnaux və Ulisse Diallo. Bildiyimizə görə, daha bir hücumçu ilə anlaşma əldə edilib. Problem çıxmasa onunla da müqavilə imzalanacaq.

Kevin Kubemba zədəlidi və uzun müddət oynamayacaq. Bu baxımdan, əlavə forvardın transfer edilməsi məntiqlidi. Adıçəkilən futbolçulardan Abbas Ağazadə isə yaş limitinə görə komandaya cəlb edilib və əsas heyətdə oynayacağı gözlənilir. Təmkin Xəlilzadə heyətə qaytarılıb, son yoxlama oyununda qol da vurdu.

Ümumiyyətlə, qapıya, müdafiənin mərkəzinə/cinahına, yarımmüdafiəyə, hücumun hər bölgəsinə transferlərdən sonra indiki və keçənilki “Sabah”ı müqayisə etdikdə fərq çox böyük görünür. Doğrudu, yeni oyunçuları iş başında görmək imkanımız olmayıb, yoxlama oyunlarının videoçəkilişi onlara qiymət vermək üçün yetərli deyil, ancaq Ruslan, Bəhlul, Məhəmməd kimi futbolçuların səviyyəsi bəllidi, əsas milliyə namizədlərdi, legionerlərin karyerası isə onlar barədə yüksək fikirlər formalaşdırmaq üçün yetərli. Dəqiqdi, “Sabah” ilk mövsümlə müqayisədə əməlli-başlı güclənib.

İndiki heyətə baxanda və digər komandaların da durumunu nəzərə aldıqda “futuristlər”in yalnız “Qarabağ” və “Neftçi”yə nisbətən bir qədər zəif olduğu görünür. “Sumqayıt” və “Keşlə”dən danışmağa dəyməz, “Qəbələ” gücünü itirib, “Səbail”də qarışıqlıq hökm sürür, yalnız “Zirə” ötənilkindən daha möhkəm kollektiv olacaq. Belədə, “Sabah”ın qoyduğu məqsədə çatması üçün böyük əngəllər görünmür.

Starta çox az qalır. “Sabah” ilk turlardan iddiasını ortaya qoymalıdı. Ötən mövsüm irəli xətdə yalnız Deviçin ümidinə qaldığını deyən, o zədəli olduqda əlacsız qalan Elşad Əhmədov üçün artıq belə bəhanə/problem də olmayacaq.

“FutbolPress”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right