Azərbaycan futbolundan kənarda tutulan məşhurlar

Azərbaycan futbolunun çox geniş təsir dairəsi olmasa da, Azərbaycan tarix boyu futbol ölkəsi kimi tanınmasa da, Azərbaycandan heç vaxt super komanda, Avropanı lərzəyə gətirən futbolçu çıxmasa da bizim də özümüzə görə öndəgələnlərimiz var. Bunları sayı elə də çox deyil. 11 nəfər güclə tapa bilərik ki, bundan da ancaq “zamensiz” bir komanda düzələr.

Amma gərdişi-dövran elə gətirib ki, vaxtilə əvəzedilməz olanlar indi “zamen”də oturublar. Biz bu yazıda Azərbaycan futbolundan kənarda olan və ya kənarda tutulan məşhurlarından bəhs edəcəyik. Başlayaq...

Yunis Hüseynov – Azərbaycan futbolunun yetişdirdiyi ən məşhur simalardan biridir. Xarakteri legioner həyatı yaşayıb, daha da böyük klubların şərəfini qorumağa imkan verməsə də, Hüseynov adını Azərbaycan futbolu tarixinə yazdıra bilib. “Kəpəz”də yetişdikdən sonra uzun illər “Neftçi”nin şərəfini qoruyan Hüseynov məşqçi kimi “Standard”, “Karvan”, “Xəzər Lənkəran” kimi klublarda çalışıb. Məşqçi kimi ən böyük uğurlarını “Karvan”da qazanan çalışdırıcının son iş yeri “Xəzər Lənkəran”ın idman direktoru postu olub. Artıq bir neçə ildir ki, Azərbaycan futbolunda xüsusi çəkisi olan Hüseynova iş tapılmır.

Nazim Süleymanov – Azərbaycanın futbol brendlərindən biri sayılan Süleymanov oyunçu kimi qazandığı uğurları məşqçi kimi qazana bilmədi. Mübariz Mənsimovun dəvəti ilə böyük ümidlərlə Azərbaycana qayıdan Sula bir müddət sonra qruplaşmanın qurbanı oldu. Müxtəlif yaş qrupları üzrə milli komandalarda komandalarda eləcə də AZAL və “Neftçi” kimi klublarda baş məşqçi, əsas yığmada isə köməkçi məşqçi kimi çalışan Süleymanovun ən ciddi uğuru AZAL-ı Avropa Liqasına çıxarmaq sayılır. Baş məşqçi kimi son olaraq “Neftçi”ni çalışdıran Süleymanova hazırda Azərbaycan futbolunun böyük ehtiyacı olsa da, futboldakıların ehtiyacı yoxdu.

Tərlan Əhmədov – çoxu onu Azərbaycan futbolunun uğursuz avtoqollar müəllifi kimi tanısa da, Tərlan Əhmədovun futbolumuzdakı xidmətləri danılmazdır. 38 yaşına qədər aparıcı klublarımızda eləcə də ölkə xaricində top qovan çalışdırıcı SSRİ yığmasının tərkibində Avropa çempionu olub. Bundan əlavə Tərlan Əhmədov öz dövrünün avtoriteti olan futbolçularından sayılır.

Məşqçi kimi U-19 yığmasında və “Neftçi”də köməkçi, AZAL-da isə baş məşqçi kimi çalışan Əhmədov hazırda Bakı-Şirvan yolunu ölçməkdən bezib, yəni kənarda qalıb.

Vladislav Qədirov - Futbolçu kimi Avropa və dünya çempionu olan Vladislav Qədirov da uzun müddətdir ki, işsizdir. Düzdür, AFFA Vladislav Qədirova bir neçə iş verdi. Lakin bu işlər işləmək üçün yox, vaxt keçirmək üçün idi. Vladislav Qədirov indi də bir sıra futbol tədbirlərinə dəvət olunsa da, faktiki olaraq futboldan uzaqdır.

Arif Əsədov – adını çəkdiyimiz şəxs həm futbolçu, həm də şəxsiyyət kimi ölkə idmanı üçün vacibdir. Futbolçu kimi SSRİ yığmasının tərkibində çıxış edən Avropa çempionu olan Əsədov iddialı klublarımızın da şərəfini qoruyub, az da olsa legioner həyatı yaşayıb.

Məşqçi karyerasının əsası aşağı yaş qrupları üzrə milli komandalara və “Neftçi”yə aid olan Əsədov Azərbaycan çempionu olmağı da bacarıb. Əsədov “Neftçi”nin əvəzedici və əsas heyəti ilə Azərbaycan çempionu olan yeganə məşqçidir. Onun adı daha sonra bir sıra klubumuzla yanaşı çəkilsə də, keçidi reallaşmadı. Əsgər siz məşqçilərin kursunda iştirakı Arif Əsədov üçün iş sayırsınızsa, biz bunu iş saymırıq. Əsədov meydançada olmalı, futbol üçün daha vacib işlər görməlidir.

Vəli Qasımov – bu ad Azərbaycan futbolu üçün brend sayılmalıdır. Çünki Gəncədə doğulub, Bakıda tanınan Ukraynadan vurub, Rusiyadan çıxıb, İspaniyada və Portuqaliyada öz oyunu ilə ad qazananımız çox deyil. Bəlkə elə bir nəfərdi, o da vəli Qasımovdu. Amma indi Vəli Qasımov haradadır? Bəlkə də çox az adam bunu bilir. “Neftçi”dən çox biabırçı şəkildə ayrılan Qasımovun məşqçi kimi əvvəlki fəaliyyəti də uğurlu olmayıb. Kiminin əvvəli, kiminin axırı. Söz gəlişi, axırın belə olmasında Vəli Qasımovun da günahı az deyil. Ümumi nəticə etibarı ilə Vəli Qasımov bu gün Azərbaycan futboluna lazım deyil.

Nazim Əliyev – Azərbaycan çempionatının ən çox qol vuran futbolçusu Nazim Əliyev hazırda işsizdir. Onun “Səbail”in aşağı yaş qruplarında işləyəcəyi gözlənilir.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right