"Futbolçularım böyük zəfər qazandı" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”a (Qazaxıstan) qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görəAğdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əvvəlcə futbolçularımız təbrik edirəm. Bakıdakı oyunda da qeyd etmişdim. Biz çox yaxşı bir komandaya qalib gəldik. 90 dəqiqə ərzində meydanda yaxşı mübarizə getdi. Bu qələbə bizim üçün çox vacib idi. Səfərdə oynadığımıza görə Bakıdakı oyundan daha çox diqqətli və motivasiyalı olmalı idik. Hava şəraitinə, meydançanın durumuna baxmayaraq, futbolçularım bütün çətinliklərə dözdülər, qalib gəlmək üçün əllərindən gələnin ən yaxşısını etdilər. Bu oyunda da müdafiədə oturmadıq, hücumda oynamağa çalışdıq. Rəqibin də qol şansları oldu. Amma müəyyən epizodlar istisna olmaqla, futbolçularım intizamlı oynamağa çalışdılar. “Kayrat”a, çox hörmətli Kurban Berdıyevə də gələcək oyunlarda uğurlar arzulayıram”.

Qurbanov matçdan öncə Abdullah Zubirin zədəli olması ilə bağlı xəbərlərə də münasibət bildirib: “Biz heç vaxt yalan danışmamışıq. Belə hiyləgərliklər də etməmişik. “Neftçi” ilə oyuna baxsaq, sona 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Sadəcə, bizdən açıqlama oyundan sonrakı gün olmuşdu. Ona görə də hansı müddətə oynaya bilməyəcəyi barədə fikir bildirə bilmədik. Meydana buraxmağa ehtiyatlanırdıq. Kiçik problemi olsa da, 2 gündən sonra özünə gəldi. Bu, yoğrunluqdan da irəli gələ bilərdi. Yəni, biz heç bir hiyləgərlik etməmişdik”.

Qurbanov bu oyunda zədələnən Kadi Borgesin durumundan da danışıb: “Durumu elə də pis deyil. Bir az başı gicəllənir. Çünki başından güclü zərbə alıb. Amma çox da ciddi problem olacağını düşünmürəm”.

O, bütün görüşlərə eyni istək və düşüncə ilə çıxdıqlarını əlavə edib: “Bu gün rəqibi daha çox təzyiq altında saxlamağa çalışdıq. Futbolçularım ancaq bu cür böyüyə bilər. Bunu onlardan tələb edirəm. Müasir futbolda bu amil çox önəmlidir.

Komandam bu gün məğlub da olsaydı, belə xarakter göstərsəydi, onlardan razı qalacaqdım. İlk hissədə bizim də çoxlu qol şanslarımız oldu, rəqibin də. Bu da futbolun gözəlliklərindən biridir. Təbii ki, qapımız qarşısında yaradılan qol epizodlarına görə yalnız müdafiəçiləri qınamaq doğru olmaz. Burada rəqib futbolçuların ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. Məsələn, “Kayrat”ın heyətində Vaqner Lav, Xose Kante kimi usta oyunçular var. 90 dəqiqə ərzində futbolçunun bir-iki epizodda rəqib oyunçunu “itirməsi”ni başa düşmək olar. Amma bütövlükdə matçın hər iki hissəsindən razı qaldım”.

Qurbanov “Qarabağ”ın prezidenti Tahir Gözəlin komandanın Konfrans Liqasında finaladək irəliləyə biləcəyinə dair fikirlərinə də münasibət bildirib: “Klub prezidenti demişdi ki, “Qarabağ”ın finaladək getməsini çox istəyir. Bu gün də komandasına inanır. Qrupun ilk oyununda bildirmişdim ki, hər bir komanda növbəti mərhələyə çıxa bilər. Bizim uğurlarımız davam edir. Daha yaxşı nəticələr qazanmaq üçün gücümüz və istəyimiz var. İstənilən rəqibə qarşı oynamağa hazırıq”.

“Qarabağ”ın baş məşqçisi bu görüşün keçirdildiyi “Ortalık” stadionunun ot örtüyü barədə də danışıb: “Bu gün bir az donmuşdu. Bəzən top daha sürətli gedirdi. Amma get-gedə futbolçular şəraitə uyğunlaşdılar. Ot örtüyü çox yaxşı idi”.

Baş məşqçi soyuq havaya baxmayaraq, stadiona toplaşan azarkeşlərə təşəkkür edib: “Matçın sonlarında da bizi alqışladılar. Burada olmaq çox xoş oldu. Biz qardaş xalqıq. Bunu oyun zamanı da hiss etdik. Bizə qarşı isti münasibət göstərdilər. Mən komandamın topa daha çox olmasını xoşlayıram. Köhnə “Barselona”nın azarkeşiyəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right