Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirildi

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilib.

Newsport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin üzvləri, federasiya nümayəndələri və milli komandaların məşqçi, menecer və həkim heyəti iştirak ediblər.

İclasda qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

Cavid Qurbanov bildirib ki, voleybol hər zaman ölkəmizdə sevilən idman növlərindən olub. Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq, ölkə çempionatının təşkilini xatırladan federasiya rəhbəri klubların heyətində yer alan oyunçuların əksəriyyətində gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O voleybolu bölgələrimizdə də inkişaf etdirmək və gənc qız və oğlanlar üçün lazımı şərait yaradılması barədə tapşırıqlarını verib.

AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Cəlil Cəfərov, Əbülfəz Hüseynov və baş katib Fərid Xəlilov görülən işlər haqqında məlumat veriblər. Milli komandaların baş məşqçiləri, həkimlər isə oyunçuların hazırkı durumu və təlim-məşq toplanışlarının necə keçdiyindən danışıblar. Onlar voleybolçular üçün hər cür şəraitin yaradıldığını bildirib və hazırlığın proqramını prezidentə təqdim ediblər.

Qurbanov çıxışları dinlədikdən sonra bildirib ki, idmançı olmaq çox çətin və şərəflidir. Bu gün əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etməkdir: “Çalışmalıyıq ki, milli komandalarımızla bərabər gənclərimiz və klublarımız da yaxşı formada olsunlar”.

Bölgələrdə voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı göstərişlər verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right