"Millinin hər bir üzvündə böyük potensial görürük"

“Yığmamız fevralın 21-dən hazırlığa başlayıb. Bu gün son məşqimizi etdik və gecə saatlarında Avropa çempionatına yollanacağıq”.

Newsport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov deyib.

Martın 13-də Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. 11 gün davam edəcək yarışda Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) iştirak edəcəklər.

Rövşən Hüseynov sözlərinə görə, heyətə daxil edilən boksçuların hər biri artıq mübarizəyə hazırdırlar: “Təlim-məşq toplanışımız yüksək səviyyədə keçdi. Hazırlığın gedişatında təcrübəli mütəxəssislərlə birgə məsləhətlərimizi də verdik. Bu gün komandamızın formada olduğunu deyə bilərəm. İnanıram ki, gərgin keçən məşqlər Xorvatiyada öz bəhrəsini verəcək”.

 

Poreçə yollanacaq milli komandaya rəhbərlik edəcək federasiya rəsmisi bildirib ki, boksçularımıza ümidlər böyükdür: “Federasiya onların yüksək səviyyədə hazırlığı üçün hər şeyi etdi. Böyük məşqçi Nəriman Abdullayev də komandanın toplanışından razı qalıb. Medal ümidlərimizə gəlincə, ad açıqlamağı düzgün hesab etmirəm. Biz yığmaya dəvət etdiyimiz hər bir boksçuda böyük potensial görürük və inanırıq ki, onlar sabah beynəlxalq arenada Azərbaycanın adını layiqincə qoruyacaqlar. Bu yarış da istisna deyil. Millidəki hər bir boksçu fəxri kürsüdə yer almaq gücündədir. Amma idman bəxti və püşkün də bəzən çıxışa təsir etdiyini nəzərə almalıyıq. Xorvatiyada daha çox medal qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq”.

Səfərə martın 11-də yollanacaq komandamız Bakıya ayın 25-də qayıdacaq. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right