Nəriman Abdullayev: "Avropa çempionatında ən yaxşısını etməyə çalışacağıq"

19-22 yaşlı oğlan boksçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatı üçün təlim-məşq toplanışı davam edir. Komandamız Bakı Boks Mərkəzində hazırlıq keçir.

Fevralın 21-də start götürən məşqlər Xorvatiyanın Poreç şəhərində keçiriləcək yarışa yollananadək davam edəcək. Millimiz əsas komandamızın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında hazırlaşır. Təcrübəli mütəxəssis Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında martın 13-23-də keçiriləcək çempionat ərəfəsində boksçularımızın yüksək əhval-ruhiyyədə olduğunu deyib: “19-22 yaşlı boksçulardan ibarət yığmamızın hazırlığı yüksək səviyyədə davam edir. Komandanın heyətinə 10-dək idmançı çağırmışıq. Hazırda əsas millidən köməkçi boksçular da bizimlə birlikdədir. Bu, gənclərin daha təcrübəlilərlə sınaq döyüşləri keçirməsi və hazırlıqlı olması üçün atılan addımdır. Birgə təlim-məşq toplanışının hər 2 komandanın üzvlərinə faydalı olacağına inanıram”.

N. Abdullayev düşərgəyə dəvət etdiyi boksçuların hazırkı durumunu da dəyərləndirib: “Düzdür, koronavirus pandemiyası səbəbindən bir balaca çətinliklər yaşadıq. Ölkə çempionatı və gənclər arasında Azərbaycan birinciliyi də bir qədər gec keçirildi. Amma bunun bizim işimizə və uğurlu çıxışımıza təsiri olmayacaq. Avropa çempionata hazırlıq üçün qısa müddət qalsa da, yarışa komandamızın tam hazır olması üçün əlimizdən gələni edirik. Hədəfimiz Xorvatiyada yaxşı çıxış etməkdir. Hazırda komandanın vəziyyəti pis deyil. Federasiya tərəfindən lazımı şərait yaradılıb, hər şey qaydasındadır və yaxşı hazırlıq keçirik. Martın 11-də turnirin təşkil ediləcəyi Xorvatiyada olmağı planlaşdırırıq. Bu da yarış məkanına öyrəşmək və Poreçdə də təxminən 2 gün məşqlərimizi davam etdirməyə hesablanıb”.

Böyük məşqçinin sözlərinə görə, heyətlər bəlli olduqdan sonra rəqibləri də analiz edib, boksçulara ətraflı məlumat veriləcək. Çalışdırıcı hər şeyin plan üzrə getdiyi üçün səfərə böyük ümidlərlə yollanacaqlarını da xüsusi vurğulayıb: “Bildiyiniz kimi, boks yarışları digər növlərlə müqayisədə bir qədər çox çəkir. Avropa çempionatı da 11 günlük uzun marafondur. Hələlik hansı çəki dərəcələrində mübarizə aparacağımızı dəqiqləşdirməmişik. Hər şey təlim-məşq toplanışının gedişindən asılıdır. Çempionata az qalmış səfərə yollanacaq boksçularımızın adları bəlli olacaq. Əsas odur ki, hər bir idmançımız səylə çalışır və ölkə xaricində uğur qazanmaq üçün yorulmadan məşq edirlər”.

N. Abdullayev medalla bağlı proqnoz verməsə də, yığmada yer alacaq hər bir boksçuya böyük ümid bəslədiyini deyib. Onun sözlərinə görə, əsas hədəf Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qorumaq və Bakıya mükafatlarla qayıtmaqdır: “Ad və ya medal sayı açıqlaya bilməyəcəyəm. Amma komandamıza federasiya rəhbərliyinin də, bizim də ümidimiz böyükdür. Çalışacağıq ki, Poreçdə ən yaxşısını edib, himnimizi səsləndirək və üçrəngli bayrağımızı yüksəklərə qaldıraq. Bir sözlə, komandamızın medallar qazanacağına ümidvarıq”.

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq. Bir gün sonra yarışa start veriləcək. Qitənin ən güclüsünün adına isə martın 23-də aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right