"Qarabağ Azərbaycandır" voleybol turnirinin qalibi "Şuşa" komandası oldu

22 iyul - Milli Mətbuat günü münasibətilə idman jurnalistləri arasında voleybol üzrə "Qarabağ Azərbaycandır!" turniri keçirilib.
Newsport.az-ın məlumatına görəAzərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkil etdiyi yarış karantin qaydalarına riayət etməklə, "Murov" Voleybol Klubunun İdman Bazasında gerçəkləşib.
Mübarizəyə 11 iyun - 26 iyunda "Qarabağ Azərbaycandır!" mini-futbol turnirində iştirak etmiş komandalardan 4-ü - "Qubadlı", "Füzuli", "Cəbrayıl" və "Şuşa" qatılıb. Yarışın keçirilməsinə "Azərreyl" Voleybol Klubu və Azərbaycan Voleybol Federasiyası (AVF), habelə sponsorlar qismində "G-SHOCK CASIO" və milli geyim brendi "Il Azero" dəstək olub. Qarşılaşmaları AVF hakimləri idarə edib.
Açılış mərasimində yarış iştirakçılarını salamlayan AİJF-nin İdarə Heyətinin üzvü və Yarışların Təşkili Komissiyasının sədri Elşən Məmmədov onlara "Qarabağ Azərbaycandır!" devizi ilə növbəti turnirə qatıldıqları üçün federasiya rəhbərliyi adından təşəkkürünü bildirib. 
Daha sonra Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qaydalar barədə məlumat verdikdən sonra komanda nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Püşkə əsasən, yarımfinalda "Şuşa" "Füzuli" ilə, "Cəbrayıl" isə "Qubadlı" ilə üz-üzə gəlib: 
"Şuşa" - "Füzuli" - 2:0 (25:22, 25:16)
"Qubadlı" - "Cəbrayıl" - 0:2 (19:25, 17:25)
Beləliklə, yarımfinal görüşlərindən məğlub ayrılan "Qubadlı" və "Füzuli" 3-cü yer uğrunda görüşə çıxıb. Gərgin keçən oyun "Qubadlı"nın qələbəsi ilə yekunlaşıb - 2:1 (20:25, 27:25, 15:11). 
Finalda isə "Şuşa" və "Cəbrayıl" komandaları qarşılaşıb. Görüşü 2:0 (25:21, 25:17) hesablı üstünlüklə bitirən "Şuşa" "Qarabağ Azərbaycandır!" turnirinin qalibi olub. 
Həlledici görüşün ardından mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AİJF-nin vitse-prezidenti Mahir Rüstəmli, İdarə Heyətinin üzvü Elşən Məmmədov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü və gənclərdən ibarət milli komandanın meneceri Yelena Parxomenko, "Azərreyl" klubunun prezidenti Fərid Xəlilov, AVF-nin baş koordinatoru Zöhrab Gözəlbəyli, federasiyanın mətbuat katibi Şəfəq Kərimova, "G-SHOCK CASIO"nun piar meneceri Mədinə Axunbəyli iştirak edib. 
Əvvəlcə turnirdə fərqlənən jurnalist-voleybolçular təltif edilib. Teymur Maqsudov ("Qubadlı") və Anar Xanlarov ("Şuşa") "Il Azero"nun, Ramiz Mirzəzadə ("Füzuli"), "Səbuhi Səfiyarlı ("Cəbrayıl") və Kənan Həsənov ("Şuşa") "G-SHOCK CASIO"nun qiymətli hədiyyələrinə layiq görülüb. 
Eyni zamanda, turnirin keçirilməsinə dəstək olan "Azərreyl", AVF və sponsorlar AİJF-dən fəxri fərman alıblar.  
O da bildirilib ki, "Qarabağ Azərbaycandır!" turnirinin qalibinin "Şuşa" olması AVF-nin Şuşa şəhərinin şərəfinə "Xarı Bülbül" komandası yaratmaq ideyasına dəstək kimi dəyərləndirilməlidir. 
Sonra qalib komanda "Şuşa"nın hər bir üzvünə AİJF-nin fəxri fərmanları və "Il Azero"dan qiymətli hədiyyələr verilib. Nəhayət, komandanın kapitanı Kənan Məstəliyevə turnirin baş mükafatı - "Zəfər Kuboku" təqdim olunub.
Qeyd edək ki, idman jurnalistləri arasında mini-futbol üzrə "Qarabağ Azərbaycandır!" turnirinin qalibi "Qubadlı" komandası olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right