Rüstəm Orucov: Artıq qocalar qrupundayam

Azərbaycan Olimpiya komandasının Tokio-2020-də bayraqdarı seçilən Rüstəm Orucov müsahibəsi verib. Newsport.az xəbər verir ki,  73 kq çəki dərəcəsində mübarizə aparacaq titullu cüdoçu yarış praktikasının azlığının Olimpiadadakı çıxışına təsiri, bayraqdar seçilməyinin əhval-ruhiyyəsində yaratdığı dəyişiklik və Oyunlardan sonrakı planları barədə danışıb. 

- Artıq uzun müddətdir ki, yarışlarda iştirak etmirsiniz. Yarış praktikasının azlığı Olimpiadadakı çıxışınıza təsir edəcək deyə  narahat deyilsiniz?
- 6 aydır ki, yarış güləşmirəm. Bu qədər uzaq qalmağımın səbəbi koronavirusa yoluxmağım oldu. 2 ay ərzində ciddi problemlər yaşadım, nəfəsim 20 faiz tutulmuşdu. Elə halda təbii ki, məşq edə bilməzdim. Ardınca yarışlar ard-arda düzüldü. Mən isə hazırlıqsız gedib güləşə bilməzdim. Ancaq son dünya çempionatına getmək istəyirdim, sadəcə, məşqçilər Olimpiadaya az vaxt qaldığını əsas gətirib məsləhət gördülər ki, qalsın.

- Olimpiadanın bayraqdarı seçildiniz. Bundan əvvəl Avropa Oyunlarında bayraqdar olduğunuzu nəzərə alsaq, ard-arda iki böyük tədbirdə bu missiyanın sizə həvalə olunacağını gözləyirdiniz? Ümumiyyətlə, belə məsuliyyətli bir yarış qabağı diqqətlərin əsasən sizin üzərinizdə olması necə hissdir?
- Xəbəri eşidəndə çox sevindim. Mənə çox böyük stimul verdi. Ona qədər düşünürdüm ki, 6 aydır yarış güləşmirəm, halım necə olacaq, mən orada neyləyəcəyəm... Bayraqdar seçiləndən sonra mənfi fikirlər ağlımdan çıxdı, əhval-ruhiyyəm tamam dəyişdi. Dedim ki, nəyin bahasına olur-olsun, bu yarışda mütləq medal qazanmalıyam. Avropa Oyunlarında bayraqdar olub, finala çıxmışdım. Olimpiadada ən yaxşısını etməyə çalışacağam.

- Artıq üçüncü Olimpiadanız olacaq. Yeri gəlmişkən, bu baxımdan Mehman Əzizovla  cüdomuzun şərikli rekordçususunuz. Əvvəlki müsahibələrinizin birində demişdiniz ki, Tokio sonuncu Olimpiadamdır. İndi nə düşünürsünüz, davam, ya tamam?
- Artıq qocalar qrupundayam (gülür). Sözün düzü, hələ qərar verə bilməmişəm. Fikirləşirəm, növbəti Olimpiadaya 3 il qalıb, mənim də o vaxt 32 yaşım olacaq. Üstəlik, reytinqdə öndəyəm, Parisə lisenziya qazanmağım çox çətin olmamalıdır. Bəlkə, gedib orada medal da ala bilərəm. Bir yandan da düşünürəm, cavanların önünü açmaq lazımdır. 12 ildir heç kimə yol vermirəm. Ancaq hələlik çəkimdə elə bir namizəd görmürəm. Bir il Hidayət daha yaxşı formadaydı, ard-arda nəticələr verdi. Sonradan toparlanıb onu dünya çempionatında da, reytinqdə də qabaqladım. Bilmirəm, fikirləşə-fikirləşə qalmışam. Görsəm ki, perspektivli bir gənc var, geri çəkiləcəyəm. Olmasa, məcburam özüm gedib bayrağımızı qaldırım. 

- Olimpiadanın tamaşaçısız keçirilməsi haqqında qərarı necə qarşıladınız?
- Mənim üçün bir fərqi yoxdur. Əksinə, bir az da rahatam ki, ev sahibi ilə düşsəm, ən azından dünya çempionatındakı atmosfer olmayacaq(red: 2019-cu ildə Tokioda keçirilən dünya çempionatının finalında yaponiyalı Şohey Ono ilə görüşünü nəzərdə tutur).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right