Millimizin baş məşqçisi: "Önəmlisi ermənilər üzərində qələbələrimizdir"

"Avropa çempionatında yunan-Roma güləşi üzrə yığma komandamız 4 qızıl və 3 bürünc medal qazanaraq birinci yeri tutdu. Bu, çox fərəhli nəticədir".

Newsport.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında federasiyanın yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov Bolqarıstanın Samokov şəhərində keçirilmiş yeniyetmə güləşçilərin qitə yarışı ilə bağlı danışarkən deyib.

O, bir ay sonra Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatının olacağını xatırladıb: "İnanıram ki, həmin idmançılar bu yarışda da ölkənin şərəfini layiqincə qoruyacaq. Azərbaycan Güləş Federasiyası adından məşqçilərimizi və idmançılarımızı, eləcə də onların klub və cəmiyyətlərdəki məşqçilərini təbrik edirəm. Bu, çox yüksək nəticədir. Bu nəticələrin davamı gələcək. Bildiyiniz kimi, bu il ən əsas yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarıdır. İki yunan-Roma güləşçimiz olimpiadada mübarizə aparacaq. Onların bu yarışda uğurlu çıxış edəcəyinə inanıram. Böyüməkdə olan yeniyetmə və gənclər də onlardan nümunə götürəcək".

Yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Taleh İsrafilov Azərbaycan xalqını və federasiyanı təbrik etdiyini söyləyib: "Önəmli olan həm də ermənilər üzərində qazandığımız qələbələrdir. Onlarla 4 görüşün hamısında qələbə qazandıq. Yeddi medalla komanda hesabında qitə çempionu olduq. Hamınızı təbrik edirəm. Uşaqlara isə gələcək yarışlarda uğurlar arzulayıram”.

55 kq-da Avropa çempionu olan Fərid Baxışlı əvvəlcə Estoniya, daha sonra isə Almaniya güləşçisinə tam üstünlüklə qalib gəldiyini bildirib: "1/4 finalda Rusiya idmançısını 6:4, yarımfinalda isə Belarus təmsilçisini 4:2 hesabıyla məğlub edərək finala yüksəldim. Finalda da Ermənistan güləşçisinə qalib gələrək Avropa çempionu oldum. Bu, mənim ən böyük uğurumdur. O qədər sevinirəm ki, nə deyəcəyimi bilmirəm. Ən çətin görüşüm məhz final qarşılaşması oldu. 0:7 hesabıyla geridə idim. Sona 40 saniyə qalmış hesabı bərabərləşdirib qələbə qazandım. İdman elə bir şeydir ki, son saniyəyə qədər mübarizə aparmalısan”.

Xatırladaq ki, Avropa çempionatında Fərid Baxışlı ilə yanaşı, Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq) və Fərid Xəlilov (60 kq) qızıl, Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) isə bürünc medal qazanıb. Komanda 153 xalla Avropa çempionu olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah