Teymur Rəcəbov: "Karlsenə qarşı mübarizədə əlimdən gələni edəcəyəm"

"Əsas vəzifə təsnifat mərhələsini keçmək idi. Tamaşaçılar istənilən halda, pley-offda maraqlı partiyalar izləyəcəklər. Orada hər zaman qalib olur ki, bu, əladır. Ona görə də belə formatda turnirləri sevirəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində pley-offa yüksəlməsi barədə danışarkən deyib.

Təsnifat mərhələsindəki çıxışını dəyərləndirən 34 yaşlı qrossmeyster ehtiyatlı oynadığını etiraf edib: "Bəzi oyunlarda yaxşı şanslarım oldu. Qələbə qazana bilərdim, sadəcə, bir az ehtiyatlı oynadım. Təbii ki, buna görə təəssüflənirəm. Amma hər şey qaydasındadır. Düşünürəm ki, əvvəlki turnirlə müqayisədə vəziyyət normaldır".

1/4 finalda Maqnus Karlsenə rəqib olan Rəcəbov hər zaman ona qarşı oynamaqdan məmnun olduğunu bildirib: "Əlbəttə, bu dəfə sürətli heç-heçələr olmayacaq. Görək, üstünlük kimin tərəfində olacaq. Ona qarşı mübarizədə əlimdən gələni edəcəyəm".

Oyunların gecə saatlarında keçirilməsinə də toxunan şahmatçı bunun özünə çətinlik yaratmadığını söyləyib: "Gec yatdığım üçün problemlə üzləşmirəm. Hər şey yaxşıdır. Özümü normal hiss edirəm. Amma təzyiq olduqca yüksəkdir. Görüşlər başa çatdıqdan sonra dünyadakı həmkarlarım, keçmiş dünya çempionları ilə söhbət edirəm. Bəziləri ilə 20 ildən çoxdur dostam. Hərdən bir-birimizə məsləhət də veririk".

Rəcəbov rusiyalı şahmatçı Yan Nepomnyaşinin İddiaçılar Turnirində qələbə qazanmasına da münasibət bildirib: "Açığı, turnirin mənsiz keçirildiyini görmək bir qədər məyusedicidir. Amma Nepomnyaşi qələbəyə layiq idi. Həqiqətən böyük iş gördü. Son illərdə çətin anları olub. Bu qələbəni çoxdan gözləyirdi. Onunla yaxşı münasibətlərim var. Nepomnyaşiyə hər zaman uğurlar arzulayıram. Aniş Girinin çıxışına isə təəccübləndim. Daha yaxşısını edə bilərdi".

Təcrübəli qrossmeysterin sözlərinə görə, rusiyalı həmkarının şahmat tacı uğrunda görüşdə Karlsenə də qalib gəlmək şansı var: "Nepomnyaşi hazırda dünyanın 4 nömrəli şahmatçısıdır. Çətin, eyni zamanda möhtəşəm qarşılaşma olacaq. Düzdür, Karlsen favoritdir. Amma əminəm ki, Nepomnyaşi də öz üzərində çox işləyəcək. İddiaçılar Turnirinə də ciddi hazırlaşmışdı. Digər tərəfdən, Maqnusun rusiyalı şahmatçıya qarşı nəticələri elə də yaxşı deyil. Kim daha yaxşı hazırlaşacaqsa, o da qalib gələcək".

Qeyd edək ki, Teymur Rəcəbovun Çempionlar Turunun 1/4 finalında Maqnus Karlsenlə ilk görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right