Hakimlər mövsümü necə yola verdi? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı altincı yazısı

Futbol yaranan həll olunmayan bir problem var: hakimlik. Harda insan varsa, orada nöqsan da var. Adi həyatımızda necə tez-tez səhvlərə yol veririksə, hakimlərin də 90 dəqiqə boyunca az və ya çox səhv etməsi normal qarşılanmalıdır. Vay o günə ki bu səhvlər qərəzli idarəçilikdən qaynaqlansın. Bax onda söz-söhbətin qarşısını almaq, haqqı tapdalanan komandanı sakitləşdirmək çətin olur. Bu yazıda geridə qoyduğumuz mövsümün idarəçiliyinə toxunacağıq. 2016/17 mövsümündə də kobud hakim səhvlərinə şahidlik etdik. Onlardan ən çox yadda qalanları diqqətinizə çatdıracağıq.

Kəmiyyətdə FİFA referiləri, keyfiyyətdə Yusifov

Ancaq gəlin əvvəlcə hakimlərin ümumi statistikasına nəzər salaq. Bu dəfə çempionat 28 tura yekunlaşdı. 8 komandanın Premyer Liqada yarışdığını nəzərə alsaq, ümumilikdə 112 oyunun baş tutduğunu görərik. Bu 112 matçı 10 hakim idarə edib. Kəmiyyət sarıdan FİFA referiləri bir addım öndə oldu. Hakimlər Komitəsi həm Əliyar Ağayevə, həm də Rəhim Həsənova 17 dəfə fit sahibi kimi təyinat verdi. Fariz Yusifov onlardan cəmi 1 oyun az idarə etdi. Ömər Paşayevə 11 görüş həvalə olundu. Rauf Cabbarov və Ramil Diniyev çempionat boyunca 10 dəfə referi statusu daşıdı. Orxan Məmmədov və İnqilab Məmmədov 9 qarşılaşmada fit çaldı. Rəvan Həmzəzadənin payına 7, Elvin Əsgərova isə 6 oyun düşdü. Kəmiyyətdə FİFA referiləri öndə olsa da, keyfiyyətdə Fariz Yusifov irəli çıxdı. Təcrübəsi hesabına bir çox qəliz oyunların öhdəsindən ustalıqla gələn 44 yaşlı hakim “mən nə qədər qoca olsam da, min cavana dəyərəm” mesajını verdi. Əminliklə Yusifovu mövsümün ən yaxşı referisi saya bilərik. Təsadüfi deyil ki, Hakimlər Komitəsi Azərbaycan kubokunun final oyununu məhz Fariz bəyə həvalə etdi.

1-ci tur

AZAL – Neftçi (Rəhim Həsənov)

İndi isə keçək kobud hakim səhvlərinin sıralamasına. Elə mövsümün ilk oyunu kobud səhvlərlə yadda qaldı. 16-cı dəqiqədə Röyal Nəcəfovun zərbəsindən sonra top qapı xəttini keçsə də, hakim qolu qeydə almadı. Halbuki bu epizodu ən pis halda qapı arxasında durmuş Ramil Diniyev görməliydi. Nuqzar Kvirtiya bir müddət sonra “təmiz” qol vurdu. Ancaq nədənsə hakim “Neftçi”nin qapıçısına qarşı kobud oynanıldığını bildirərək bu qolu da qeydə almadı. 36-cı dəqiqədə Ruslan Nəsirliyə verilən qırmızı vərəqə ağır qərar idi.

4-cü tur

Kəpəz – Zirə (Ramil Diniyev)

30-cu dəqiqədə Renanın zərbəsindən sonra top Yovan Krnetanın əlinə dəysə də, hakim penalti təyin etmədi. 72-ci dəqiqədə Elvin Məmmədov Renan tərəfindən cərimə meydançası daxilində kobudluqla durdurulsa da, referinin fiti yenə susdu. 75-ci dəqiqədə Nicat Qurbanov ofsaydda olmasa da, laysman bayrağını qaldıraraq gəncəliləri əla qol imkanından məhrum etdi.

5-ci tur 

Sumqayıt – Kəpəz (Rəhim Həsənov)

Serjinyo 56-cı dəqiqədə Fərhad Vəliyevi aldatmaq istəyərkən yerdə qaldı. Hakim bunu simulyasiya kimi dəyərləndirib portuqaliyalı yarımmüdafiəçiyə sarı vərəqə göstərdi. Halbuki bu qərar yetərincə şübhəliydi. İkinci hissədə Renan bağışlandı. Rəhim Həsənov ilk hissədə “sarı” almış braziliyalı müdafiəçinin ikinci yarıdakı aşkar kobudluğuna göz yumaraq 2-ci “sarı”nı göstərmədi.

7-ci tur

Sumqayıt – AZAL (İnqilab Məmmədov)

İlk hissədə Kamal Mirzəyev Ayaz Mehdiyevi cərimə meydançası daxilində aşkar kobudluqla durdurdu. Ancaq nədənsə hakim oyunu davam etdirdi. Bu azmış kimi, İlqar Ələkbərovun qolu qaydalar çərçivəsində vurulmadı. Belə ki, yarımmüdafiəçi fərqlənərkən oyundan kənar vəziyyətdə olsa da, bu məqam laysmanın nəzərindən qaçdı.

11-ci tur

Neftçi - İnter (Rəvan Həmzəzadə)

Derbi bərbad idarəçiliklə yadda qaldı. Gənc referi “Bakcell Arena”da ciddi səhvlərə yol verdi. “Neftçi”nin 2-ci qolunda penaltidən söhbət belə gedə bilməzdi. Çünki top Zurab Xizanişvilinin əlinə cərimə meydançasından təxminən 1 metr kənarda dəymişdi. Əslində Həmzəzadəni qapı arxasında dayanmış Rəhim Həsənov çaşdırdı. FİFA referisinin təkidindən sonra Rəvan qonaqların qapısına penalty təyin etdi.

12-ci tur

Qəbələ - Zirə (Ömər Paşayev)

Gənc referi özünü Qəbələdə “yandırdı”. Elə ilk hissədə Rəşad Sadiqov Sezar Meza Kollini vurduğu üçün meydandan qovulmalıydı. Bu azmış kimi, təcrübəli futbolçunun 2-ci hissədəki kobudluğuna görə də, “sarı” göstərməyə Paşayevin cəsarəti çatmadı. “Zirə”nin lehinə də səhvə yol verdi. Cavid Tağıyev cərimə meydançası daxilində özünü yerə atıb penalti tələb etdi. Düzdür, hakim onun tələsinə düşmədi. Ancaq Tağıyevə simulyasiyaya görə sarı vərəqə verməliydi ki, bunu etmədi. Halbuki buna qədər Cavidin passivində 1 “sarı” var idi. Deməli, 2-ci “sarı”nı alsaydı, avtomatik meydandan qovulmalıydı. Matçda vurulan yeganə qolda da qüsur var idi. Cavid Hüseynov Tağıyevdən topu qaydanı pozmaqla almışdı. Epizodun davamında isə “Qəbələ” hesabı açdı. 68-ci dəqiqədə Elvin Camalov Nurlan Novruzovu itələyib yerə yıxsa da, hakim ona “gözün üstə qaşın var” belə demədi.

13-cü tur

Qarabağ – Qəbələ (Rəhim Həsənov)

Gəldik, çatdıq mövsümün ən çox müzakirə olunan oyununa. Rəhim Həsənov bu görüşün nəticəsinə təsir göstərən səhvlərə yol verdi. 7-ci dəqiqədə Elvin Yunuszadə Ruslan Qurbanova qarşı kobudluğa görə kart görməliydi, amma görmədi. 15-ci dəqiqədə Riçard Almeyda arxadan Asif Məmmədovun ayağına bilərəkdən zərbə endirsə də, hakim yenə əlini cibinə atmadı. İkinci hissədə Filip Ozobiç əla qol imkanı yaxalasa da, laysman yanlış olaraq bayrağını qaldırıb, xorvatın ofsaydda olduğuna qərar verdi. 71-ci dəqiqədə Elvin yenə Ruslanı yerə yıxdı. O, bu dəfə dirsəyindən istifadə etdi. FİFA referisi bu epizodu da görməzlikdən gəldi. Maksim Medvedevin Ozobiçə qarşı kobudluqları da vərəqəsiz ötüşdü. 87-ci dəqiqədə top Vitali Vernidubun üzünə dəysə də, hakim penalty təyin etdi. Həsənov oyunu əlavə olaraq daha 8 dəqiqə oynatmaqla bir növ “Qarabağ”ın qələbə qolunu vurmasına şərait yaratdı. Nəticədə “Qəbələ” bəyanat yayaraq, AFFA və PFL-i haqsızlıq davam edəcəyi təqdirdə çempionatdan çıxmaqla hədələdi.

15-ci tur

Qarabağ – Neftçi (Ramil Diniyev)

Meydanın mərkəzində Fəhmin Muradbəyliyə qarşı aşkar kobudluq olsa da, “Qarabağ”ın futbolçusuna sarı vərəqə göstərilmədi. Dino Ndlovu hücumların birində oyundan kənar vəziyyətdə olmasa da, laysman bayrağını qaldıraraq səhvə yol verdi. Maksim Medvedev 68-ci dəqiqədə cərimə meydançası daxilində Rəhman Hacıyevi yerə sərsə də, hakim penalty təyin etmədi. Məqsəd İsayevin topla əllə oynadığı epizodda isə Ramil Diniyev nöqtəni göstərdi. 11 metrlik zərbənin haqlı olub-olmadığı haqqında ziddiyətlə fikirlər yarandı.

16-cı tur

Qəbələ - Neftçi (Fariz Yusifov)

Ardıcıl 2-ci tur “Neftçi” hakim haqsızlığıyla üzləşdi. Bu dəfə “ağ-qaralar” Qəbələdə ədalətsizlik gördü. Daniel Subotiçə qol ötürməsi verən Ürfan Abbasov oyundan kənar vəziyyətdə olsa da, təcrübəli hakim laysman Yaşar Abbasovun xəbərdarlıq etməməsinin güdazına getdi. Nəticədə qaydalara uyğun olmayan tərzdə qol vuruldu. Cavid Hüseynov yerdə qalanda və Tellur Mütəllimovun ayağından səkən top əlinə dəyəndə penalty təyin etmək olardı. 82-ci dəqiqədə Ruslan Abışov Filip Ozobiçi qolundan dartıb yerə yıxdı. Buna qədər “sarı”sı olan müdafiəçi 2-ci vərəqəni alıb meydandan qovulmalıydı. Ancaq Fariz Yusifov milli üzvünü bağışladı.   

17-ci tur

Qəbələ - AZAL (İnqilab Məmmədov)

73-cü dəqiqədə Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı qarşısında açıq-aşkar Daniel Subotiçin əlinə dəysə də, hakimin fiti susdu. Halbuki epizod düz Məmmədovun gözü qarşısında baş vermişdi.

18-ci tur

Zirə - Qəbələ (Əliyar Ağayev)

 

74-cü dəqiqədə Ürfan Abbasov “Zirə”nin əks-hücumunun qarşısını almaq məqsədiylə Elvin Məmmədovu yerə yıxdı. Buna qədər vərəqəsi olan müdafiəçi 2-ci “sarı”nı alıb meydandan qovulmalıydı. Ancaq FİFA referisi onu bağışladı. Oyuna əlavə olunmuş vaxtda Akim Latifunun ötürməsindən sonra topu ələ keçirmək istəyən Nurlan Novruzov Ürfanı yerə yıxsa da, hakim bu epizodu ya diqqətdən qaçırdı, ya da qayda pozuntusu olmadığı qənaətinə gəldi. Bundan az sonra Riçard Qadze oyundan kənar vəziyyətdə komandasının 2-ci qolunu vurdu. Hakim ofsayddan vurulmuş qolu qeydə aldı. Nəticədə “Qəbələ” Zirədə çox vacib 2 xaldan məhrum oldu.

19-cu tur

Neftçi – Kəpəz (Rauf Cabbarov)

Yenə “Neftçi”nin oyununda kobud hakim səhvi qeydə alındı. Rauf Cabbarov 14-cü dəqiqədə Zdenek Folprexti cərimə meydançası daxilində kobudluqla yerə sərən Tural Axundovun hərəkətini penalti kimi dəyərləndirmədi. Halbuki “Kəpəz”in kapitanı sürüşmə fəndini düzgün yerinə yetirməmiş, topa yox, rəqibin ayağına zərbə endirmişdi. Bir epizodda isə Nicat Qurbanova qarşı aşkar  qayda pozuntusu olsa da, hakim oyunu davam etdirdi.

21-ci tur

Sumqayıt – Qarabağ (Ramil Diniyev)

“Qarabağ”ın lehinə verilən penalti olduqca şübhəli idi. Miçelə toxunuşa görə 11 metrlik zərbənin təyin olunması yetərincə ağır qərar oldu. Üstəlik, son dəqiqələrdə “Sumqayıt”ın haqlı penaltisi verilmədi. Ehtiram Şahverdiyevin zərbəsindən sonra Elvin Yunuszadə cərimə meydançası daxilində topu əliylə qaytarsa da, referi oyunu davam etdirdi.  

Sabiq FİFA referisi də Fariz Yusifovu önə çəkdi

Tahir Süleymanov: “8 komandalı çempionatda rəqabət əvvəlki illərdəki kimi deyil. "Xəzər Lənkəran", "Bakı" klubları yoxdur, "Neftçi" keçmiş əzəmətini itirib, "İnter" sahibsiz qalıb. 3-4 il öncə çempionatın minimum 50 faiz görüşləri prinsipial xarakter daşıyırdı, 5-6 klub mütləq çempionluq uğrunda mübarizə aparırdı. Hakimlər çox çətinliklə oyunları idarə edirdilər. İndi həm oyun sayı azalıb, eyni zamanda çempionat ərzində "Qarabağ", "Qəbələ"nin iştirakı ilə  maksimum 3-5 matç keçmiş səviyyəsini, prinsipiallığını qoruyur. Belə çempionatda hakimlərin işi yüngülləşir, idarəçilik asanlaşır. Buna baxmayaraq, bu mövsüm də kifayət qədər nəticəyə təsir edən hakim səhvləri oldu. İlk turda keçirilən AZAL - "Neftçi" oyunu hakimlik baxımından siqnal idi. Gənc hakimlərin heç biri istənilən səviyyədə ümidləri doğrultmadı. Hakimlər briqadası arasında sinxron əlaqə aşağı idi. Bunun nəticəsi idi ki, köməkçi hakimlər çoxsaylı səhvləri ilə yadda qaldı. 6 hakimlik sistem isə ümumiyyətlə özünü doğrultmadı.

Demək olar ki, bütün komandaların iştirakı ilə keçirilən görüşlərdə kobud səhvlər oldu. Daha qabarıq səhvlər "Qəbələ"nin iştirakı ilə keçirilən oyunlarda oldu. Həm əleyhinə, həm də lehinə. Əliyar Ağayevdən daha səviyyəli idarəçilik gözləyirdim. Bəzi oyunları yaxşı idarə etsə də, çempionat ərzində səhvlərlə yadda qaldı. Sabit hakimlik edə bilmədi. Rəhim Həsənovda artım hiss olunmur. Digər gənc hakimlər isə daha ciddi çalışmalıdırlar.

AFFA və PFL Hakimlər Komitəsi üçün istənilən şəraiti yaradıb. Təsəvvür edin, bəzi klublar ölkə xaricində təlim-məşq toplanışı keçə bilmədiyi halda hakimlərimiz 3-4-cü dövrələrə kifayət qədər beynəlxalq görüşlər idarə edərək hazırlaşdı. Təəssüf ki, qış fasiləsindən dərhal sonra 3-4 tur ərzində həddindən artıq kobud hakim səhvləri oldu. Hiss olunurdu ki, hakimlər psixoloji baxımdan oyunlara hazır deyil. Yuxarıda qeyd etdiyim rəqabətsizliyi nəzərə alsaq, bu, bağışlanmaz idi. Hakimlər arasında ciddi rəqabətin olmaması, aparıcı gənc hakimlərdə arxayınlıq yaratmışdı. Bu durumda təcrübəli Fariz Yusifov onlara nümunə oldu. Çempionluğu həll edən "Qəbələ" - "Qarabağ" görüşünü çox yaxşı idarə edərək hakimlikdə müəyyən sabitlik yaratdı. Əlavə hakimlərdən də istifadə olunmaması baş hakimləri bir qədər ayıltdı, məsuliyyətini artırdı. Qeyd etdiyim kimi klubların əksəriyyətinin can üstə olması, çempionatda yer tutmaq yox, yaşamaq uğrunda mübarizə aparmaları hakimlərin idarəçiliyini yüngülləşdirdi. İstənilən halda hakimlərimiz arxayınlaşmamalı, yeni mövsümə daha səylə hazırlaşmalıdırlar”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right