Hicran Şərifov: “Məni erməni güləşçilərin görüşlərinə belə təyin edirlər” Layihə

Ölkəmizi 3-cü dəfə Olimpiadada təmsil edəcək, Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, əmakdar məşqçisi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakimi, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifovun newsport.az saytına müsahibəsi: 

 

- 3-cü dəfə Olimpiya Oyunlarında hakimlik edəcəksiniz. Təəssüratlarınızı bilmək istərdik.
- Əlbəttə, dəqiq hakim olmaq, ədalətli, düzgün olmaq, təkcə hakim siması yox, ədalətli xalqın nümayəndəsi olmaqdan xəbər verir. Hakim əgər soyğunçu, ədalətsiz, saxtakar, çox uzağa getməyib. Necə gəlirsə, elə də gedir. Fəxr edirəm ki, 3-cü dəfə Olimpiadada hakimlik edəcəyəm. Bu, üst-üstə 12 il edir. Bu, Azərbaycan tarixində bir ilkdir. Heç vaxt hansısa hakimimiz 3 dəfə Olimpiadada iştirak etməyib. 


 

- Necə oldu ki, hakim olmaq qərarına gəldiniz?
- Uşaq yaşlarımdan güləşlə məşğul olmuşam. Daim bu idman növünü sevmişəm. Sonra Cavanşir Qurbanov məni hakimliyə yönəltdi. O zaman Güləş Federasiyasında vitse-prezident idi. Dedi ki, sən güləş qaydalarını çox yaxşı bilirsən, qədd-qamətin də hakimliyə yarayır. Kriteriyalar tam uyğun gəlir. Bolqarıstanda imtahan verdim. Beləliklə, hər il imtahan verərə bu səviyyəyə yüksəldim. 35 yaşımdan hakimliklə məşğulam.
- Olimpiadalarda başınıza gələn ən maraqlı hadisə hansı olub?
- Olimpiya Oyunlarında hər görüş maraqlıdır. Adicə televiziyadan izləyəndə adama ləzzət edir, o ki qala canlı-canlı baxasan. Ən maraqlı məqam kimi London-2012-nin ən yaxşı güləş hakimi seçilməyim oldu. Buna görə mənə qızıl fit verdilər. Bunu ölkə prezidenti də çox yüksək qiymətləndirdi və “Şöhrət” ordeniylə təltif etdi.Maraqlıdı ki, 46 il bundan qabaq elə Londonda keçirilən futbol uzre dunya cempionatinda
 Tofiq Bəhramov qızıl fit almışdı. Təxminən yarım əsrdən sonra eyni uğur təkrarlandı.Göstərilən dövlət qayğısına görə prezidentimizə, nazirimizə və federasiya başçısına minnətdarlığımı bildirirəm. Mənim qızıl fit almağım hamımızın uğurudur.


 

- Yəqin ki, 3-cü Olimpiada sizin üçün daha rahat keçəcək. Axı indi təcrübəniz daha çoxdur.
- Bəli. Pekin-2008-də bir neçə görüşü həyəcanlı formada idarə etdim. Bu da məsuliyyətdən irəli gəlir. Ancaq bir qayda olaraq həyəcan start fitindən sonra aradan qalxır. Kənar səs məni maraqlandırmır. Yalnız döşəkdə baş verənlərə köklənirəm. Diqqətimi tam güləşçilərə cəmləşdirirəm ki, hansısa fəndi gözdən qaçırmayım. Dünyadakı 3-5 ən yaxşı güləş hakimimindən biri hesab olunuramsa, səhv etməyə ixtiyarım yoxdur.
- İndiyə qədər idarə etdiyiniz ən çətin görüş hansı olub?
- 2013-cü ildə keçirilən dünya çempionatında sərbəst güləş üzrə 60 kq-da Rusiya və Gürcüstan təmsilçiləri üz-üzə gəlmişdi. Hesab 19:18 idi. Həmin görüşdə döşək rəhbəri idim. Bu yerdə onu qeyd edim ki, London-2012-dən sonra demək olar ki, yalnız döşək rəhbəri oluram. Həmin görüşdə Rusiya güləşçisi qalib gəldi. Gürcüstan protest verdi. Ertəsi gün bütün hakimlər çağırıldı və onlara vərəq və qələm verildi. Həmin görüşün görüntüsü izlətdirildi və deyildi ki, xalları hesablayın. Mən də yazdım və yenə 19:18 hesabını qeydə aldım. Biri 21:17, o biri 23:19 və s. yazmışdı. Hakimlər Kollegiyasının sədri bir-bir epizodları izah elədi və o da 19:18 hesabıyla rusun qalib gəldiyini bildirdi. Bir daha təsdiq olundu ki, görüş düzgün idarə olunub. Döşək rəhbəri kimi bu çətin qarşılaşmadan üzüağ çıxdım.
- Adətən, hansı ölkənin güləşçiləri daha cığal olur?
- Ermənilər (gülür). 
- Yəqin ki, iki ölkə arasındakı münasibətləri nəzərə alıb, onların görüşlərinə sizi təyin etməzlər.
- Yox, təyin edirlər. Açıq deyəcəm, mən güləşçinin milliyətinə önəm vermirəm. Xalçada olanda qırmızı və göy trikolu güləşçi tanıyıram. Vəssalam. Belə şeylərə baxsaydım, bu həddə yüksəlməzdim. Məni erməni güləşçilərin görüşlərinə belə təyin edirlər. Çünki bilirlər ki, obyektiv, şəffaf idarəçilik olacaq. Yeri gəlmişkən, bir hadisəni danışım. Üçqat olimpiya çempionu Buvaysar Saytiyevin şərəfinə hər il beynəlxalq turnir keçirilir. Ümumilikdə 10 dəfə keçirilib, onun 3-də rəhbəri mən olmuşam. Qaydalarda belədi ki, 3 və daha artıq güləşçiylə turnirə qatılan komanda özüylə birgə hakim də gətirməlidi. Ermənistan və Qırğızıstan bu şərtə əməl etməyərək yarışa hakimsiz qatılmışdı. Belədə turnirin rəhbəri onları 2000 frank cərimələməlidi. O cərimə Dünya Güləş Birliyinə (UWW) ödənməsə, həmin ölkənin güləşçiləri heç bir beynəlxalq yarışda iştirak edə bilməz. Qırğızıstandan tanış insanlar, hakimlər zəng edib xahiş etdi ki, bizi cərimələmə, federasiyamızda maddi vəziyyət ağırdı. Saytiyev özü də şəxsən məndən qırğızları cərimələməməyi xahiş etdi. Dedim ki, bunu etməsəm, ermənilər məndən UWW-yə şikayət edəcək ki, qırğızları yox, bizi cərimələdi. Heç birini cərimələməsəm, onda mən Ermənistana can yandırmış olaram. Bunu edə bilmərəm axı. Onlara qarşı qərəzli münasibət göstərə bilmərəm. Amma onların qaydanı pozmasına da göz yuma bilmərəm. Son nəticədə hər iki komandanı cərimələdim.
- Gənc həmkarlarınızdan kim gələcəkdə Hicran Şərifov kimi tanınmış hakim ola bilər?
- Kim yaxşı çalışsa, o da yaxşı hakim olacaq. Mən ad çəkə bilmərəm. Kimin şəxsi həyatında problemi az olursa, o da irəli gedir. Görüş idarə etdiyin yerdə fikrin evindəki problemə yönəldisə, onda səhvə yol verəcəksən. Səhv edən isə, irəli gedə bilməz. Kim güləşə tam bağlanacaqsa, güləş üçün yaşayacaqsa, güləşlə ürəyi döyünəcəksə, tam hakimliyə köklənəcəksə, o zaman məni əvəz edəcək, mənimlə çiyin-çiyinə Olimpiya Oyunlarında, dünya çempionatlarında fit çalacaq. Bunun üçün gənc hakimlərimiz öz üzərilərində çox işləməli, zəhmətkeş, çalışqan olmalıdırlar.


 

- Güləş qaydaları tez-tez dəyişir. Bu proses hakimlərə çətinlik yaradır?
- Əlbəttə. Hətta bəzən uzun müddət davam edən qaydalarla görüşü idarə edən hakimlər də çaşır. Sərbəst və yunan-Roma güləşinin, böyüklərlə gənclər və yeniyetmələrin güləşində qaydalar fərqlidir. Bunlar idarəçilikdə böyük çətinliklər törədir. Hakimdən böyük savad, diqqət tələb edir. Yalandan, bəxtə-bəxt idarəçilik etmək olmaz. Axı xalçada bir idmançının müqəddəratı həll olunur.
- Son dəyişiklikləri optimal hesab edirsiniz?
- Bilirsiz ki, əvvəllər beynəlxalq güləş qurumunun adı FİLA idi. Sonradan rəhbərlik dəyişdi və adı UWW oldu. Hakimlərin geyimi, döşəyin rəngi, güləşçilərin çəkiləri, qaydalar tam dəyişdi. İlk dəfə yeni qaydalarla Olimpiya Oyunları keçiriləcək. Ancaq bu Olimpiadadan sonra da qaydalarda dəyişikliklər gözlənilir. Buna hazırıq. Seminarlar keçərək yeni qaydaları mənimsəyəcəyik. Gənc həmkarları da maarifləndirəcəyik. Yenə deyirəm, savadlı, ədalətli hakim xalqın siması, güzgüsüdür. Bu xalq saxta deyil. Azərbaycan xalqı dürüst və ədalətlidir. Saxta, əliəyri hakim varsa da, onlar çox uzağa getmir. Belələri güləşdən uzaqlaşdırılır.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right