Ukrayna millisinin kapitanı: "Timoşukdan gecələr necə yata bildiyini soruşdum"

"Açığı, onun müharibə ilə bağlı susması mənim üçün gözlənilməz oldu. Timoşukdan gecələr necə yatdığını soruşdum. Cavab verdi ki, mən də sənin kimi yata bilmirəm. Daha heç nə yazmadım".
 
Newsport.az-in məlumatına görə, bunu Ukrayna millisinin və İngiltərənin "Vest Hem" klubunun futbolçusu Andrey Yarmolenko Rusiya "Zenit"inin məşqçisi Anatoli Timoşukla aralarındakı söhbət barədə danışarkən deyib.
 
Yığmanın kapitanı bildirib ki, 43 yaşlı mütəxəssis əvvəllər onun üçün peşəkarlıq nümunəsi olub: "Həmişə oyunlarına baxırdım. Müharibə başlayandan hamını izləyirəm ki, görüm, kimlər nə dedi, kimlər ümumiyyətlə danışmadı. Timoşuk mənə zəng edəndə susmasının səbəbini soruşdum. Bildirdim ki, sən mənim üçün nümunə idin, indi isə həyatımda yoxsan. O, məni, mən isə onu bloka atdım".
 
33 yaşlı hücumçunun sözlərinə görə, Timoşuk qorxur və başına nələrin gələcəyini bilmir: "Başa düşürəm, həyat yoldaşı və uşaqları rusdur. Amma dostlarının əksəriyyəti Ukraynadandır, qohumları isə müharibədə ölür. Sənin pulun var, mövqeyini bildirdikdən sonra sakitcə ailəni götürüb dünyanın istənilən yerində yaşaya bilərsən. Sadəcə, bilmirəm ki, Timoşuk bununla necə yaşayacaq. Yaşadığı ölkə Ukraynada onun valideynlərini atəşə tutur".
 
Ukrayna Futbol Assosiasiyasının Timoşuku dövlət mükafatlarından və fəxri adlarından məhrum etməsinə də toxunan Yarmolenko bunu doğru addım hesab edib: "Fikrimcə, milli komandada 144 oyun keçirmiş sabiq kapitan kimi öz sözünü ilk deyənlərdən olmalı, Rusiya xalqına baş verənləri göstərməli idi. İki tərəf ola bilməz, kimi dəstəklədiyini seçməlisən. Timoşuk öz seçimini etdi. Onu Allah mühakimə etsin".
 
Qeyd edək ki, Anatoli Timoşukun adı Ukrayna futbolu tarixindən rəsmən silinib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right