Mahir Emrelinin “Legiya” perspektivi TƏHLİL

Mahir Emrelinin Polşanın “Legiya” klubuna keçidi son illərdə Azərbaycan futbolu adına baş vermiş çox olmayan müsbət məqamlardandı. Adı uzun müddətdi müxtəlif xarici klublarla hallanan, heç cür sərhədləri aşmayan futbolçu, nəhayət, getmək qərarına gəldi. Məlumdu ki, millimizin də üzvü olan forvardın bir neçə başqa təklifi də olub və o, sonda Varşava təmsilçisini seçib.
 
“Legiya” “Qarabağ”dan dahamı güclü komandadı? – indiki məqamda bunun belə olduğunu konkret iddia etmək olmaz. Düzdü, varşavalıların heyəti daha keyfiyyətlidi, Avropada daha çox tanınan, daha yaxşı nəticələri olan komandadı, ancaq ötən mövsüm onlar öz meydanında məhz “Qarabağ”a 0:3 kimi ciddi hesabla məğlub olublar (Yeri gəlmişkən, bu, “Legiya”nın keçən mövsüm ən böyük yenilgisi idi – red.). Bu da əslində o deməkdi ki, Mahir indiki məqamda “Qarabağ”dan üstün olduğunu iddia edə biləcəyimiz kluba getməyib. Ancaq yanaşmanı bir qədər dəyişəndə “Legiya”ya transferin proqressiv olduğu aydın olur: Emreli Polşa çempionatında top qovacaq. “Ekstraklasa”da 16 komanda yarışır – Azərbaycan Premyer Liqasından 2 dəfə çox. Polşa çempionatı skautların, “böyük beşlik” liqaları klublarının diqqət mərkəzindədi, ordan hər il Avropanın daha güclü çempionatlarına transferlər reallaşır və s.
 
Düşünürük ki, Emrelinin məhz indi ölkə xaricinə çıxması da zamanında atılmış addımdı. 23 yaşlı forvard artıq tam formalaşıb. Ölkədaxili yarışlarda ardıcıl mövsümlərdə bombardirlik keyfiyyətlərini ortaya qoyan hücumçu ciddi avrokubok təcrübəsinə malikdi, yığma komandanın aparıcı üzvlərindən biridi. O, özünü Azərbaycanda tam təsdiqlədi və reallıqdı ki, hazırda ölkədə Mahirdən daha yaxşı hücumçumuz yoxdu. Ciddi tənqidlərə, narazılıqlara baxmayaraq, bu, faktdı. Qurban Qurbanovun uzun illər güvəndiyi, “rəndələdiyi”, yaxşı futbolçuya çevirdiyi Mahir üçün indi özünü xaricdə göstərmək vaxtı yetişib. Görünür, hər qərarında “hoca”sı ilə məsləhətləşən oyunçunun getmək istəyində də təcrübəli çalışdırıcının rolu olub. Ümumiyyətlə, məntiqlidi: yaxın 2-3 il ərzində Emreli karyerasının zirvəsinə çatacaq. Bunun məhz “Legiya”da baş verməsi onun daha yaxşı yerlərə gedişi üçün təkan ola bilər.
***
“Legiya” Mahirin özünü göstərməsi üçün münasib klubdumu? Hücumçumuzu Varşava təmsilçisində nə gözləyir?

Polşa çempionatı Azərbaycan Premyer Liqası ilə elə də oxşar deyil. Keyfiyyət fərqi öz yerində, həm də orda əsasən atletik, fizikaya hesablanmış futbol ön plandadı. “Legiya”nı da oyun üslubuna görə “Qarabağ”a bənzətmək çətindi. Bu komanda topla “Qarabağ” qədər oynamır, o qədər də dominant futbola meyl etmir, çoxsaylı qol vəziyyətləri yaratmır, heç çox qol da vurmur. Təsəvvür edin, ötən mövsüm komandanın Polşa çempionatındakı son 7 oyununda 1-dən artıq top vurulmayıb. Deməli, Mahir fərqli çempionata, yeni fəlsəfəyə uyğunlaşmaq üçün bir az əziyyət çəkməli olacaq.
 
Digər problem taktiki fərqlər ola bilər. Emreli uzun müddət “Qarabağ”da 4-2-3-1 sxemində oynayıb. Taktika məsələsində qatı olan Qurbanov çox nadir hallarda bunu dəyişib. “Legiya” isə fərqli sistemlə oynayır. Baş məşqçi Çeslav Mixneviç ötən mövsüm komandada əsasən 3-4-2-1 sxemini tətbiq edib. Müxtəlif matçlarda zaman-zaman sistem konret 3-4-3-ə və ya 3-5-2-yə çevrilib. Bu, Mahir üçün yenilik olacaq və uyğunlaşması müəyyən zaman ala bilər. Eyni zamanda heyətdə özünə yer etməsi də asan olmayacaq.
 
Mahirin “Legiya”dakı rolu barədə daha ciddi fikir sahibi olmaq üçün onun yeni yoldaşlarına/rəqiblərinə nəzər yetirmək vacibdi. Beləliklə, “Legiya”nın mövcud hücum xətti və son mövsümdə Ekstraklasa performanslarına baxaq:                      

Futbolçu Yaş Oyun Qol
Tomaş Pexart 32 25 22
Rafael Lopeş 29 20 4
Sezar Valensiya 26 8 0
Joze Kante 30 4 0
Maçey Rosolek 19 8 0
Ernest Muçi 20 6 0
Rusin Nazariy 22 0 0
Casurbek Yaxşiboev 24 1 0
Kaçper Kostorş 21 6 1
Pavel Vşolek 29 24 3
Pavel Skibiçki 19 7 1
Şimon Vlodarşik 18 2 0


*Adının üzərindən xətt çəkilmiş futbolçular hazırda komandada deyil.
*Adı fərqləndirilən futbolçular icarədə olub və bu yay geri qayıdıb.

 

Cədvəldən göründüyü kimi, ötən mövsüm “Legiya”da irəli xətdə bolluq olub. Ancaq onların heç də hamısı ortaya keyfiyyət qoya bilməyib.

 

Komandanın əsas qol silahı çexiyalı Tomaş Pexartdı. Hazırda ölkəsinin yığmasının heyətində AVRO-2020-də mübarizə aparan forvard “Legiya”nın ölkə çempionatında 48 qolunun az qala yarısını – 22-ni vurub. Təcrübəli oyunçunun növbəti mövsüm də hücum xəttinin əsas lideri olacağı ehtimal edilir. Oyun tərzinə görə Pexart taran tipli forvarddı. O, cərimə meydançası daxilində, daha dəqiq desək, qapı meydançasında çox təhlükəlidi. Hündür boya malik Pexart qollarının əksəriyyətini başla vurub. Komandanın əsas penalti icraçısı olan forvard sürəti, driblinqi ilə diqqət çəkməsə də, bitiriciliyi, tək toxunuşları üst səviyyədədi. Maraqlıdı ki, o, keçən mövsüm 1 qol ötürməsi belə, olmayıb.


Pexartdan sonra “Legiya”nın ən məhsuldar futbolçusu 7 qolla cinah müdafiəçisi (vinq-bek – red.) Filip Mladenoviçdi. Bu da əslində komandanın digər hücumçularının yüksək performans göstərməməsi deməkdi. Pexartın ardınca ən çox qol vuran hücumçu Rafael Lopeşdi ki, o da cəmi 4 dəfə fərqlənib (assisti yoxdu). Komandanın daha məşhur futbolçusu, sağ vinq-bek Pavel Vşolek isə bu yay “Yunion Berlin” klubuna keçib və hazırda mövqeyi boşdu.

Cədvəldə detallı əks olunduğundan digər oyunçuların çıxışı barədə xüsusi danışmağa ehtiyac görmürük. Sadəcə, onu da qeyd edək ki, Maçey Rosolek icarədə olduğu aşağı  liqa klubunda 17 matçda 10 dəfə fərqlənməyi bacarıb.

Hazırda heyətdə olan irəli xətt oyunçularının 5-i gənc oyunçulardı və onlar ötən mövsüm elə də çox şans qazanmayıblar, bəzən məcburiyyətdən - irəli xətdə işlər yolunda getmədiyindən meydana buraxılıblar. Ernest Muçi və Casurbek Yaxşiboev ciddi sayılacaq məbləğlər qarşılığında heyətə cəlb edilsələr də, ümidləri doğrulda bilməyiblər.

“Legiya”nın mövcud hücum potensialını nəzərə alsaq, 3-4-2-1-də Mixneviçin Mahir üçün necə bir rol düşündüyünü yəqin etmək çətindi. Komanda bu sxemlə oynayacaqsa, futbolçumuz üçün heyətə düşmək asan olmayacaq. Pexartın hücumun sivri ucundakı yeri möhkəmdi. Rafael Lopeş zaman-zaman oynamaq imkanı qazanıb və yeni oyunçu Mahirlə müqayisədə komandada yerləşmiş futbolçudu. Beləliklə, Emrelinin hücumun mərkəzində iki ciddi rəqibinin olduğu dəqiqdi. Hücumun gerisində oynayan Lukinyas və Bartoş Kaputska əsas heyət üzvü hesab olunur. Onlar hər ikisi ötən mövsüm Ekstraklasada 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Əgər Mixneviç 3-4-2-1-lə davam etsə, Emreli əsas heyət üzvü ola bilmək üçün ciddi mübarizə aparmalıdı. Hazırda komandada ötən mövsümlə müqayisədə gözədəyən boşluq yalnız Pavel Vşoleklə bağlıdı. Mahir cinahda oynaya bilir, ancaq “Legiya”da bu mövqeyin oyunçusunun üzərinə müdafiə tapşırıqları da düşüb və bu, ona uyğun deyil.
 
Bir neçə gün öncə baş məşqçinin “Mahirin yanında ikinci hücumçuya ehtiyac var” söyləməsi onun növbəti mövsüm üçün 3-5-2 sistemini istisna etmədiyini göstərir. Bu isə milli üzvü üçün ideal variant olardı. Əla mövsüm keçirən Pexartla rəqabət aparmaqdansa, onunla birgə irəli xətdə oynamaq daha münasibdi. Üstəlik, Mahir bu rol üçün tamamilə uyğundu. Yaxşı texnikaya, sürətə, zərbələrə malik olan futbolçu həm cərimə meydançasında effekt verə bilər, həm də topun o zonaya qədər çatdırılmasında faydalı olar (Məsələn, Kontenin “İnter”ində Lukakunun yanında Lautaro Martinesin oynadığı rol).
 
***
“Legiya” Mahir üçün ciddi çağırışdı. Polşada onu inkişafını istədiyindən tənqid edən azarkeş və media olmayacaq. Heç Mixneviç də Qurban Qurbanov qədər səbrli və inadkar davranmayacaq. Əgər o, “Legiya”da uğurlu olmaq istəyirsə, əldə etdiyi yarım şansdan belə, maksimum istifadə etməyi bacarmalı, ciddi rəqabət mühitində davamiyyət göstərməlidi. İki yoxlama oyununda 4 qol vurması Mahirin həvəsindən, özünü sübut etmə istəyindən xəbər verir. Buna aldanmamalı və belə davam etməlidi.

Faiq Tahirov/futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right