“Növbəti mövsüm bütün klublar üçün çətin keçəcək”

Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker İspaniya mətbuatına müsahibə verib.

Söhbətin mövzusu bəllidir. Sabiq hücumçu vaxtilə La Liqada “Sevilya” və “Real” kimi klubların şərəfini qoruyub.

Xorvatiyalı Madrid təmsilçisi ilə bağlı sualları cavablayıb. Şuker həmyerlisi Luka Modriç haqda da danışıb.

- “Real” İspaniya çempionatının favoritidir?
- Əlbəttə, “Barselona”nın son oyunlarda uğursuz təsir bağışladığını nəzərə alsaq, “Real”ın zirvə uğrunda mübarizədə favoritə çevrildiyini deyə bilərik. Düzü, Kataloniya təmsilçisi çempionatın bərpasından sonra yaxşı görünmür. Problemin nədən qaynaqlandığını bilmirəm. Nəticələr ürəkaçan deyil. “Kral klubu” isə əksinə, inamlı təsir bağışlayır. Zinəddin Zidanın komandası əzmkar qələbələr qazanmaqla diqqəti çəkir. Təqvimi də nəzərə almaq lazımdır. Bu mənada da üstünlük Madrid təmsilçisinin tərəfindədir. Hər halda, Zidanın komandası ehtiyatı əldən verməməlidir. Futbolda bəzən bir oyunun nəticəsindən çox şey asılı olur. Hər oyuna yüksək motivasiya ilə çıxmaq lazımdır. Qətiyyən xal itirmək olmaz.

- Yeri gəlmişkən, 2021-ci ildə Modriçin müqaviləsinin müddəti bitir. Sizcə, o, klubla yeni müqavilə imzalayacaq?
- Qərarı futbolçu verməlidir. Həm Modriçə, həm də “Real”a sonsuz hörmətim var. Bu səbəbdən heç kimə məsləhət vermək istəmirəm. Hər şeyi danışıqlar həll edəcək. Luka əsl fenomendir. Sentyabrda onun 35 yaşı olacaq. Yarımmüdafiəçinin möhtəşəm karyerası var. O, arzuladığı bütün titulları qazanmağı bacarıb. Buna baxmayaraq, Modriçin tükənməz motivasiyası var. O, gənc oyunçular qədər həvəslidir. Luka çox çalışmağı xoşlayır. Həmyerlim futbolu sevir. Həyat tərzinə diqqət etməsi, bu yaşda da yüksək səviyyədə futbol oynamasına şərait yaradır. Fikrimcə, “Real”ın rəhbərliyi belə məqamlara da xüsusi diqqət yetirir. Modriç klub üçün çox şey edib. O, paytaxt təmsilçisinin tarixində iz qoya bilib. Bu səbəbdən Luka karyerasını davam etdirdiyi müddət ərzində “Real”da ona yer olacaq. Bu mənim fikrimdir. Orta xətt oyunçusu karyerasını Madriddə bitirsə, təəccüblənmərəm. Çünki onun “Real”ı çox sevidiyini bilirəm. Hər şeyi zaman göstərəcək. Luka yeni sınaq qarşısına çıxmaqdan da qorxmur. Bu səbəbdən gələcəkdə “Real”ı tərk etsə, bu da məni təəccübləndirməyəcək.

- Onun hansı qərarı verəcəyini bilirsiniz?
- Luka çətinliklərdən zövq alan insandır. Problemlər onu heç vaxt qorxutmayıb. Modriç çox ağıllıdır. Onun doğru qərar verəcəyini düşünürəm. “Real”da oynamaq üçün müəyyən səviyyədən aşağı düşməməlisən. Modriç bu mənada problem hiss etsə, yəqin ki, Madridi tərk edəcək.

- Sizcə, o, bütün oyunlarda meydanda olmalıdır?
- Məncə, karyerasının bu dövründə onun bütün oyunlarda meydanda olmaması yaxşıdır. Amma əminəm ki, Modriç “Real”ın hər matçında gücünü göstərmək istəyir. Xüsusən vacib oyunlarda Luka meydanda olmaq arzusundadır. Mən də vaxtilə futbolçu olmuşam. Nə dediyimi yaxşı bilirəm. 2021-ci ildə qitə çempionatı keçiriləcək. Xorvatiya yığması üçün Modriçin bu turnirdə çıxış etməsi önəmlidir. Onun “Real”da 35-40 matç keçirməsi daha yaxşı olardı. Yorğunluq futbolçulara mənfi təsir edir. Növbəti mövsüm bütün klublar üçün çətin keçəcək. Təqvimin sıxlığı oyunçular üçün çağırış olacaq. Bu səbəbdən komandanın zəngin heyətə malik olması çox vacibdir. Rəqabətədavamlı heyəti olan klublar vəziyyətdən daha yaxşı çıxa biləcəklər. Modriç yığmanın lideridir. Onun qarşıdakı AÇ-də yüksək səviyyədə oynayacağına inanıram.

- Sabiq hücumçu kimi Benzemanın oyunu haqda nə düşünürsünüz?
- Benzema dünyanın ən yaxşı oyunçularından biridir. Buna yəqin, heç kim şübhə etmir. Ona yalnız uğurlar və qollar arzulaya bilərəm. Çünki forvard üçün qoldan vacib heç nə yoxdur. Məhsuldarlıq çox önəmlidir. Həmişə zirvədə qalmaq üçün qol vurmağa davam etmək lazımdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right