"Azərbaycanda qazandıqlarımı burada bacarmadım" - Flavinyo

"Neftçi"nin braziliyalı sabiq futbolçusu Flavinyo ölkəsinin mətbuatına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, o, Azərbaycandakı karyerası haqda sualları da cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik.

- Azərbaycana uyğunlaşmağınız necə oldu?

- Əvvəllər Azərbaycan haqqında heç nə bilmirdim, heç nə eşitməmişdim. Hətta müharibə ölkəsi olduğunu düşünür, çox qorxurdum. Ancaq tamamilə fərqli idi, çox asan uyğunlaşdım. Azərbaycanda insanlar mənə çox yaxşı münasibət göstərdilər, ölkəni bəyəndim. Futbol inkişaf edirdi. Oranın ikinci Dubay olmasını arzulayırdılar. Güclü neft olmasına baxmayaraq, turistlik ölkə olmaq istəyirlər. Yeməkləri çox fərqlidir. Bir tərcüməçimiz var idi, portuqalca danışırdı, bu da işimizi asanlaşdırmışdı. Mənim üçün ən böyük çətinlik mentalitet idi. Avropa ölkəsi olmasına baxmayaraq, hələ də xaricilər üçün çox qapalıdır. Təkcə klubda deyil, işlədiyiniz və yaxınlıqda yaşadığınız insanlar ailə kimi sizə çox yaxşı münasibət göstərirlər. Ancaq çölə çıxdığınız zaman - alış-verişdə, restoranda, bazarda insanlar sizə fərqli baxır. Oradakı illərim gözəl keçdi, çox minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Azərbaycanda yaşadığım müddətdə həyatım üçün dərslər aldım.

- Orada futbolun durumu necədir, Braziliya ilə fərq çoxdur?

- Azərbaycanda futbol Braziliyadakından çox fərqlidir. 4-3-3 taktikasına üstünlük verən Avropa standartlarını qorumağa çalışırlar. Fiziki güc və sürət baxımından yaxşıdır, ancaq texniki cəhətdən nisbətən aşağıdır. Çox qol vurulur, amma driblinqlər, gözəl fərdi keçidlər az olur. Bu da mənə çox kömək etdi. Çünki mənim oyun üslubum fərdi üstünlük, 2 oyunçunu aldatmaq, driblinq etmək üzərində idi. Belə oyunçuların sayı az olduğundan, ora getdiyim zaman fərqlənməyə başladım.

- Avropa Liqası və Çempionlar Liqasında oynamaq necə hiss idi?

- Avropa Liqasında oynamaq karyeramın zirvəsi idi. Baxmayaraq ki, Braziliyanın dörd çempionatında oynamışam. "İnter"lə matçda İtaliyadakı stadion mənə ən çox təsir edən məqam idi. Gəlişini heç düşünmədiyim anı yaşayırdım. Azərbaycana gedəndə bildim ki, avrokubok təqvimi var, amma Avropa Liqasının qrupuna düşməyin, demək olar ki, mümkünsüz olduğunu bilirdim. "Neftçi" Azərbaycanın Avropa Liqasında qrupa vəsiqə qazanan ilk klubu idi. "San Siro"da stadiona ayaq basanda o mahnını eşitmək şübhəsiz ki, mənə ən çox təsir edən məqam idi.

- "Neftçi" ilə 3 çempionluq qazandınız. Düşünürsünüzmü ki, bu, karyeranızın ən yaxşı mərhələsidir?

- Üç çempionluq və iki ölkə kubokunu qazandım. Orada 5 titulum var idi. Bir futbolçu kimi ən yaxşı dövrüm Azərbaycanda oldu. Çünki orada qazandıqlarımı burada bacarmadım. Titul əldə etdim, ilin ən yaxşı futbolçusu seçildim. Ölkənin ən yaxşısı idim. Buna görə də ilk üç il karyeramın ən gözəl anları oldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right