"Dünyanın ən yaxşısı olmaq mənim üçün önəmli deyil" - Yurgen Klopp

30 il sonra "Liverpul"u İngiltərə çempionu edən almaniyalı baş məşqçi Yurgen Klopp "Bild"ə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis özünü dünyanın ən yaxşı baş məşqçisi kimi hesab etmədiyini bildirib:

"Dünyanın ən yaxşı ifadəsi mənim üçün önəmli deyil. Biz "Liverpul"da komanda işi görürük və bu baxımdan yaxşıyıq. Bəli, onu deyə bilərəm ki, yaxşı baş məşqçiyəm. Mən soruşursunuz ki, ən yaxşı baş məşqçi kimdir? Bu adam Pep Qvardioladır".

Klopp növbəti mövsüm üçün heyətdə dəyişikliklər etməyəcəklərini deyib:

"Komandada çox dəyişikliyə ehtiyac yoxdur. Bu komanda ilə dominantlıq edə bilirik. Böyük transferlər edəcəyimizi söyləyə bilmərəm. Futbolçularımın çoxu oynamaq üçün ideal yaşdadırlar. Ardıcıl doğru qərarlar verdik. İstedadlı və gələcək vəd edən futbolçuları bir araya gətirməyə çalışırıq. Texniki heyətimiz də xüsusi işlər görür və onları qeyd etməliyəm. Dəyişikliyə və irəli getməyə davam etməliyik. "Borussiya"dakı problemimiz komanda halında ola bilməməyimiz idi. Həmin səhvləri burada təkrarlamırıq. Xüsusilə də son 2,5 mövsümdür ki, inkişaf hiss edilir. Hər oyuna final kimi baxırıq. Futbol bizim üçün ən böyük əyləncədir".

Yurgen Klopp "Borussiya"nın vingeri Ceydon Sançonun "Liverpul"a mümkün transferi barədə söz açıb:

"Qırmızı forma Sançoya çox yaraşar. Ancaq transferin bu yay gerçəkləşəcəyinə inanmıram. Çox maraqlı futbolçudur. Əgər "Liverpul"a gəlsə, inanın, buna ən çox özüm təəccüblənəcəyəm".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah