AÇ-2020: Stadionlar və biletlərin qiyməti

4 illiyin möhtəşəm yarışlarından sayılan futbol üzrə Avropa çempionatına 245 gün – təxminən 8 ay qalır. Həmişəkindən fərqli, tarixdə ilk dəfə olaraq qitə birinciliyi 12 ölkədə keçiriləcək. Bizim üçün bu dəfəki yarışı xüsusi edən əsas məqam AVRO-2020-nin ev sahibləri arasında Azərbaycanın da olmasıdır. Digər 11 ölkə - İtaliya, Rusiya, Danimarka, Niderland, Rumıniya, İngiltərə, Şotlandiya, İspaniya, İrlandiya, Almaniya və Macarıstandır. Bu mənada AÇ-2020, stadionlar və biletlərin qiyməti ilə bağlı yazıyla tanış olmağa dəyər.

 

Qitə çempionatının 60 illiyi şərəfinə keçiriləcək bu dəfəki yarış üçün biletlərin satışında ilkin mərhələ artıq başa çatıb. Bu ilin iyun-iyul aylarında bəzi biletlər azarkeşlərə lotereya vasitəsilə satılıb.

 

Bilet satışında ikinci mərhələ noyabrın 30-da başlanacaq - final mərhələsinin püşkatmasından sonra. Apreldə keçiriləcək pley-off oyunlarından sonra isə 3-cü - sonuncu bilet dəsti satışa çıxarılacaq. Turnir zamanı biletlərin satışı həyata keçirilməyəcək. Yarışın veb-səhifəsində yalnız hansısa azarkeşin öz biletini satması üçün şərait yaradılacaq. Bu vəziyyətdə qiymət dəyişməz olaraq qalacaq.

 

Qiymətlərən söz açmışkən, biletlər iki qrupa bölünməklə 3 qiymətə olacaq (A - Amsterdam, Bilbao, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen, Roma, Sankt-Peterburq; B - Bakı, Budapeşt, Buxarest).

 

AÇ-2020-nin qrup mərhələsi üçün A kateqoriyasında ən ucuz biletin qiyməti 50 avro, ən bahalısı 185 avrodur. Sankt-Peterburq, Münhen və Romadakı açılış matçları 75, Bakı, Buxarest və Budapeştdə isə cəmi 30 avroya satılacaq.

 

Yarımfinal oyunları və final üçün (hamısı Londonda keçiriləcək) ən ucuz biletlər müvafiq olaraq 195 və 295 avroya başa gələcək.

 

12 seçilmiş sırasına düşmüş stadion haqda isə uzun-uzadı danışmağa lüzum yoxdur. Hamısı gözəlliyi, müasirliyi, infrastruktur və imkanları ilə bir-birindən fərqlənir, göz oxşayır. Amma qısa stastistika ilə tanış olmağa dəyər.

1.Stadion: “Uembli”
Ölkə, şəhər: Böyük Britaniya, London
Azarkeş tutumu: 90 min
Əfsanəvi “Uembli” AÇ-2020-də ən böyük və çox tutumlu stadion olacaq. Qrup mərhələsinin üç qarşılaşması, bir 1/8 final, iki yarımfinal və final görüşünün məhz Londona salınması təsadüfi deyil.

 

2.Stadion: “Alyans Arena”
Ölkə, şəhər: Almaniya, Münhen
Azarkeş tutumu: 75 min
“Bavariya”nın ev oyunlarını keçirdiyi arenada 2006-cı il dünya çempionatının, eləcə də Çempionlar Liqasının final (2011/2012) qarşılaşmaları keçirilib.

3.Stadion: “Olimpiko”
Ölkə, şəhər: İtaliya, Roma
Azarkeş tutumu: 72 min 699
İtaliyanın, “Roma”nın məşhur stadionu 1928-ci ildə tikilib, açılışı isə düz 9 il sonra olub. 1953-cü ildə isə yenidənqurma işləri aparılıb – 1960-cı ilin Yay Olimpiya Oyunları üçün. ”Olimpiko” iki dəfə Avropa çempionatının (1968 və 1980-ci illərdə), dörd dəfə isə Çempionlar Kuboku və Çempionlar Liqasının finallarına ev sahibliyi edib. Hazırda bu arenada “canavarlar”dan savayı, paytaxtın digər klubu “Latsio” da ev oyunlarını keçirir.

 

4.Stadion: “Bakı Olimpiya stadionu”
Ölkə, şəhər: Azərbaycan, Bakı
Azarkeş tutumu: 69 min 870
70 minə yaxın azarkeşi qəbul edə bilən BOS-da 2015-ci ildə ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, "Qarabağ"ın Çempionlar Liqası və Avroliqadakı bir neçə oyunu, həmçinin Avropa Liqasının 2018/2019-cu illər mövsümünün həlledici görüşü keçirilib.

 

5.Stadion: “Sankt-Peterburq Arena”
Ölkə, şəhər: Rusiya, Sankt-Peterburq
Azarkeş tutumu: 68 min 134
Sankt-Peterburqun göz öxşayan stadionunda DÇ-2018-in 7 oyunu baş tutub – 4 qrup, 1/8 final, yarımfinal və 3-cü yer uğrunda matç. 653 milyon avroya başa gəlmiş arenanın tikintisi 7 il davam edib. “Qazprom” şirkəti 2009-cu ildə işi götürüb və 26 aprel 2016-cı ildə təhvil verib.

 

6.Stadion: “Ferens Puşkaş”
Ölkə, şəhər: Macarıstan, Budapeşt.
Azarkeş tutumu: 67 min 889
Macarıstanın mərkəzi stadionu 2016-cı ildə dağıdılmış köhnə arenanın yerində tikilib. Hazırda tikintisi davam edən stadion bu ilin sonunda tam təhvil veriləcək.

 

7.Stadion: “Milli stadion”
Ölkə, şəhər: Rumıniya, Buxarest.
Azarkeş tutumu: 55 min 634
Maraqlıdır ki, Rumıniyanın milli stadionunda indiyə qədər yalnız bir ciddi yarış – 2012-ci ildə Avopa Liqasının final oyunu keçirilib.

 

8.Stadion: “Yohan Kroyff Arena”
Ölkə, şəhər: Niderland, Amsterdam
Azarkeş tutumu: 54 min 990
Bu stadion 2018/2019-cu illər mövsümünə qədər “Amsterdam Arena" adlanırdı. 2016-cı ildə dünyasını dəyişmiş əfsanəvi niderlandlı Yohan Kroyffun şərəfinə “Yohan Kroyff Arena” adı verilən stadionda “Ayaks”ın ev oyunları ilə yanaşı, dünyasəviyyəli konsertlər, tədbirlər təşkil olunur. Bu stadion həmçinin 2000-ci il Avropa çempionatının qarşılaşmalarına da ev sahibliyi edib.

9.Stadion: “San Mames”
Ölkə, şəhər: İspaniya, Bilbao
Azarkeş tutumu: 53 min 289
1913-cü ildə tikilmiş stadion düz 100 ildən sonra - 2013-cü ildə əsaslə təmir və yenidənqurmadan sonra təhvil verilib. “Atletik”in ev arenası və baskların sevimli stadionu indiyədək yalnız reqbi üzrə Avropa Çempionlar Kubokunun finalını qəbul edib.

 

10.Stadion: “Hempden Park”
Ölkə, şəhər: Şotlandiya, Qlazqo
Azarkeş tutumu: 52 min 103

Şotlandiyanın tarixi stadionlarından sayılan “Hempden Park” 1903-cü ildə tikilib. 1960-cı ildə tarixdə ən çox izlənən Çempionlar Kubokunun finalı (indiki Çempionlar Liqası) məhz burada keçirilib. 10 qolun vurulduğu qarşılaşmanı stadiondan 127 min tamaşaçı izləyib. Madrid “Real”ı həlledici görüşdə “Ayntraxt”ı 7:3 hesabı ilə məğlub edib. Hazırda bu arenada QPR ev oyunlarını keçirir.

 

11.Stadion: “Avia stadium”
Ölkə, şəhər: İrlandiya, Dublin
Azarkeş tutumu: 51 min 700

İrlandiyanın həm futbol, həm də reqbi milli komandasının ev stadionunda həm də qeyri-adi formatlı konsertlər təşkil edilir.

 

12.Stadion: “Parken”
Ölkə, şəhər: Danimarka, Kopenhagen
Azarkeş tutumu: 38 min 65

AÇ-2020-nin sonuncu - ən kiçik stadionu. 1994-cü ildə burada Kuboklar Kubokunun, 2000-ci ildə isə o vaxtkı UEFA kubokunun finalı keçirilib. Bir il sonra stadionda "Eurovision" mahnı müsabiqəsi keçirildi. Burada konsertlər ümumiyyətlə, çox tez-tez keçirilir, hətta tarixdə rekord tamaşaçı sayı məhz futbol oyununda yox, Castin Timberleykin solo konserti zamanı qeydə alınıb - amerikalı müğənni üçün arenaya 55 min insan toplaşıb.

 

Tərcümə etdi: Nəzri ƏLİSOY





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right