"Yuventus", "Real" və "Qarabağ"

Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"a məğlub olan "Atletiko" (2:0, 0:3) mübarizəni dayandırıb.

Newsport.az saytının məlumatına görə, Madrid təmsilçisinin avrokuboklarla vidalaşmasını komandanın lideri Antuan Qrizmannla da əlaqələndirmək olar.

Çünki ulduz futbolçu həm evdə, həm də səfərdəki qarşılaşmanı susqun keçirib. Halbuki Qrizmann avrokuboklardakı qolları ilə komandasını daşımağı bacaran oyunçudu.

Təsadüfi deyil ki, "Yuventus"a qədər son il yarım ərzində fransalı superulduz cəmi 2 komandanın qapısına yol tapa bilməmişdi ki, onlardan biri də Azərbaycan təmsilçisi "Qarabağ"dı.

2017-18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu ilə hər iki qarşılaşmada bərabərə qalan (0:0, 1:1) "Atletiko"da Qrizmann həm "Vanda Metropolitano", həm də Bakı Olimpiya Stadionunda fərqlənə bilməmişdi.

Halbuki qrupdakı digər komandalar "Çelsi" və "Roma"nın qapısına yol tapa bilmişdi.

"Qarabağ"la 2017-ci ilin oktyabrındakı görüşlərdən sonra Avropa Liqasına yuvarlanan madridlilərdə forvard 1/16 final mərhələsindən etibarən hər mərhələdə qol vurub.

"Kopenhagen", "Lokomotiv", "Arsenal"ı səfərdə, "Sportinq"i evdə məyus edən 28 yaşlı dünya çempionu finalda da "Marsel"i mərkəzə dəvət edərək, komandasının Avropa Liqasını qazanmasına töhfə verib.

Ötən ilin avqustunda Tallində keçirilən UEFA Superkubokunda isə "Real" önündə 57 dəqiqə meydanda qalan Qrizmann kuboku başı üzərinə qaldırsa da, qol vura bilməmişdi.

"Atletiko"nun forvardı cari mövsümdə isə ÇL-in qrup mərhələsindəki hər üç rəqibi məyus edib. Fransa millisinin üzvü "Monako", "Brügge" və Dortmund "Borussiya"sı ilə ev oyununda toru silkələməyi bacarıb.

Hətta Belçika təmsilçisi ilə qarşılaşmada dubla imza atıb. Lakin 1/8 finalda "Yuventus"a qarşı keçirilən 180 dəqiqəlik mübarizədə onun susqunluğu, bəlkə də, "Atletiko" üçün həlledici olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah