Dünya çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya millisinin heyətindən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.
Newsport.az-ın məlumatına görə, bu barədə hücumçu Xorvatiya mətbuatına açıqlama verib.
O, komandasının uğurunda pay sahibi olmadığını əsas gətirərək medalı istəmədiyini deyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".
Qeyd edək ki, Kaliniç xorvatların mundiala vəsiqə qazanmasında yaxından iştirak edib. O, Yunanıstanla pley-off mərhələsinin matçında qələbə qolunun müəllifi olub.
Xatırladaq ki, Kaliniç DÇ-2018-in qrup mərhələsinin ilk turunda Nigeriya ilə matçın sonuna 5 dəqiqə qalmış çiynində ağrı olduğunu bəhanə gətirərək, əvəzetmədən meydana çıxmaq istəmədiyi üçün komandadan kənarlaşdırılmışdı. Yığmanın baş məşqçisi Zlatko Daliç isə bunun ilk dəfə baş vermədiyini bildirərək, Kaliniçi evə göndərmişdi.