"Azərbaycanla eyni səviyyəli mübarizə aparacağımızı güman etsəm də, ..." Miksu Paatelaynen

"Nəticədən razı deyilik. Estoniya və Litva ilə Baltika Kubokundakı oyunlarımız yaxşı alınmışdı. Həmin oyunlardan sonra təlim-məşq toplanışımızı və yoldaşlıq oyunları tsiklini müsbət yekunlaşdıracağımıza ümid edirdim. Lakin hər şey tərsinə oldu. Azərbaycanla eyni səviyyəli mübarizə aparacağımızı güman etsəm də, oyun planlaşdırdığımız kimi alınmadı". 
 
Newsport.az-ın məlumatına görə, bunu Latviya milli komandasının baş məşqçisi Miksu Paatalaynen Azərbaycan yığmasına evdə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib. 51 yaşlı mütəxəssis qələbə qazana bilməmələrində bütün komandanın günahkar olduğunu bildirib: "Oyunçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəifliyi qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdır: "Biz nə dərəcədə hazırıq?" Keçirdiyimiz 3 oyunun nəticələrinə əsasən, Fiziki və psixoloji cəhətdən zəif hazırlığımız Avropa çempionatının seçmə tsikli öncəsi bizə təhlükə yaradır. Lakin bunlar adi sözlər yox, düşünmək üçün əsasdır. Bunu hamı etməlidir ki, belə hal təkrarlanmasın". 
 
Finlandiyalı baş məşqçinin fikrincə, Azərbaycanı Litva və Estoniya ilə müqayisə etmək çətindir: "Biz Azərbaycan yığmasını analiz etmişdik. Oyunçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər. Bu gün biz hətta ilk oyunumuzdakı səviyyəyə də yaxın deyildik. Ona görə də rəqiblərimizdən hansının indiyədək daha yüksək səviyyədə olduğunu demək çətindir. Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik".  
 
Paatelanen bildirib ki, komandası taktiki cəhətdən Baltika Kubokunda Estoniya və Litvaya qarşı keçirdikləri görüşlərdəkindən fərqlənməyib. Bu səbəbdən, təcrübəli mütəxəssis taktiki sxem üzündən uduzmaları fikri ilə razılaşmayıb: "Rəqib həm düşüncə, həm də fiziki olaraq, daha yaxşı idi, tez-tez mübarizələri udur və daha yaxşı yaradıcı oyun göstərirdi. Bizim hücumçular lazımi qədər epizod yarada bilmirdilər. Buraxdığımız ikinci və üçüncü qollar qəbuledilməz idi. Amma ümumilikdə bunlar psixoloji hazırlıqsızlıqdan xəbər verirdi". 
 
Baş məşqçi 3 oyundan müsbət və mənfi nəticələr çıxaracaqlarını da diqqətə çatdırıb. Onun fikrincə, Latviyanın FİFA reytinqində aşağı pillədə olması yanlışlıq deyil: "Bu, zəif nəticələrin səbəbidir və gələcəkdə bunu düzəltməliyik. Bu gün müdafiə xəttində çatışmazlıqlarımız var idi, hücumçular daha yaxşı çıxış etməyə qadir deyildilər. Topu asanlıqla itirir, geriyə yaxşı çəkilmirdilər. Oyunun ipini əldən vermişdilər və rəqib hər bir mübarizədən qalib ayrılırdı. Bəzi mövqelər üçün böyük seçimim yox idi. Rəqibin isə kifayət qədər namizədi var idi". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right