Yuri Syomin: “Qurban Qurbanov Azərbaycan futbolu üçün çox şey edib”

Axşam-axşam Moskvadakı azərbaycanlılarla görüşə ağlımıza da gəlməzdi ki, bunun axırı Yuri Syominlə müsahibəyə çeviriləcək.

Moskvada yaşayan menecer Fariz Əliyev Yuri Palıçın “Qəbələ”yə gəlməsində vasitəçilik etmiş adamdır. Kefimizin yaxşı vaxtında “Lokomotiv”in baş məşqçisinə zəng edib, onu çempionluq münasibəti ilə təbrik etdi. Syomin İspaniyada dincəldiyini deyib, müsahibə vermək istəməsə də, həmyerlimizin xahişinə “yox” deyə bilmədi. 

- “Lokomotiv”ə üçüncü dəfə Rusiya çempionluğunu  qazandırdınız… 

- Futbolçularıma dərin təşəkkürümü bildirirəm. Onlar bu bayramı haqq etmişdilər. 

- Futbolçuları təbrik edirsiniz, bəs, Sizin xidmətiniz necə?

- Mən sadəcə, istiqamətlindirici idim.

- Doğrudan? Bəs, niyə Syominsiz “dəmiryolçular” bir neçə il idi ki, çempion ola bilmirdilər?

- Həmkarlarım barədə danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, biz futbolçuları inandıra bildik ki, onlar zirvəni fəth etmək gücündədilər.

- Yəqin “Qəbələ”ylə qazandığınız bürünc medal barədə soruşsaq da, deyəcəksiniz ki, futbolçular etdi hər şeyi…

- Təbii. Məşqçi meydana çıxmır, onun ideyalarını həyata keçirən futbolçulardı. Onların xidmətləri həmişə daha yüksək dəyərləndirilməlidi.

- Hər halda, getdiyiniz komandalara uğur qazandıra bilirsiniz. Bəlkə sirri açasınız?

- Heç bir sirr yoxdu. Hər şey çox sadədi. Həmişə ən böyük işi futbolçular görürlər. Biz məşqçilər yalnız lazım olan istiqamətə yönəldirik. Yəqin onları inandıra bilirik ki, daha çox şeyi bacara bilərsiniz.

- Mirançuk qardaşlarının "Lokomotiv"dən gedişi gözlənilirdi. Ancaq onları saxlaya bildiniz. Buna nəyin hesabına nail oldunuz?

- Haqqımız yoxdu ki, yetirmələrimizi harasa buraxaq. Əksinə, elə etməliyik ki, onlar qalsınlar. Biz də bunu etdik. 

- Rusiya futbolunun ağsaqqalı sayılırsınız. Həmin məsələnin həllində ağsaqqallıq göstərdiniz, yoxsa..?

- Yəqin ki, sadə şeyləri etmişəm. İnsanları inandırmışam ki, bu addımı atsanız, daha düzgün olar. Həmin insanlar ki, onlardan çox şey asılıdı. İstəyirdik ki, yetirmələrimiz klubda qalsın, bunu onlara başa saldıq və qaldılar. Bu, təkcə mənim əməyim deyil. Mənim əməyim odu ki, insanları komanda üçün vacib futbolçular olduqlarını və buna görə "Lokomotiv"də qalmalarını başa salmağı bacardım. 

- "Qəbələ" ardıcıl 2 il Avropa Liqasının qrupuna düşü və əslində, bu uğurun təməli Yuri Syomin tərəfindən qoyulub. Həmin vaxt komanda üçün çempionatın mükafatçısı - bürünc medalçısı olmaq böyük uğur idi...

- İlk növbədə onu deyim ki, "Qəbələ"nin çox yaxşı sahibi var. Klub rəhbərliyinin futbola böyük sevgisi var. Bunun nəticəsidi ki, futbola, öz klublarına düzgün münasibət göstərirlər. Görün Qəbələdə necə gözəl futbol akademiyası, şərait, meydançalar var. Bütün bunlar ona görə yaradılıb ki, komanda irəli getsin və öz futbolçuları yetişsin. Bunlar ilk uğurlardı. Düşünürəm ki, bundan sonra daha böyük nailiyyətlər olacaq. Çünki düzgün istiqamət götürüblər. 

- Rusiya futbolu Azərbaycanda çox populyardı. Belə bir imkan var ki, "Lokomotiv"lə yayda Azərbaycana gəlib yoldaşlıq görüşü keçirəsiniz? Məsələn, həmin "Qəbələ"ylə...

- Yaxşı təşəbbüsdü və yetərincə realdı. Yaxşı sparrinq olardı. Ancaq ilk növbədə hər iki tərəfə sərf edən vaxtı müəyyənləşdirmək lazımdı.  

- Bir anlıq təsəvvür edin ki, necə anşlaq olar...

- (gülür) Fikrimcə, hər iki komanda üçün çox faydalı olar. 

- Yəni "Lokomotiv" Azərbaycana "Qəbələ"ylə yoldaşlıq görüşü keçirməyə hazırdı?

- Əlbəttə! Ola bilər ki, gələcəkdə rəsmi oyunlarda da görüşdük. 

- Hər halda, qrup mərhələsinədək, Rusiya klublarıyla avrokuboklarda görüşməyi heç arzulamazdıq...

- Eybi yoxdu, narahat olmağa dəyməz. Sizin çox yaxşı komandalarınız var. Həmin "Qəbələ"ni götürək. Və ya çox ciddi çempionunuz var. 

- Belə baxıram ki, "Qarabağ"ı Çempionlar Liqasında izləmisiniz...

- Əlbəttə! Nə gizlədim, "Qarabağ"a doğma klubum kimi azarkeşlik edirdim. İlk növbədə bu komandanın baş məşqçisini qeyd edim. Qurban Qurbanov Azərbaycanda futbol üçün çox şey edib. 

- Azərbaycanda işləmiş mütəxəssis kimi necə düşünürsünüz, Avropada "Qarabağ"ın qazandığından daha artığına nail ola bilərikmi?

- İlk növbədə vacib olan məsələ rəqabətin, güclü çempionatın olmasıdı. İndi Azərbaycan çempionatına reallıq belədi ki, "Qarabağ" və "Qəbələ"dən başqa rəqabətə davam gətirən komanda azdı. Fikrimcə, çempionatınız mən işlədiyim vaxtdakı kimi güclü deyil. Onda səviyyə bundan yüksək idi. Həmin vaxt  "İnter" vardı, "Bakı" vardı, əla komandalar idilər. 5-6 komanda çox yaxşı səviyyədə idi. İndisə bunların sayı cəmi 2-di - "Qarabağ" və "Qəbələ". Bu isə həm milli komandanızın, həm də klubların avrokuboklarda çıxışına mənfi təsir göstərir. Ona görə rəqabətədavamlı komandalarınız sayını artırmaq lazımdı. Bu zaman sizdə hər şey yaxşı olacaq. Hə, təbii ki, "Neftçi"də vardı, yaxşı komanda idi.

- Bu komanda uzun fasilədən sonra mükafatçı oldu - bürünc medal qazandı...

- Afərin onlara. Deməli, yenidən iddialı olublar.

- Məlumatınız varmı ki, "Qəbələ" mayın 28-də Azərbaycan Kubokunun finalında çıxış edəcək...

- Yenə "Qarabağ"la oynayır? (gülür), başqa namizəd var ki?

- Mən sizi təəccübləndirəcəm, "Qarabağ" finalda yoxdu...

- Necə-necə, “Qarabağ” finalda yoxdu? Bax, bu, əsl möcüzədi! Axı, necə olub ki, çempionunuz finala çıxmayıb? 

- Ona görə ki, "Qarabağ" kubokda mübarizəni hələ 1/4 finalda dayandırıb...

- Bax, bu, təəccübləndiricidi. Necə oldu?

- "Qarabağ" "Sumqayıt"a uduzdu, "Sumqayıt" da "Keşlə"yə. Həmin "Keşlə" ki, vaxtilə yaxşı tanıdığınız "İnter" idi. Özü də final Qəbələdə olacaq.

- Yeni stadionda?

- Bəli, həmin stadionda ki, ilk dəfə sizin vaxtınızda "Qəbələ" oynayıb. Təsəvvür edin ki, Yuri Syomin faktiki bünövrəsini qoyduğu komandanın final matçını izləmək üçün Qəbələyə gəlir. Bu, mümkündü?

- Təəssüf ki, yox. Əvvəla, hazırda Moskvada deyiləm, xaricdəyəm. Bilsəydim ki, final Qəbələdə olacaq və keçmiş komamda orda çıxış edəcək, planlarımda nəzərə alardım. Gələ bilməsəm belə, "Qəbələ"yə uğurlar arzulayıram.  

- Maraqlıdı ki, "Keşlə"nin “sükanı arxası”nda Rusiyanın "Mordoviya" klubunun baş məşqçi postunda əvəzlədiyiniz Yuri Maksimovdu...

- (gülür) Həqiqətən təzadlı məqamdı. Ona da uğurlar arzulayıram.

- Finalda kimə azarkeşklik edəcəksiniz?

- Əlbəttə, o komandaya ki, vaxtilə işləmişəm. "Qəbələ"nin rəhbərliyi ilə çox gözəl münasibətlərim var. Onlara minnətdaram ki, hansısa bur müddətdə bu klubda çalışmışam. Buna görə də təbii ki, "Qəbələ"yə azarkeşlik edəcəyəm.

- Məlumdu ki, "Qəbələ" kuboku qazansa, ilk titulu olacaq. Bu, reallaşarsa, kimi ilk növbədə təbrik edəcəksiniz?

- Əlbəttə, rəhbərliyi. Başqa kimi təbrik edə bilərəm ki?

- Klubun prezidenti Tale Heydərovu?

- Əlbəttə! İlk növbədə məhz onu təbrik edəcəm. 

- Sonda bir daha sizi "Lokomotiv"lə qazandığınız çempionluq münasibətilə təbrik edirik və ən azı Çempionlar Liqasının yarımfinalında oynamağı arzulayırıq...

- (gülür) Yaxşı, buna mərhələ-mərhələ gedərik. Xoş sözlərə, təbriklərə görə sağ olun. Bütün Azərbaycan futbolsevərlərinə salamlarımı çatdırıram. Azərbaycanla, ordakı insanlarla ən xoş xatirələrim qalıb. 

P.S. Yuri Syominlə müsahibəni qutarıb yenidən öz aramızda söhbətə başlamışdıq ki, yenidən İspaniyadan zəng gəldi: “Bayaq yadımdan çıxdı. Mütləq dostum Kazbek Tuayevə salamımı çatdırın. Yadınızdan çıxmasın a”. 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right