"Qarabağ"ı tanımıram" - Qırğızıstan millisinin kapitanı

Qırğızıstan millisinin kapitanı Edqar Bernhardt müsahibə verib.

Newsport.az xəbər verir ki, Mayın 29-da Bakı Olimpiya Stadionunda yığmamızla keçirəcəkləri yoldaşlıq oyunu haqda danışan alman əsilli yarımmüdafiəçi digər məqamlara da toxunub.

- Bu ayın sonunda Bakıda yığmamızla yoldaşlıq oyunu keçirəcəksiniz. Azərbaycan millisi haqda nə bilirsiniz?

- Yığmanız haqda məlumatım var, amma çox azdır. Demək olar ki, çox şeyi bilmirəm. Hazırda milli komandada kimlərin çıxış etdiyindən xəbərsizəm. Deyərdim ki, heç onlar da məni tanımırlar. Çünki bu, mənim Azərbaycana qarşı ilk oyunum olacaq. Sadəcə onu bilirəm ki, bir neçə il öncə sizin milliyə almaniyalı mütəxəssis Berti Foqts başçılıq edib. Bütün məlumatım bundan ibarətdir.

- Bəs klublarımızdan hansılarısa tanıyırsınızmı?

- Klublarınızdan "İnter"i (hazırkı "Keşlə") tanıyıram. Düzdür, digər komandalarınızın da adlarını eşitmişəm, amma yadımda qalmayıb.

- Çox təəccüblüdür ki, hətta bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" haqda da heç nə eşitməmisiniz? Hazırda bu komandanı çalışdıran Qurban Qurbanov həm də Azərbaycan millisinin baş məşqçisidir...

- Çox təəssüf ki, nə "Qarabağ"ı, nə də Qurban Qurbanovu tanıyıram. Bu adları ilk dəfə sizdən eşidirəm.

- Oyun barədə nə deyə bilərsiniz?

 - Deyə bilmərəm ki, asan oyun olacaq. Hər iki komandanın özünəməxsus üslubu olduğunu düşünürəm. Hamının zövq ala biləcəyi bir oyun gözləyirəm. Görək, necə olur.

- Bakıda hansı nəticəyə ümid edirsiniz?

- Hansı nəticənin qeydə alınacağını bilmirəm. Çünki futbolda hər şey ola bilər. Amma meydana qələbə üçün çıxacağıq. Bakıda yaxşı nəticə qazanmaq istəyirik.

- Azərbaycan millisində olduğu kimi sizdə də milliləşdirilmiş futbolçular çıxış edir. Elə siz özünüz də alman əsillisiniz. Ümumiyyətlə, bir ölkənin yığmasında əcnəbi futbolçunun oynamasına necə baxırsınız?

- Mən bunu normal qarşılayıram. Əgər əcnəbi futbolçu milli komandaya xeyir verə biləcək səviyyədədirsə, niyə də olmasın?! Bu praktika bütün dünyada var. Hətta aparıcı ölkələrin yığmaları belə milliləşmiş futbolçuların xidmətindən istifadə edir. Burda qeyri-adi bir şey yoxdur.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right