Joze Mourinyonun sevimli futbolçusu

Noyabrın 11-i dünya futbolunda az-çox tanınan futbolçulardan birinin yubileyii idi. Söhbət Portuqaliya yığmasının sabiq futbolçusu Manişedən gedir. O, 40 yaşını qeyd etdi...

Nunu Rikardu de Oliveyra Ribeyru 1977-ci il noyabrın 11-də Portuqaliyanın paytaxtı Lissabonda anadan olub. Manişe ləqəbini futbolçu olarkən seçib. Ötən əsrin 80-ci illərində “Benfika"nın aparıcı futbolçularından olan və güclü zərbələri ilə yadda qalan danimarkalı Mikael Mannikenin şərəfinə götürüb.

Erkən yaşlarında futbol məşğələlərinə yazılan Manişe 1989-cu ildə “Benfika"nın Futbol Akademiyasına qəbul olunub. 1995-ci ilə kimi bu klubun müxtəlif yaşlardan ibarət komandalarında çıxış edib. Məhz həmin il əsas komanda ilə peşəkar müqaviləyə imza atıb. Lakin 1995/96-cı illər mövsümündə məşqçilər 18 yaşlı futbolçuya bir oyunda belə oynamağa şans verməyiblər. Növbəti mövsüm “Alverka"ya icarəyə verilən Manişe bu komandada 3 mövsüm çıxış edib, püxtələşib. 1999-cu ildə yenidən doğma komandasına qayıdıb və 2002-ci ilə kimi Lissabon təmsilçisinin uğurları üçün çalışıb. “Benfika"da daha çox vinger mövqeyində çıxış edib. Həmin il məşqçilərlə aralarında yaranan problemlər üzündən komandadan ayrılıb və bundan istifadə edən “Portu"nun baş məşqçisi Joze Mourinyo Manişeni komandasına dəvət edib. Don Joze “Portu"da onu mərkəz yarımmüdafiəçisi kimi sınayıb. Yeni mövqeyində daha uğurlu çıxış edən Manişenin karyerasında ilk böyük uğuru “Portu"nun adı ilə bağlıdır. İlk mövsümdəcə Portuqaliya çempionu olan və ölkə kubokunu başı üzərinə qaldıran futbolçu beynəlxalq arenada da titulsuz qalmayıb. “Portu" həmin mövsüm UEFA Kubokuna sahib çıxıb. Növbəti il yenə də qızıl medalları qazanan Manişeli “Portu" Çempionlar Liqasının da qalibi olub.

Manişe “Portu"da 2005-ci ilə kimi oynayıb. Həmin il 16 milyon avroya Moskva “Dinamo"suna satılan futbolçu Rusiyada cəmi yarım mövsüm keçirib. Səbəb sadə idi. “Dinamo"nun yeni sahibi, rusiyalı milyarder Aleksandr Fedorıçev komandaya yeni futbolçular aldığından Manişe yarım illiyə icarəyə verilib. Özə də sıradan komandaya deyil, “Çelsi"yə. Onun bu keçidində “Portu"dakı məşqçisi Joze Mourinyonun əməyi böyük olub. 2004-cü ildə “Çelsi"nin sükanı arxasına keçən Mourinyo Manişeyə ikinci dəfə etimad göstərib. London təmsilçisində vacib fiqurlardan birinə çevrilən Manişe 2005/06-cı illə mövsümündə İngiltərə çempionu adını qazanıb. Mövsüm başa çatınca “Dinamo"nun düşərgəsinə qayıdan futbolçu Rusiyadakı həyatından narazı qaldığından komandasını dəyişməli olub. Avqustun sonlarında Madrid “Atletiko"su Manişeyə görə 9 milyon dollarından keçib. 2007-ci ilin sonlarında məşqlərin birində komanda yoldaşı Xavyer Agirre ilə aralarında yaranan insident üzündən komandadan uzaqlaşdırılan Manişe 2008-ci ilin yanvarında İtaliyanın “İnter" klubuna icarəyə verilib. Bu dəfə də ona Mourinyo sahib çıxıb. Həmin vaxt “İnter"in baş məşqçisi olan portuqaliyalı mütəxəssis Manişeni çətin vəziyyətdən çıxarıb. Yeri gəlmişkən, qəhrəmanımız İngiltərədə olğudu kimi İtaliyada da çempionluq sevinci yaşayıb. İyulda yenidən İspaniyaya qayıdan futbolçu bu dəfə klub rəhbərliyində təmsil olunan Abel Resina ilə yola getməyib və müqaviləsinin müddəti başa çatmamış komandadan qovulub. Bu hadisə 2009-cu ilin mayın 5-də baş verib. Az sonra Almaniyanın “Köln" klubu ilə 2 illik müqaviləyə imza atıb. Lakin onun Bundesliqa macərası cəmi 1 il çəkib. Belə ki, 2010-cu il iyunun 16-da Portuqaliyaya qayıtmağa qərar verib. Onun bu dəfəki seçimi “Sportinq" idi. Lissabon təmsilçisi ilə 1+2 illik müqavilə bağlamasına baxmayaraq, 2011-ci il iyulun 6-da qarşılıqlı razılıq əsasında “Sportinq"dən ayrılıb. Bir il ərzində özünə normal klub tapa bilməyən 34 yaşlı futbolçu 2012-ci ilin mayında futbolçu karyerasını bitirdiyini elan edib.

Milli karyerası

Manişe milli formanı ilk dəfə 1997-ci ildə Portuqaliyanın U-21 komandasında geyinib. Əsas komandada debütü 2003-cü il martın 29-da Braziliya ilə yoldaşlıq matçına təsadüf edir. Həmin oyunda portuqallar 2:1 hesabı ilə qalib gəlmişdilər. 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatında Portuqaliya millisinin əsas oyunçularından biri olan Manişe həmin birincilikdə gümüş medal qazanıb. Elə həmin çempionatda yığma səviyyəsində ilk qolunu vurub. Manişe rusları məğlub edib. 2006-cı ildə keçirilən mundialda da iştirak edən futbolçu nədənsə, 2 il sonrakı qitə birinciliyində heyətə salınmayıb. Yığmada son oyununu isə 2009-cu ildə keçirib.

Şəxsi həyatı

Futbolçu karyerasını başa vurduqdan sonra 2013-cü ildə “Pasuş de Ferreyra"ın baş məşqçisi Koştinyanın köməkçisi kimi məşqçilik fəaliyyətinə başlayıb. Koştinya vaxtilə “Dinamo", “Portu" və yığmada onun komanda yoldaşı olub. 2016-cı ildə isə “Akademika"da eyni vəzifəni daşıyıb.

Manişenin kiçik qardaşı Xorxe Ribeyro da peşəkar futbolçudur. “Benfika", “Dinamo" (Moskva), “Boavişta" kimi tanınmış komandaların futbolçusu olmuş sol cinah yarımmüdafiəçisi hazırda 35 yaşındadır və “Farense"də çıxış edir. O, həmçinin, 9 oyunda Portuqaliya millisinin formasını geyinib.

O, 2006-cı ildə ölkə qarşısında göstərdiyi xidmətlərə görə Portuqaliya dövləti tərəfindən Vila Visosa ordeninə layiq görülüb.

Uğurları

“Portu": 2 dəfə Portuqaliya çempionu (2002/03, 2003/04), Portuqaliya Kubokunun (2002/03), 2 dəfə Portuqaliya Superkubokunun (2003, 2004), UEFA Kubokunun (2002/03), Çempionlar Liqasının (2003/04), Qitələrarası Kubokun (2004) qalibi.

“Çelsi": İngiltərə çempionu (2005/06)

“İnter": İtaliya çempionu (2007/08)

Milli: Avropa çempionatının gümüş mükafatçısı (2004)

 

            Manişenin statistik göstəriciləri:           

    İllər                   Komanda (ölkə)                   Oyun     Qol          

1995-1996      “Benfika" (Portuqaliya)                     0          0

1996-1999      “Alverka" (Portuqaliya)                     78        10

1999-2002      “Benfika" (Portuqaliya)                     54        11

2002-2005      “Portu" (Portuqaliya)             80        15

2005-2006      “Dinamo" (Moskva, Rusiya)  13        2

2006                “Çelsi" (İngiltərə)                   8          0

2006-2009      “Atletiko" (Madrid, İspaniya)           64        7

2008                “İnter" (İtaliya)                                  8          1

2009-2010      “Köln" (Almaniya)                 26        2

2010-2011      “Sportinq" (Portuqaliya)        17        1

Milli

1997-1998      Portuqaliya U-21                    10        0

2003-2008      Portuqaliya                             53        7

 

Hazırladı: SÜLEYMAN

 “Het-trik news» qəzeti





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right