"Çox istərdim o həyəcanı "Qarabağ"la yaşayım" Nikoloz Gelaşvili

"Qarabağ"ın sabiq hücumçusu, Gürcüstan millisinin bir müddət vuran ayağı olmuş Nikoloz Gelaşvili, Nyu-Yorka təşrif buyurub. Şəhərin futbol veteranları qurumunun rəhbəri, həmyerlimiz Arif Zarbayılovun dəvəti ilə "Çernomorets Bruklin" futbol məktəbində onunla görüşmək imkanım oldu. Təbii ki, qısa söhbət və maraqlı açıqlamalar özü-özlüyündə alındı...
 
- Nyu-Yorka xoş gəlmisən...
- Xoş gördük. Düzü, burda Bakıdan jurnalist görəcəyimi düşünmürdüm. Təəccübləndim, açığı.

- Nyu-Yorkla Madrid arasında xeyli məsafə var. Amma xəyali olaraq bu günlərdə bütün dünya azərbaycanlıları İspaniya paytaxtında idi...
- Əlbəttə. Sizi inandırım ki, yalnız azərbaycanlılar deyil, bütün "Qarabağ"a bağlı olanlar üçün bu günlər əlamətdardır. Çox sevinirəm. Hətta özümü bu uğurlarda pay sahibi kimi hiss edirəm...

- "Qarabağ"ın bu cür uğurlar qazanmasının sirri nədir?
- Böyük, mehriban və etibarlı ailə. Qurban Qurbanov kimi futbolu əla bilən, hiss edən mütəxəssis və Rəşad Sadıqov kimi inanılmaz xarizmaya malik, futbol anlayışı yüksək olan kapitanın olması əsas səbəblərdəndir. Bu mühitə güclü maliyyə dayağını da əlavə etsək, hər şey aydın olar.

- İndi sən də "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsində ola bilərdin...
- Təəssüf ki, alınmadı. Təbii ki, çox istərdim o həyəcanı "Qarabağ"la yaşayım. Amma olmadı. Antalyada təlim-məşq toplanışında aldığım zədə məni çox geri saldı. Və təbii ki, yerimi itirdim. Reynaldonu mərkəz hücumçusu mövqeyində sınamağa başlayanda hər şey bitdi. Çünki o, əla performans sərgiləmişdi. Getməli oldum.

- "Qarabağ"ın uğurlarının memarı Qurban Qurbanov milli komandanın baş məşqçisi təyin olundu. Nə düşünürsən bu barədə? 
- Çox gözəl xəbərdi. Əminəm ki, Qurbanov orda da uğur qazanacaq. "Qarabağ"a görə isə narahat olmağa dəyməz. "Kiçik Qurban" artıq çoxdan böyük klub üçün yetişib. Rəşad Sadıqov hazır məşqçidir.

- Yəni Rəşad Sadıqov Qurban Qurbanovu layiqincə əvəz edər?
- Heç şübhəm yoxdur.

- Bəs klubdan kiminləsə münasibət saxlayırsan?
- Hə, əlbəttə. Rəşadla, Namiq Yusifovla, Şehiçlə, Aqolli ilə çox yaxşı münasibətim var. Tez-tez əlaqə saxlayıram. Bakı da, Azərbaycan da, "Qarabağ" da mənə doğmadır.

- Nyu-Yorka yalnız gəzməyə gəlmisən?
- Burda xeyli dost-tanışlarım var. Onları gördüm. Amma hazırda müqaviləm bitib və burda qalıb oynamaq şansım var. Görək necə olacaq.

Fərid Ordiyev. Nyu-York.
"FutbolPress" 


Arif Zarbayılov və Nikoloz Gelaşvili


 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right