"Şübhəli penalti ilə cəzalandıq" - Yan Kopiç

Çexiya millisinin futbolçusu Yan Kopiç DÇ-2018-in seçmə mərhələsində yığmamıza 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "İsport"a müsahibə verib.


- Azərbaycanı 2:1 hesabı ilə məğlub etdiniz və üç uğursuz oyundan sonra qalib gəldiniz. Özünü rahat hiss edirsən?

- Layiqli qələbə qazandıq. Buna görə çox şadam. Oyunu həddən artıq çətin adlandırmazdım. Çoxsaylı qol imkanlarımız oldu. Onlardan yararlanıb, matçın taleyini daha tez həll etməliydik. Daha 2-3 qol vursaydıq, oyunu sakit məcrada bitirəcəkdik. Amma biz bunu bacarmadıq, əvəzində şübhəli penalti ilə cəzalandıq. Bəzən belə hallar olur. Yaxşı ki, sonda qələbəmizi qazana bildik. Bu, məni sevindirir.
 
- Hücum futbolu oynadınız və 2 qol vurdunuz. Bütün seçmə mərhələni belə keçirmək olmazdı?

- Təəssüf ki, final mərhələsinə yüksələ bilmədik. Hərçənd bunu çox istəyirdik. Ola bilər ki, bu qarşılaşmadakı qələbə növbəti seçmə mərhələdə bizə çox kömək etsin. Yaxşı iki qol vurduq.
 
-  “Viktoriya”nın ən məhsuldar oyunçularındasınız. Yığmada da fərqlənməkdən məmnunsunuz?

- Özümü yaxşı hiss edirəm. Sağlamam, hər hansı ağrım yoxdur. “Viktoriya”da bütün matçlarda oynayıram. Azərbaycanda da 90 dəqiqə şans qazandım. Bu qolu gözləyirdim. Ola bilər ki, hansısa görüşdə qol vurmayım. Amma iki tam fərqli matç da ola bilər.

- Yığma çox tənqid olunur. Bunu necə qarşılayırsınız?

- Millidəki əhval-ruhiyyəni əla saymaq olmaz. Bu da final mərhələsinə çıxa bilməməyimizlə bağlıdı. Biz bunun acısını yaşayırıq. Futbolda belə hallar çox olur. Çoxumuz klub səviyyəsində də uğursuz mövsüm keçirib. Lakin biz peşəkarıq və oyunumuzu yaxşılaşdırmalıyıq. Növbəti seçmə mərhələdə vəzifənin öhdəsindən gəlib, AVRO-2020-yə yüksəlməliyik.
 
- Baş məşqçi Karel Yarolimin istefaya göndərilmə ehtimalı varmı? Bu qələbəni onun xeyrinə işləyən amil hesab etmək olar?

- Hər kəs özünü tam göstərməyə çalışır ki, yenə milliyə dəvət olunsun. Biz Çexiya üçün qalib gəlməyə çalışdıq.
 
Bakı Olimpiya Stadionunun yarıboş tribunaları önündə necə oynadınız?
- Arenada nə qədər tamaşaçı olduğunu deyə bilmərəm. 15 min? Bir neçə mini də bu nəhəng “qazan”da it-bat olmuşdu. Bu da heç də yaxşı deyildi. Amma bizim edəcəyimiz bir şey də yoxdur. Çexiya çempionatında da belə oyunlar olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right