İvan Rakitiç: “Robert Prosineçki olmaq istəyirdim”

“Mənim valideynlərim xorvatiyalıdı. Lakin Bosniya müharibəsi başlamamışdan əvvəl İsveçrəyə köçüblər. Çünki təhlükənin gəldiyini hiss ediblər”.

Newsport.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Rakitiç deyib. İspaniya mətbuatına geniş müsahibə verən “Barselona”nın futbolçusu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini də yada salıb. Rakitiç futbolçu olmağında həmyerlisinin rolunun böyük olduğunu bildirib.
 
29 yaşlı ulduz futbolçu Xorvatiya millisini də Prosineçkiyə görə seçdiyini vurğulayıb: “İsveçrədə Robert Prosineçkinin oyunundan həzz alaraq böyümüşəm. O, xorvatiyalılar üçün qəhrəman idi. Mən hələ uşaq olanda Prosineçki “Real”, “Barselona”, “Sevilya” kimi komandalarda oynayıb. Uzun müddət ölkəmizə qayıtmağımız mümkün olmadı. Xorvatiyaya ilk dəfə 7 yaşım olanda babamı və nənəmi görməyə getmişəm. İsveçrədə məktəbə gedirdim və bütün dostlarım orda idi. Xorvatiya ilə məni yalnız Prosineçki və yığma komanda bağlayırdı”.
 
Rakitiçin uşaqlıqda ən böyük arzusu da Prosineçki səviyyəsinə çatmaq olub: “Məktəbə getdiyim ilk gündə anama dedim ki, oxumaq istəmirəm, axı nə vaxta qədər getməliyəm? Anam isə cavabında bildirdi ki, 9 il. Ona “yaxşı, 9 il oxuyacam, amma əlavə bir gün də məktəbə getməyəcəm” söylədim. Yəni futbol sevgim uşaqlıqdan var idi. 17 yaşımda “Bazel”də peşəkar futbolçu kimi oynamağa başladım. Arzumu hamı bilirdi. Robert Prosineçki olmaq istəyirdim. Onun kimi İspaniyada oynamaq və “Sevilya”nın kapitanı olmaq... Bunları reallaşdırmaq mənim üçün inanılmazdı”.
 
Qeyd edək ki, 2014-cü ildən millimizi çalışdıran Robert Prosineçki futbolçu karyerasında “Real” (1991-1994), “Barselona” (1995-1996) və “Sevilya”nın (1996-1997) da formasını geyinib. Rakitiç isə 2011-2014-cü illərdə formasını geyindiyi “Sevilya”dan 2014-cü ildə “Barselona”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right