"Qarabağ"ın futbolçusunun "Atletiko"ya vurduğu qol

Çempionlar Liqasında C qrupunda yer alacaq “Qarabağ” “Çelsi”, “Atletiko” və “Roma” klubları ilə mübarizə aparacaq.

Newsport.az-ın məlumatına görə, turnirin qrup mərhələsində ilk dəfə çıxış edən Azərbaycan komandası bu klubların heç biri ilə avrokuboklarda qarşılaşmayıb. Amma Ağdam klubunun heyətində iki oyunçu bu komandalara rəqib olub.

Bunlardan biri “atlılar”ın yarımmüdafiəçisi Miçeldi. İspaniyalı yarımmüdafiəçi La Liqada oynadığı vaxtlarda dəfələrlə “Atletiko” ilə matçların iştirakçısı olub. O, hətta bu oyunlarda qola da sevinib. 2011/12 mövsümündə “Xetafe”də çıxış edərkən Migel Madera 49-cu dəqiqədə komandasını hesabda önə çıxaran qolu vurub, həmçinin oyunun gedişində sarı vərəqə də alıb. Yekunda "Xetafe" bu oyundan qalib ayrılıb - 3:2. Yarımmüdafiəçinin paytaxt təmsilçisinə qarşı son matçı (2013/14) isə komandası üçün acınacaqlı hesabla yekunlaşıb. Miçelin 59 dəqiqə meydanda olub, 1 sarı vərəqə aldığı qarşılaşmada “Atletiko” 7 cavasız qolla qalib gəlib. Miçel madridlilərə qarşı ilk matçını isə 2008/09 mövsümündə Xixon “Sportinq”inin heyətində keçirib. Onun 90 dəqiqə meydanda olduğu görüşdə rəqib 3:1 hesabı ilə qalib gəlib. 

Karyerası ərzində “Birmingem”in heyətində İngiltərə Premyer Liqasında da çıxış edən Miçel burada da 1 dəfə “Çelsi”yə rəqib olub. O, 2009/10 mövsümündə komandasının “Stemford Bric”də londonlulara 0:3 hesabı ilə məğlub olduğu oyunda 18 dəqiqə meydanda olub. 

"Bakı"nın yetirməsi olan və hazırda karyerasını "Qarabağ"da davam etdirən Mahir Mədətov da "Atletiko"ya qarşı forma geyinmək şansı olub. O, 2013-cü ildə Tofiq Bəhramov adına Respubilka stadionunda "Bakı"nın heyətində yoldaşlıq matçında madridlilərin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın iştirakçılarındandı.

“Qarabağ”ın ehtiyat qapıçısı Anton Kanibolotski isə “Çelsi”yə qarşı oyunları ehtiyat skamyadan izləyib. Ukraynalı əlcək sahibi ÇL-in 2012/13 mövsümünün qrup görüşlərində “Şaxtyor”un evdə 2:1 qalib gəlib, səfərdə 2:3 hesabı ilə məğlub olduğu oyunlarda meydana çıxmayıb. Maraq üçün bildirək ki, sonda qrupda hər iki komandanın xalları eyni olsa da, donetsklilər şəxsi oyunlardakı nəticələrə görə “zadəganlar”ı üstələmişdi.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right