Türkiyə millisinin sabiq üzvü: "Azərbaycanda mənimlə kral kimi rəftar etdilər"

Türkiyə millisinin sabiq hücumçusu Oqtay Dərəlioğlu legioner həyatından bəhs edib.

Newsport.az xəbər verir ki, futbolçu karyerası ərzində ölkə xaricində “Las Palmas” (İspaniya), “Nürnberq”lə (Almaniya) yanaşı, “Xəzər Lənkəran”da da top qovmuş sabiq hücumçu ölkəmizdə keçirdiyi günləri də yada salıb:

“İspaniya tam mənə görə idi. Daha sonra Almaniya və Azərbaycanda da oynadım, lakin futboldan İspaniyadakı qədər zövq almadım. Komanda yoldaşlarımdan biri keçirilmiş oyunlardan biriylə bağlı bəhsə girərək, mənə kələk gəlməyə cəhd etməsəydi, uzun illər orda qalardım. Öyrənən kimi onu möhkəm əzişdirdim. Daha sonra mafia ilə əlaqəsi olduğunu öyrəndikdə, Türkiyəyə qayıtmalı oldum.

Almaniya doğrudan, buz kimi ölkədi. Bir dəfə komanda kapitanı bütün futbolçuları yeməyə dəvət etdi. Yeməyin sonunda hesabı “alman üsulu”yla verdik, şok oldum. Almaniyanı da, almanları da heç sevmədim.

“Xəzər Lənkəran”a getməyimə heç peşman deyiləm. Avropaya gedərkən qurduğum xəyallar Azərbaycanda gerçək oldu. Mənimlə kral kimi rəftar etdilər. Mən də onlara heç vaxt futbolda bizdən geridə olduqları üçün yuxarıdan aşağı baxmadım. Orda hələ də, ən yaxşı legioner hesab edilirəm. Mədəniyyətləri Türkiyə və Rusiyanın qarışığıdı. Orda özümü heç vaxt yad hiss etmədim.

Sadəcə, dilləri bir az məzəli idi. Bir də, çempionatlarının reqlamentində qəribə qaydalar var idi. Orda oynadığım mövsümdə çempionatı lider kimi başa vurduq. İkinci yerdəki komanda ilə xalımız eyni olsa da, top fərqi bizdə daha yaxşı idi. Buna baxmayaraq, çempionu müəyyənləşdirmək üçün “qızıl oyun” keçirdik. Həmin oyunda məğlub olub, çempionluğu ikinci komandaya verdik. Ancaq yenə də, “yaxşı ki getmişəm” deyirəm. Bu gün getsəm, hələ də, orda kralam”.

Xatırladaq ki, Oqtay 2004/05 mövsümündə "Xəzər Lənkəran"ın şərəfini qoruyub və 17 oyuna 16 qol vurub.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz