Kaxaber Tsxadadze: "Qurban Qurbanov Azərbaycan çempionatının səviyyəsini çoxdan keçib"

Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kaxaber Tsxadadze müsahibə verib.

 

Newsport.az gürcü mütəxəssisin müsahibəsini təqdim edir:

 
 "Bakıda çalışarkən bu cür dəstək görmürdük"

 

- Bakını xeyli müddətdi ki, tərk etmisiniz. Paytaxtımız üçün, ümumlikdə Azərbaycan futbolu üçün darıxırsızmı? Almatıyla Bakını necə müqayisə edərsiz?

- Ötən dəfə mətbuat konfransında da dedim. Şübhəniz olmasın ki, Bakı üçün çox darıxıram. Orda unudulmaz günlərim keçib, acılı-şirinli xatirələrim var. Özümü Azərbaycanda evdəki kimi hiss edirdim. Hələ də xeyli dostlarım Bakıdadı, onlarla tez-tez əlaqə saxlayıram. Çox istəyirəm ki, ilk imkandaca Bakıya baş çəkim, tanış yerləri gəzim, dostlarımla görüşüm. "Küləklər şəhəri" mənə çox doğmadı. 7 ilə yaxın orda yaşamışam. Kiçik rəqəm deyil. Almatıda hələ o qədər yaşamamışam (gülür). Bununla belə, Almatının da məni çox təəccübləndirdiyini deməliyəm. Bir qədər Tbilisini mənə xatırladır. Həm tikililər, həm də təbiət ordakına çox bənzəyir. Şəhərin dörd bir yandan dağlarla əhatə olunması bir ayrı gözəllikdi. "Kayrat”da işləməyə başlayana qədər Almatını tanımırdım. Çox uzaq keçmişdə, SSRİ vaxtında "Dinamo”nun heyətində bura futbol oynamağa gəlmişdim. Burda yaşıllığın çox olması xoşuma gəlir. Yerli əhali də bizi çox yaxşı qarşılayıb, onlardan da razıyam. Bakıda olmayan çox vacib bir məqam burdakı azarkeşlərin sayıdı. "Kayrat”ın oyunlarına xeyli azarkeş gəlir. 10-15 min azarkeşin dəstəyini hiss etmək çox xoşdu. "Astana” ilə oyunumzda isə 20 min çılğın azarkeş bizimlə idi. İstənilən ölkəyə, istənilən kluba nümunə göstərmək olar. Bakıda çalışarkən belə dəstək görmürdük. Vurğulayacağım məqamlar bunlardı. İşimiz çoxdu, ona görə də şəhəri çox gəzə bilmirik. Hər gün səhər 10-da bazaya gəlirik. Gün ərzində iki məşqimiz olur. Axşam özümüzü evə güclə çatdırırıq. Amma iş şəraitimizi Bakıdakı ilə müqayisə edə bilmərəm. Özünüz də bazanı gəzdiniz, məşq üçün olan meydançaları, komandanın necə yüksək səviyyədə təmin olunduğunu gördüz. Avropanın aparıcı klubları belə "Kayrat”ın infrastrukturuna həsəd apara bilər. "Kayrat”ın hazırda sahib olduğu imkanlar, yaradılan imkanlar bizi qürrələndirir. Bunun qarşılığında özünü işə həsrt etməmək cinayət olar.

 

- Şəraitlə bağlı dediklərinizlə razıyam. Sizin "İnter”də çalışdığınız vaxtlarda Azərbaycan çempionatında nəfəskəsən mübarizə vardı. Həmin ab-hava Qazaxıstanda da hiss olunurmu?

- Bəribaşdan deyirəm ki, müqayisə aparmayacam. Bu, düzgün də olmaz. Amma bunu deyələ bilərəm ki, mənim "İnter”i çalışdırmağa başladığım ilk mövsümdən sonrakı 4 il çox maraqlı və gərgin idi. Çempionluq uğrunda eyni vaxtda bizdən başqa "Xəzər Lənkəran”, "Neftçi”, "Bakı”, "Qarabağ” mübarizə aparırdı. "Qəbələ” ilə oynamaq xeyli çətin idi. AZAL-ın özü çox arzuolunmaz rəqib sayılırdı. Şüvəlandakı meydança da onların əlavə üstünlüyü idi. Çempionluq uğrunda yarışan beş komanda, digər amansız rəqiblər. Əlbəttə ki, indiki zamanı müqayisə edə bilmərəm. Amma onda çox maraqlı və gərgin mübarizə gedirdi. Çempion olduğumuz mövsümdə qızıl medalları yalnız son turda rəsmiləşdirdik. Ondan sonra da "Qarabağ” hegemonluğu əla alıb. Deyim ki, "Qarabağ” həm futbolçuları, həm də məşqçisi ilə buna layiqdi. Hazırda Qazaxıstan Premyer Liqasında da mübarizə belədi. Yaxşı məşqçilər, səviyyəli legionerlər burda çıxış edir. Bəzən çempionatın iddiasız komandaları belə sürprizə imza atırlar. Ona görə də xeyli gərgin və maraqlı mübarizə gedir. "Astana” və "Kayrat” digərlərindən bir az irəlidədi, ölkə futbolunun bayraqdarıdı. Digərləri də onlara layiqli rəqibdi.
 
 "Azərbaycanda belə futbolçular oynamır"

 

- Sizin çalışdırdığınız "Kayrat” Azərbaycanda çempion ola bilərmi?

- Gəlin hər şeyə real yanaşaq. Bu gün "Kayrat”ın büdcəsi xeyli genişdi, imkanlar böyükdü. "İnter” büdcəsinə görə Azərbaycanda 6-cı sırada idi. Bununla belə yetərincə iddialı idik. Mükafatlar qazanırdıq. Təkcə Arşavini xatırlayaq. Ötən mövsüm Timoşuk da bizim komandada idi. Millinin kapitanı İslamxan Baurjan "Kayrat”ın futbolçusudu. O, həm də Qazaxıstanın ən yaxşısı hesab olunur, Avropanın istənilən klubunda oynamağa qadirdi. Azərbaycanda hələlik belə futbolçular oynamır. Keçmişdə də olmayıb. Bizim çox güclü futbolçularımız var. Mən bir vaxtlar "İnter”də rəhbərliyim altında çıxış edənlərin zəhmətini unutmuram, onların istedadını və bacarığını aşağılamıram. Onlarla işləmək çox xoş idi. Yerli futbolçular mənə çox hörmətlə yanaşırdılar, meydanda can qoyurdular. 2013-cü ildə oynadığımız sistemi "Çelsi” bu mövsüm tətbiq etdi və İngiltərədə çempion oldu. Bununla belə, hazırda əlimin altında daha səviyyəli futbolçuların olduğunu deməliyəm. 

 

- Sadaladığınız "ulduzlar”la işləmək çətin deyilmi?

- Bir futbolçu zirvəyə yüksəlibsə, orda özünü saxlamağı bacarmalıdı. Azarkeşlər çox tez "ulduz”u unudurlar. Peşəkarlar da bunu yaxşı başa düşürlər. Düzdü, bu qədər tanınmış futbolçunun arasında seçim etmək çətindi. Amma bu həyatın qanunudu. Kimin oynayacağına baş məşqçi qərar veri. Onlar da bunu anlayışla qarşılayırlar.

 

- AZAL-ın stadionunu xatırladız. Burda vəziyyət necədi?

- Deyim ki, burda xüsusən bölgələrdə daha dəhşətli stadionlar var. "Atırau” ilə ilk oyunumda müdafiənin əsas fiqurlarından birini itirdim. Hələ də özünə gələ bilmir. Özü də məşq zamanı. "Kayrat”ın məşq meydançaları elitanın bəzi iştirakçılarının əsas stadionundan belə yaxşıdı. Vəziyyəti faciəvi adlandıra bilərəm. Qazaxıstan futbolunun əsas problemlərindən biri də budu. Stadionlar yaxşı olsa, çempionat daha maraqlı keçər. Qoy mənim tənqidimdən inciməsinlər. Bahalı legionerdən əvvəl infrastrukturu, məşq meydançalarını düzəltmək lazımdı. "Kayrat” əvvəl bazanı tikib, sonra da Arşavinə dəvət göndərib.
 
"Qurban Qurbanov Azərbaycan çempionatının səviyyəsini çoxdan keçib"

 

- "Samtredia”nın "Qarabağ”a rəqib olmasından xəbərdarsız. Giorgi Tsetsadze  sizdən dost məsləhəti istəyəcəyini demişdi. Ona nə məsləhət gördünüz?

- Mən çoxdandı ki, "Qarabağ”ın oyununu izləmirəm. Giya mənim yaxın dostumdu, millidə məşqçilər korpusunda idi. Öz üzərində çalışır, daim inkişaf etməyi arzulayır. Onunla tez-tez danışırıq, amma hansısa məsləhət soruşmayıb. Özü də bilir ki, "Qarabağ”ın oyunundan çoxdandı ki, xəbərsizəm. Hansısa faydalı informasiyaya malik deyiləm. "Qarabağ”ın oyun sistemi dəyişməsə də, futbolçuları dəyişir. Şəxsi fikrim belədi ki, "Qarabağ”ın çox yaxşı, təcrübəli futbolçuları var. Və sözsüz ki, Qurban Qurbanov amilini qeyd etməliyəm. Çox istedadlı, bacarıqlı məşqçidi. Hətta onun Azərbaycan çempionatının səviyyəsini çoxdan keçdiyini deməliyəm. Qurbanov özünü daha güclü və rəqabətli birincilikdə sınamalıdı. Avropanın aparıcı futbol ölkələrində olmasa belə, Türkiyədə asanlıqla işləyə və uğur qazana bilər. Onun buna imkanı da olub, amma əldən buraxıb. Çoxdan bu barədə düşünməli idi. Təcrübəsi də yetərincədi. Amma onun da məqsədi var. Çox istəyir ki, "Qarabağ”la Çempionlar Liqasının qrupuna yüksəlsin. Bunun üçün də çox zəhmət çəkir. 

 

- Bu yaxınlarda "Tobol” "Qəbələ”dən Nika Kvekveskirini transfer etdi. Sizin Azərbaycanda göz qoyduğunuz, "Kayrat”da görmək istədiyiniz futbolçu varmı?

- Birmənalı deyə bilərəm ki, Nika çox yaxşı futbolçudu. Mənim vaxtımda milliyə də çağırmışdıq, Almaniyaya qarşı əla oynamışdı. Omari Tetradze məndən bu barədə soruşanda da dedim ki, tərifləmək fikrinə deyiləm. Özü baxıb, qərar verə bilər. "Qəbələ” üçün Nikanın getməsi ciddi itkidi. "Kayrat”da transferlərlə seleksiya qrupu məşğul olur, məşqçilərin bu işə elə çox qarışacağı yoxdu. Hazırda komandamız tam komplektləşdirilib, hansısa mövqeyə futbolçu axtarmırır. Amma etiraf edim ki, qışda Reynaldonu hədəfə almışdıq. Danışıqlar aparırdıq, müsbət nəticə olmadı.

 

- Tetradzenin gedişindən sonra "Qəbələ” azarkeşlərinin də ümidləri baş qaldırıb. Düşünürlər ki, Nika da "Tobol”dan ayrıla, geri qayıda bilər...

- Buna inanmıram. Onun iki illik müqaviləsi var. Baxmayaraq ki, Omari onu israrla istəyirdi, Kvekveskiri özünə heyətdə yer edəcək gücdədi. Həm də ki, transferlə bağlı qərarı rəhbərlik verib, təkcə Omari yox.

 

- Oğlunuz Baçana indi hardadır?

- Baçananın çox ciddi zədəsi var. Pəncəsindən xəsarət alıb. Artıq 5 aydı zədəsini sağaldır. Əvvəl əməliyyat olundu. Latviyada, sonra Hollandiyada bərpa kursuna başladı. Hər şey uğurla gedir. Tezliklə yenidən meydana dönəcək. Daha bir problemi burnu ilə bağlıdı. Kiçik bir əməliyyatla burun çəpərinin düzəldilməsi lazımdı, nəfəs almağa çətinlik törədir.
 
"Nazir federasiyaya təzyiq göstərdi ki, biz istefaya gedək"

 

- Gürcüstan yığmasına böyük ümidlərlə yollandınız. İşlər də pis getmirdi, Şotlandiyanı məğlub etdiniz. Amma ordakı fəaliyyətiniz uzun çəkmədi.

- Ölkənin idman naziri bizimlə çalışmaq istəmirdi. Onunla problemlərimiz vardı, münasibətlərimiz pis idi. Bunu hamı bilirdi. Nazir istəmədi ki, biz millini çalışdıraq. Federasiya rəhbərliyinə də təzyiq etdi. Hər şey bu qədər sadədi. Biz də getməyə qərar verdik.

 

- "İnter”də çalışarkən praqmatik oyuna görə tənqid olunurduz. Əsasən hesabı qorumağa, qol buraxmamağa çalışırdız. "Kayrat”da isə əksinədi. Baxımlı oyun, bol qollar. Nə dəyişib? İfaçılar, yoxsa sizin futbola baxışınız?

- Bayaq da bu haqda danışdıq. Sərəncamımda xeyli yaxşı futbolçu var. Mən Arşavinə necə deyim ki, get, müdafidən oyna? Yaxud Qouya? "İnter”də 3-4-3 taktikasına üstünlük verdim. Çempionatda ilk 6 oyundan beşini uduzduq. Mən hətta istefamı rəhbərliyə təqdim etmişdim, amma qəbul olunmadı. Sonra 5-4-1-ə keçdik və 12 oyun uduzmadıq. Bunlar sizin də yadınızdadı. İfaçılardan çox şey asılıdı. Cinah müdafiəçiləri sürətli olmalı, reyd etməli, hücuma dəstək verməlidi. Mən indiki futbolçularımla praqmatik futbol oynaya, müdafiəyə "otura” bilmərəm. Baxımlı oyun belə alınır. "İnter”də isə "ikinci rol”da olmağa məcbur idik. Onlar da həmin taktikanı yaxşı bacırırdılar. Fərdi şəkildə oyunun taleyini həll edə bilən futbolçular yox idi. Burda üç mərkəz müdafiəçisi ilə oynamırıq. İndi hücum potensialımız çoxdu.

 

- Qurban Qurbanovdan misal çəkdik ki, məqsədi Çempionlar Liqasına düşməkdi. Tsxdadadzenin məqsədi, hədəfləri nədi?

- "Kayrat” iştirak etdiyi bütün turnirlərdə yüksək yerləri hədəfləyir. Təkcə çempionluq üçün oynamır. Ölkə Superkubokunu qazanmışıq, kubokun finalına çıxmışıq. Avropa Liqasının qrupunu hədəfləmişik. Sözsüz ki, çempionluq üçün də sona qədər "Astana” ilə mübarizə aparacağıq. Bu mövsüm hədəflərimiz budu. Gələcək planlar da indiki işlərin gedişindən asılıdı. Mən də millini kluba dəyişmişəm, geriyə addım atdığımı düşünmürəm. Əksinə, iddialı klubdayam. İrəliyə doğru böyük addımlar atıram. Əvvəl "Kayrat”la uğur qazanmalıyam, sonra başqa hədəflər barədə düşünmək olar. "Feyr-pley”ə riayət olunsa, bu il "Kayrat” Qazaxıstan çempionu olacaq. 

 

- Ötən il qrup mərhələsinə gedən yolunuzu həmyerliniz Şota Arveladze kəsdi. Amma indi onun da işləri qaydasında deyil. "Neftçi”yə gəlmədi, amma "Paxtakor” getdi.

- Şota çox istedadlıdı. Mənim yaxın dostumdu. Türkiyədə də "Kayserispor” və "Kasımpaşa” ilı böyük uğurlar qazanıb. Amma İsraildə ona vaxt vermədilər. "Neftçi”yə gəlməyi özü istəmədi. Detalları bilmirəm. "Paxtakor”da uğur qazanacağına əminəm. "Makkabi”də ona şans versəydilər, bu mövsüm İsrail çempionu olardu. 5-6 aya komanda yaradıb, hamını udmaq mümkün deyil. 
 
"Cahangir Hacıyevin yoxluğuna təəssüflənirəm"

 

- "İnter”in səfərdə "Mladost”u 3:0 hesabıyla yendiyini eşidəndə hansı hisslər keçirdiz?

- "İnter”də indi çox şey dəyişib. Mənim üçün doğma klubdu. Amma "İnter”i yaradan, onu yüksəklərə qaldıran Cahangir Hacıyev orda yoxdu. Buna çox təəssüflənirəm. Mənimlə birgə çalışmış futbolçular ordadı. O səbəbdən də "İnter”ə tam biganə deyiləm. Unudulmaz illərim "İnter”lə keçib. Hacıyevin adının orda olmaması mənə pis təsir edir. "İnter”in mənim məşqçi kimi yetişməyimdə böyük rolu var. Cahangir müəllim mənə hər cür imkan yaratmışdı, inanırdı. İki dəfə ölkə kubokunun finalına çıxdıq, gümüş, bürünc, qızıl medal qazandıq. "Birlik kuboku”nu Bakıya gətirdik. Bunları da unuda bilmərəm. İnanıram ki, yenə də yaxşı çıxış edəcəklər, uğurlar qazanacaqlar.

 

- Bakıda nə vaxtsa geri dönüb, tamamlamaq istədiyiniz yarımçıq qalmış işiniz varmı?

- Orda kuboku qazana bilmədik. Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi çox arzulayırdım, amma qismət olmadı. İndi "Kayrat”ın baş məşqçisiyəm. Həm klubumun, həm də özümün imicim üçün daim çalışmalı, qələbələr qazanmalıyam. Üç ildi Bakıya gələ bilmirəm. Çox istəsəm də, hələlik alınmır. Amma məni tanıyan hər kəsə salamlarımı göndərirəm, uğurlar arzulayıram. Xüsusən də "İnter”ə!

 

Sport7.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right