Məşhur futbolçu karyerasını başa vurdu

Almaniyanın "Münhen 1860" klubunun hücumçusu İvitsa Oliç futbolçu karyerasını başa vurduğunu bəyan edib.

Newsport.az-ın məlumatına görə, o, "Bild"ə açıqlamasında bunları bildirib: "Karyeramı başa vurmağa hazıram. Fikrimcə, bunu təmiz vicdanla edirəm. Planımda yenə futbolda qalıb çalışmaq var. Bu barədə isə ancaq gələn il məlumat verə bilərəm".

Qeyd edək ki, 38 yaşlı xorvatiyalı futbolçu karyerası ərzində daha çox Almaniyada çıxış edib. Yetirməsi olduğu Xorvatiya "Marsoniya"sında 42 oyuna 17 qol vuran Oliç 1998-ci ildə "Herta"ya transfer olunub. 3 illik Almaniya karyerasından sonra o, 1999-2001-ci illər aralığında yenidən doğma klubu "Marsoniya"nın şərəfini qoruyub. 2001/02 mövsümündə "Zaqreb"də, 2002/03 mövsümündə "Dinamo"da (Zaqreb) oynadıqdan sonra o, Moskva ÇSKA-sına transfer olunub. Rusiya klubunda 2007-ci ilədək çıxış edən Oliç məhz qonşu ölkədən Almaniyaya yollanıb və karyerasının sonuna kimi burada oynayıb. Bu müddətdə xorvat forvard "Hamburq" (2007-2009, 78 oyun, 29 qol), "Bavariya" (2009-2012, 55 oyun, 13 qol), "Volfsburq" (2012-2014, 78 oyun, 27 qol), yenidən "Hamburq" (2015-2016, 25 oyun, 2 qol) və "Münhen 1860"da oynayıb ( 30 oyun, 5 qol).

Xorvatiya yığmasının liderlərindən olmuş Oliç milli formada çıxdığı 104 oyunda 20 qola imza atıb.

Oliç karyerası ərzində çoxlu uğurlar əldə edib. O, 2001/02 mövsümündə "Zaqreb"lə, 2002/03 mövsümündə Zaqreb "Dinamo"su ilə Xorvatiya, 2003, 2005 və 2006-cı ildə ÇSKA ilə Rusiya çempionu olub. Moskva təmsilçisi ilə 2004/05 və 2005/06 mövsümündə Rusiya Kubokunun qalibi olan futbolçu 2004 və 2006-cı ildə qonşu ölkədə Superkuboka da sahib çıxıb. Xorvatiyalı ulduz 2004/05-ci mövsümündə Rusiya klubu ilə UEFA Kubokunu da əldə edib. 2009/10 mövsümündə "Bavariya" ilə Almaniya çempionu olan Oliç elə həmin ilə ölkə kubokunun və Superkubokun da da baş mükafatına sahib çıxıb.

2001/02, 2002/03 mövsümlərində Xorvatiya çempionatının bombardiri olub. 2002, 2003, 2009 və 2010-cu illərdə ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right