Velotrekdə "Olympic Moves" festivalı keçirilib

"Olympic Moves 2017" proqramı çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının iştirakı ilə Respublika Velotrekində velosiped idman növü üzrə məktəblərarası açıq turnir keçirilib.

Newsport.az-ın məlumatına görəTurnirdə iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov bildirib ki, turnirə Bakı şəhərinin 5 rayonu üzrə məktəblilər və ötən il "Olympic Moves" proqramı çərçivəsində keçirilən velosiped idman yarışının mükafatçıları cəlb olunub: "Bu gün Respublika Velotrekində bu layihənin proqramına daxil olan velosiped idmanı üzrə yoldaşlıq turniri təşkil olunub. Bu yoldaşlıq turnirinin məqsədi rayondaxili mərhələyə çıxacaq komandalar arasında rəqabəti gücləndirmək və yarışlara daha yaxşı hazırlaşmalarını təmin etməkdir".

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev məktəblilər arasında turnirə böyük marağın olduğunu diqqətə çatdırıb: "Biz açıq turnirdə 400 nəfər məktəblinin iştirakını nəzərdə tutmuşduq və elə o qədər sayda da şagird bu gün qeydiyyatdan keçdi. "Olympic Moves" proqramı çərçivəsində yarışlarda kütləvilik müşahidə olunur və bu bizi çox sevindirir".

"Olympic Moves" proqramının əsas məqsədi Avropa Oyunlarının idman irsini davam etdirərək məktəblilər arasında adı çəkilən idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam həyat tərzinə cəlb etməklə yanaşı, Olimpiya dəyərlərini təşviq etməkdir. Oyunlar 5 idman növü - voleybol, basketbol, badminton, velosiped idmanı və atletika növü üzrə Bakı, Sumqayıt, Gəncə və Göygöl şəhərlərinin məktəbliləri arasında keçirilir.

Qeyd edək ki, “Olympic Moves” proqramı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Oyunların ümumdünya tərəfdaşı “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. "Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right