Suraxanıda “Dövlət Bayrağı Günü” münasibətilə veloyürüş keçirilib

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə rayonda “9 noyabr - Dövlət Bayrağı Günü” münasibətilə veloyürüş keçirilib.

Newsport.az xəbər verir ki, yürüşdən əvvəl Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və velosipedçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, gəncləri və ictimaiyyətin nümayəndələri Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət etdilər.


Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.


Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Milli Məclisin deputatı  Sevinc Fətəliyeva da çıxış etdilər. Sonra Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”ndan velosipedçilərin yürüşünə start verildi. 100-dən çox velosipedçi dövlət bayrağı ilə “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğuna gəldilər. Bütün marşrut boyu və finiş nöqtəsində velosipedçiləri rayon sakinləri böyük coşqu və bayraqlarla salamladılar.


Velosiped yürüşünün təşkilində fəal iştirakına görə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah