Rio-2016: Velosipedçilərimiz hansı qaydalarla yarışacaq?

Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizin təmsil olunacağı idman növləri arasında velosiped idmanının iki - şosse və trek növləri var. 3 idmançıya 4 lisenziyanın qazanıldığı bu növlərdə Azərbaycanın idman şərəfini 2 qadın və 1 kişi idmançı qoruyacaq. Maksim Averin və Yelena Pavluxina hərəyə 1 növdə (şosse velosipedi, qrup yarışı) çıxış edəcəklərsə, Olqa İsmayılova 2 növdə (trek velosipedi, sprint və keyrin) medal qazanmağa çalışacaq.

Maraqlıdır, bəs bu növlər üzrə yarış reqlamenti nələri diqtə edir? İdmançılarımız Olimpiadada hansı şərtlər altında çıxış edəcəklər? Bu yazıda bütün bu suallara aydınlıq gətirməyə çalışacağıq.

Velosiped yarışları içərisində qaydalarının nisbətən asan başa düşüləni şosse velosipedidir. Xüsusən, Olimpiya Oyunlarının qrup yarışlarının birgünlük yarış olduğunu nəzərə alsaq, o zaman Maksim Averin və Yelena Pavluxinanın yarışacağı bu növü qısaca olaraq belə xarakterizə etmək olar: velosipedçilər hamısı qrup halında eyni anda start götürür, finiş xəttini keçdikləri vaxta və ardıcıllığa uyğun olaraq onların tutduqları yerlər müəyənləşir. Finiş xəttini bir neçə idmançı eyni vaxt göstəricisi ilə keçərsə, o zaman fotofinişə müraciət olunur. Fotofiniş kamerası finiş xəttinin üzərində quraşdırılır.

Olimpiadanın reqlamentinə əsasən, 144 kişi velosipedçi 236,5 km, 68 qadın iştirakçı 136,9 km masəfəyə qrup ötüşməsində mübarizə aparacaq.

Trek velosipedinin sprint və keyrin növlərinə gəlincə, burada qalibin müəyyən olunması bir neçə mərhələdə həyata keçirilir. Bu növlər üçün ümumi olan bir məqam hər 2 növdə qələbə uğrunda 27 velosipedçinin mübarizə aparmasıdır ki, onların arasında təmsilçimiz Olqa İsmayılova da var.

Başlayaq 200 metr məsafəyə sprint növündən. Reqlamentə görə, əvvəlcə 27 iştirakçının vaxt göstəricisini müəyyənləşdirmək üçün fərdi şəkildə təsnifat yürüşü həyata keçirilir. Onların içərisində ilk 18-lik 1/16 finala vəsiqə qazanır, ən pis göstəriciyə malik 9 nəfər isə yarışla elə ilk mərhələdəcə vidalaşır.

1/16 finala çıxan 18 nəfər bu mərhələdən etibarən bir-biri ilə yarışmağa başlayır. Kimin kimə rəqib olduğu isə idmançıların əldə etdikləri nəticəyə uyğun müəyyənləşdirilir: 1-ci 18-ci ilə, 2-ci 17-ci ilə və s. Yeri gəlmişkən, bu sistem yarışın sonunadək davam edir və bu səbəbdən də iştirakçılar hər mərhələdə özündən nisbətən zəif göstəriciyə malik rəqiblə düşmək üçün təsnifat mərhələsində mümkün qədər yaxşı nəticə göstərməyə çalışırlar.

1/16 finalda 9 cütlük bir yürüş həyata keçirir və qalib gələn velosipedçilər (9 nəfər) 1/8 final mərhələsinə vəsiqə qazanır, uduzan 9 nəfər isə təsəlliverici yürüşdə iştirak edir - onlar hər birində 3 nəfər olmaqla 3 qrupa bölünür. Hər qrupda finiş xəttini birinci keçən velosipedçi 1/8 finala çıxır.

Beləliklə 1/8 finala vəsiqə qazanmış 12 velosipedçi 6 cütlüyə bölünür və onların arasında bir yürüş təşkil olunur. Qalib gələn 6 nəfər 1/4 finalda iştirak hüququ əldə edir, uduzan 6 nəfər isə hər birində 3 nəfər olmaqla 2 qrupa bölünür. Hər qrupda finiş xəttini birinci keçən velosipedçi (2 nəfər) 1/4 finala çıxır.

Beləliklə, 1/4 finalda iştirak hüququ əldə edən 8 velosipedçi cütlüklərə bölünməklə yarımfinala, oradan isə finala çıxmaq uğrunda yarışırlar.

O ki qaldı keyrin yarışlarına, bu növdə 27 iştirakçı 3-də 7, birində isə 6 nəfər olmaqla 4 qrupa bölünəcək (6+7+7+7=27). Hər qrupda finiş xəttini ilk olaraq keçən 2 velosipedçi (8 nəfər) yarımfinalda iştirak hüququ əldə edir, uduzanlar isə (19 nəfər) yenidən 4 qrupa bölünür (4+5+5+5=19) və təsəlliverici yürüşdə mübarizə aparır. Bu dəfə yalnız hər qrupun qalibi (4 nəfər) yarımfinalın 8 iştirakçısına qoşulur.

Yarımfinal mərhələsində iştirak hüququ əldə edən 12 nəfər hər birində 6 nəfər olmaqla 2 qrupa bölünür. Hər yarımfinal yürüşündə ilk 3 yeri tutmuş velosipedçi (cəmi 6 nəfər) əsas finala vəsiqə qazanmaqla mükafatlar uğrunda mübarizə aparmaq şansı əldə edir, uduzanlar isə 7-12-ci yerlər uğrunda yarışırlar.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah