"Synergy Baku"dan daha bir uğur: 3 lider köynəyi və ən yaxşı komanda

Ölkəmizin "Synergy Baku" kontinental komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "Tour de Serbia" veloyarışında uğurlu çıxışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, 21 kollektivin iştirak etdiyi yarışın 123,6 km-lik 3-cü mərhələsində "Synergy Baku"nun üzvü, bu gün 35 yaşı tamam olan Matey Müqerli 3 qat uğurla yadda qalıb.

Məsafəni 3 saat, 9 dəqiqə, 9 saniyəyə qət edən Müqerli ən yaxın izləyicisini 2 dəqiqə, 31 saniyə qabaqlamaqla solo-finiş edib və mərhələ qalibi olub. Bu isə velosipedçimizə ümumi təsnifatda 12 pillə irəliləməklə 1-ci yerə qalxmağa və lider köynəyini əyninə geyinməyə imkan yaradıb. Hazırda vaxt baxımından Müqerliyə ən yaxın velosipedçi İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Aleks Turrindir - o, təmsilçimizə 2 dəqiqə, 12 saniyə uduzur.

Bundan başqa, 3-cü mərhələnin gedişi zamanı aralıq finişlərində daha inamlı təsir bağışlayan Matey Müqerli ən yaxşı sprinterlərin mübarizəsində də lider köynəyini ələ keçirib.

3-cü mərhələ komandamızın digər üzvü Matiya Kvasinanın ən yaxşı dağ velosipedçilərinin mübarizəsində liderliyini və müvafiq köynəyi qoruması ilə də yadda qalıb. Komanda hesabında isə "Synergy Baku" ən yaxın izləyicisini 10 saniyə qabaqlamaqla 1-ci pillədədir. Bu gün keçiriləcək 4-cü mərhələdə velosipedçilər yarışın ən uzun məsafəsini qət edəcəkər - 191,4 km. 6 günlük yarışa iyunun 19-da yekun vurulacaq.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah