Aleksandr Averinin oğluna böyük ümid bəsləyir “Biz həvəskar idik, amma o əsl peşəkardır”

Ölkədə inkişaf edən idman növlərindən biri də velosiped idmanıdır. Hər il “Tour d’Azerbaijan” veloyürüşünün uğurla təşkil olunması, “Synergy Baku”nun müxtəlif yarışlarda uğurlu çıxış etməsi, ən əsası yığma komandamızın üzvü Maksim Averinin Rio Olimpiadasına lisenziya qazanması fəaliyyətin doğru istiqamətdə olmasından xəbər verir.

Velosiped idmanının inkişafında Maksimin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, SSRİ yığma komandasının heyətində 1978-ci il Dünya Turunun qalibi olmuş, SSRİ-nin əməkdar idman ustası, SSRİ çempionatları və Kubokunun 6 qat qalibi, 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının iştirakçısı, Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Averinin də böyük rolu var.

 

Təcrübəli mütəxəssis Newsport.az saytına müsahibəsində həm oğlunun çıxışından, həm “Synergy Baku”dan, həm də velosiped idmanının inkişafından danışıb.

- “Synergy Baku”nun çıxışını necə dəyərləndirirsiz? 

- Bunu qiymətləndirmək üçün geriyə boylanmaq lazımdır. Apreldə “Tour of Croatia”da “Synergy Baku” həm fərdi, həm də komanda yarışında birinci yeri tutdu. “Synergy Baku” bununla sübut etmişdi ki, əsl komandadır. Xorvatiyaya getməzdə əvvəl Maksimlə Bakıda 10 gün məşq etdim. Mən həmişə demişəm ki, uğur əldə etmək üçün heç də ölkə xaricində toplanış keçmək şərt deyil. Əsas odu ki, idmançı düzgün məşq etsin. Məşqçi idmançının vəziyyətini dəqiq qiymətləndirsə, doğru istiqamət verə bilir. 3 hazırlıq prosesindən keçdik. Bizim zamanımızda məşq kilometrə görə hesablanırdısa, indi saata görə müəyyənləşir. Məsələn, oğlum mənə deyirdi ki, bu gün 6 saat məşq etməliyik. Biz avtomobillə onu izləyir, o isə bu müddət ərzində 160-170 kilometr məsafə qət edirdi. Bu qədər yüklənmə fonunda idmançıların özlərini itirməməsi çox yaxşıdır. Təsadüfi deyil ki, Maksim “Tour d’Croatia”da komandamızın heyətində ən yaxşı dağ velosipedçisi olmuşdu.

- Oğlunuzun İsmayıllıda finişi birinci keçməsi sizi təəccübləndirmədi?

- Maksim ötən il Bakı – İsmayıllı marşrutunu 4-cü pillədə başa vurmuşdu. Ancaq bu dəfə 7 kq çəki atmış və bəlkə də bu üzdən üzü yuxarı marşrutda ayağında güc qalmışdı. Nəticədə 2-ci mərhələnin qalibi oldu.

- Yaxın gələcəkdə “Synergy Baku”da daha çox yığma üzvünün yer alması mümkündür? Yoxsa bunun üçün hələ bir neçə il gözləməliyik?

- Samir Cəbrayılov “Tour d’Croatia”da komandanın heyətində yer almışdı. İlk iki mərhələdə heç də pis çıxış eləmədi. Ancaq gənc olduğu üçün hələ uzun marşrutda yüksək nəticə göstərməsi bir qədər çətindir. Bu idman növündə vacib amillərdən biri odur ki, gərək püxtələşəsən, böyük təcrübə qazanasan. Hansısa klubun heyətinə ən güclü velosipedçiləri yığmaq mümkün deyil. Heyətdə kimlərsə nisbətən zəif olmalıdı. Məşqçinin üzərinə düşən iş odu ki, zəifə uyğun vəzifə, köməkçi rol versin. Məhz belədə əsl komanda işi ortaya çıxır.

- 2012-dən velosiped idmanına diqqət və qayğı artırıldı. Buna qədər yetişən velosipedçilərin təməli düzgün qoyulmaya bilər. Ancaq şərait yaxşılaşandan sonra bu idman növüylə məşğul olanların daha düzgün yetişməsi realdır. Bu baxımdan yeniyetmə velosipedçiləri yaşca böyüklərdən daha perspektivli idmançı saya bilərik?

- Həm yeniyetmələrlə,həm də gənclərlə çalışıram. Ötən il noyabrın 27-dən özüm üçün gündəlik tutmuşam. Orda bütün perspektivli velosipedçilərin adlarını qeyd etmişəm və onları nəzarətdə saxlayıram. Noyabrdan bu yana 6000 km məsafə qət edən yeniyetmələr var. Bəzi yaşca böyük velosipedçilər heç il ərzində bu qədər məsafəni başa vurmur.

- Bölgələrdə bu idman növünün inkişafı necə gedir? Hansı bölgədən daha çox perspektivli velosipedçi yetişməkdədi?

- Bakıda bu iş uğurla gedir. 16 məşqçi velosiped idmanının sirrlərini yeniyetmələrə öyrədir. İki ehtiyat olimpiya komandası var. Bizim vaxtımızda Gəncədə və Sumqayıtda velosiped məktəbləri var idi. Dağlıq bölgələrdə bu idman növünü inkişaf etdirmək lazımdır. Çünki orda uşaqlar fiziki cəhətdən daha dözümlü olurlar və qısa müddətdə yaxşı nəticə verə bilirlər. Rəhbərlik bölgələrdə velosiped idmanının inkişafı üçün çox çalışır. Hətta müraciət etmişdim ki, məni buraxın, İsmayıllıda bir müddət çalışım. Amma məni buraxmadılar (gülür). Dedilər ki, bir az döz, İsmayıllıda velosiped zavodu işə düşsün, sonrasına baxarıq. Eşitdiyimə görə, artıq alıcılar da hazırdır. Minlərlə velosiped sifariş verənlər olub.

 

 

- Maksim Olimpiadaya lisenziya qazanıb. Medal qazanmaq şansı var?

- Şans həmişə var. Kim deyərdi ki, London Olimpiadasında Qazaxıstanı təmsil edən Aleksandr Vinokurov qızıl medal qazanacaq? Kimin maliyyə imkanı daha yaxşıdırsa, onun medal əldə etmək şansları da daha yüksəkdi. Çünki maliyyə problemi yaşamayan velosipedçi yüksək səviyyəli təlim-məşq toplanışı keçə bilir. Əvvəllər Olimpiadalarda həvəskar velosipedçilər də iştirak edirdisə, indi yalnız peşəkarlar qüvvəsini sınayır. Düzdü, bu, heç də əsas deyil. Olimpiya Oyunlarında hər kəs medal qazana bilər.

 

 

- Oğlunuzun Rio-2016-ya hazırlıq planı necədir?

- Onun şəxsi məşqçisi var və hazırlıq planını heç mənə göstərmir. Maksim məşqlərə çox ciddi köklənib. Velosipedçilər Olimpiadada 200 km şəhər ətrafında məsafə qət etdikdən sonra Rio de Janeyroda hər biri 22 km-dən ibarət olan dövrələr vuracaqlar. Marşrut daxilində 8-12 dərəcəli yüksəkliyə doğru hərəkət də var. Maksim məşqlər zamanı velosipedinin ön təkərinə xüsusi cihaz yerləşdirir. Həmin cihaz vasitəsiylə vattla hesab aparılır və bu da imkan verir ki, Olimpiada marşrutu üçün göstəricilərini modelləşdirsin. Bu yolla harda necə hərəkət etməli olduğunu müəyyənləşdirir.

- Oğlunuzun əsas çatışmazlığı nədən ibarətdi?

- Sadəcə, daha çox yarışda qələbə qazanmaqda (gülür). Velosiped idmanında vəziyyət belədir ki, dağlıq ərazidə yaxşı sürənlər düzənlikdə sprinter bacarığına sahib olmur və yaxud da əksinə. Ancaq Bredli Uinqs kimi nadir idmançılar da var. Britaniyalı velosipedçi Londonda trek üzrə olimpiya çempionu olduqdan sonra “Tour d’France”ın qalibi oldu. Bunun üçün 8-9 kq arıqlamışdı. Çəkini yarışlara görə nizamlamaq da vacib şərtdir. Amma hər kəs universal ola bilmir.

- Valideynləri velosipedçi olan övladın başqa idman növüylə məşğul olmaq şansı var idi?

- Biz həvəskar idik, amma o əsl peşəkardır. Biz onu bu idman növü ilə məşğul olmağa məcbur etməmişik. Ancaq hər zaman velosiped idmanının ətrafında tutmuşuq. Uşaq yaşlarında bağ evimizə gedəndə hansısa təqaüdçünün velosipedlə hərəkət etdiyini görəndə onu keçməyə çalışırdı. Üzgüçülük və yüngül atletika ilə də məşğul olub. Məşqçiləri deyirdi ki, onsuz da Maksim valideynləri kimi velosipedçi olacaq. Cavab verirdim ki, bu, özünüzdən asılıdı. Əgər maraq yarada bilsəniz, bu idman növündə qalacaq. Amma vəziyyət elə gətirdi ki, Maksim valideynlərinin yolu ilə getmək qərarına gəldi.

 

 

- SSRİ dağıldıqdan sonrakı keçid dövründə ölkəmizdə velosiped idmanı diqqətdən kənar qaldı. Bu əlaqə qırılmasaydı, daha yüksək yerlərə çıxa bilərdik?

- 1991-də Sovet İttifaqı dağılanda hər şey yerlə bir oldu. Yiyəsizlik, hərc-mərclik var idi. O zaman Ukraynadaydım. Elə məşqçilər var ki, nə qədər pul versən də işləməz. Eləsi də var ki, pulsuz da işləyər. Bu damarda axan qandan qaynaqlanır. SSRİ dağılandan sonra velosiped idmanına bağlı olan insanlar bu sahədən ayrılmadılar. Əməklərini ortaya qoydular. İndi elə vəziyyət yaranıb ki, yalnız və yalnız işləmək lazımdır.

 

 

- Yaşlı insanlar daha çox əvvəlki Bakının həsrətini çəkir. Bəs siz hansı Bakını daha doğma hesab edirsiz?

- Mənim üçün paytaxtımız hər zaman doğma olub. Hər zaman Bakını da, digər bölgələrimizi də sevmişəm və sevəcəm.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah